Məhkəmə qərarları › İş №2(071)-541/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-541/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-541/2025 09.09.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh 20.000 manat məbləğində borc pulun və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 150 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 2022-ci ildən tanıyır. Həmin vaxt o, Şirvan şəhərində yerləşən “001” kafedə ofisiant kimi işləyirdi. Ağasif isə həmin kafedə müdir kimi çalışırdı. Sonradan onunla Ağasif arasında səmimi münasibətlər yaranmışdır. Bir gün Ağasifə özünə avtomobil almaq istədiyini, bir qədər işləyib 10.000 manat pul yığdığını bildirmişdir. 2022-ci ilin sonlarında Ağasif ona əlində olan 10.000 manat pulu verməsini və əvəzində ona “Hyundai” markalı avtomobil alacağını bildirmişdir. O, buna inanıb həmin pulu Cavabdeh vermişdir. Lakin, müəyyən müddət keçməsinə baxmayaraq o, həmin avtomobili almamış və aldığı pulu qaytarmamışdır. Hər dəfə mövzu açıldıqda Ağasif ona avtomobili alacağını bildirmişdir. Daha sonra İddiaçı 1 il ərzində Cavabdeh yenidən 3000 manat pul ödəmişdir. Yaranmış çoxsaylı mübahisələrdən sonra xx.xx.2024-cü il tarixdə Cavabdeh ona “Chevrolet Cruze” markalı avtomobil vermişdir. Cavabdeh avtomobili ona aldığını, lakin sürücülük vəsiqəsi olmadığına görə öz adına rəsmiləşdirdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə o, avtomobili idarə edən zaman avtomobilin mühərriki nazas hala düşmüşdür. Cavabdeh həmin avtomobili təmir etdirib ona geri qaytarmışdır. 2024-cü ilin aprel aylarında İddiaçı özünə sürücülük vəsiqəsi almış və Ağasifdən avtomobili onun adına rəsmiləşdirməsini xahiş etsə də, sonuncu müxtəlif bəhanələr gətirərək avtomobili adına rəsmiləşdirməkdən imtina etmişdir. Bundan sonra, iddiaçı həmin avtomobilin kreditlə rəsmiləşdirildiyini müəyyən etmiş, Ağasif isə krediti ödədikdən sonra avtomobili onun adına rəsmiləşdirəcəyini bildirmişdir. O, kreditlə maraqlandıqdan sonra məlum olmuşdur ki, 13.000 manat dəyərində olan avtomobilə 30.000 manat kredit ödənilməlidir. Bundan sonra, Cavabdeh ona torpaq sahələrinin olduğunu və həmin torpaq sahələrini satıb ona verdiyi 13.000 manat pulu ödəyəcəyini söz vermişdir. Bundan sonra, o, Ağasiflə avtosalona gedib yenidən “Chevrolet Cruze” markalı avtomobil almış və razılaşmışdır ki, Ağasif avtomobilin kreditin ödəyəcək avtomobil isə İddiaçı, yəni onun adına rəsmiləşdiriləcək. O, avtomobili 3 ay idarə etdikdən sonra salonun işçiləri avtomobili əlindən alaraq, Ağasifin heç bir ödəniş etmədiyini bildirmişdir. Ağasiflə yenidən mübahisələri olmuş, bu zaman o, bildirmişdir ki, əlavə 7.000 manat məbləğində pul verərsə 20.000 manat dəyərində olan “Hyundai Elantra” markalı avtomobili ona alacaqdır. İddiaçı buna inanıb yenidən ona 7.000 manat pul vermişdir. Daha sonra ona məlum olmuşdur ki, həmin pulları Cavabdeh öz şəxsi ehtiyyacları üçün xərcləmişdir. Aralarında olan mübahisələrdən sonra Ağasif ona 900 manat pul qaytarmış və özünü videokamera vasitəsilə videoya çəkib ona borclu olduğunu etiraf etmişdir. 2024-cü ilin noyabr ayında Ağasif ona telefon vasitəsi ilə zəng edib harada olduğunu soruşmuş və bildirmişdir ki, borcunu qaytaracaqdır. O, Cavabdeh Şirvan şəhərində “kənd evləri” adlanan yaşayış massivində gözləmiş, lakin Ağasif gəldikdən sonra pulu gətirmədiyini və onu aldatdığını müəyyən etmişdir. O, bütün baş vermiş hadisələr barədə Şirvan şəhər Polis Şöbəsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə Şirvan şəhər X3 Bölməsində “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Beləliklə, cavabdehin ümumilikdə ona 20.000 (iyirmi min) manat pul borcu vardır. Hazırda o, müxtəlif bəhanələr gətirərək həmin pulu geri qaytarmır. İddiaçı cavabdehdən verdiyi pulu ala bilmədiyinə və yaranmış mübahisəni məhkəmədən kənar həlli istiqamətində gördüyü tədbirlər bir nəticə vermədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında ərizəsində göstərilənləri müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, cavabdehə verdiyi 7000 manat pulu lombarddan götürərək, 2 hissədə vermişdir. Faiz ilə birlikdə isə ümumi borc 9000 manat təşkil edir. Əsas borc 7000 manat, faiz borcu isə 2000 manatdır. 13.000 manatı isə işlədiyi yerdə vermişdir. Cavabdeh özü bu barədə kafenin dəftərinə və şəxsiyyət vəsiqəsinin surətinə yazmışdır. 13.000 manatı birdəfəyə deyil, hissə-hissə vermişdir. 2022-2023-cü illərdə 13.000 manat, 2024-cü ildə 7.000 manat vermişdir. İlk dəfə taksi sürücüsü və ofisiantın yanında ***-**** manat civarında cavabdehə pul vermişdir. Cavabdeh kafenin dəftərində bu barədə qeydlər etmiş, dəftəri isə özü yazmışdır. Cavabdeh onun adından 4 ay kredit ödəniş etmişdir. Cavabdehin Sürəyya adlı xanıma olan borc məbləğindən də özü şəxsən ödəniş etmişdir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, hazırda Cavabdeh ona olan borcu 12.100 manat əl borcu və 6.240 manat lombard borcundan ibarətdir. İddia tələbinin həmin hissədə təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında İddiaçı qeyd etdiyi xüsusatları təsdiq edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, borcun etirafı ilə bağlı əlyazması olsa da, bu onun təhdid olunmağı ilə baş tutmuşdur. Ona lombard vasitəsilə əldə edilən vəsaitdən iddiaçı 7000 manat deyil, 2000 manat pul vermişdir. 13.000 manat isə ona bütöv şəkildə deyil, xırda-xırda verilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, iddiaçı ilə bir yerdə işləmişdir. Sonra isə avtomobil almışdır. Lombard vasitəsilə götülən 2000 manat müqabilində aylıq 420 manat olmaqla, cəmi 4 ay ödəniş etmişdir. Borcun etirafı ilə bağlı videoçəkiliş ilə bağlı isə bildirmişdir ki, bu onun təhdid olunmağı ilə baş tutmuşdur. Lakin bununla bağlı hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Hazırda iddiaçıya heç bir borcu yoxdur. Onun iddiaçıya borcu qaytarmağı barədə sübutu yoxdur. İddiaçıya borcu olmuş, amma ödəniş etmişdir. Borcun etirafı ilə bağlı yazını özü yazmışdır. Verilmiş suallara əsasən o, əlavə olaraq bildirmişdir ki, video görüntüdəki etirafına əsasən həqiqətən borcu olmuşdur, həmin görüntüdən sonra ödəniş həyata keçirs də buna dair sübut təqdim edə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, hərbiçidir. Mülki iş materiallarında olan 01 ədəd CD diskdəki videogörüntünü o özü çəkmişdir. O, İddiaçı və Cavabdeh aralarında borc pul mübahisəsi olduğunu bilmişdir. Tərəflərdən əvvəlcə Ağasifi, daha sonra isə Sevili tanımışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Ağasifin Sevildən borc pul istəməsinin şahidi olmamış, sadəcə olaraq onlar arasında belə bir mübahisənin olmasını eşitmişdir. Ağasif ondan Sevili sakitləşdirməsi, ona olan borcunu tez bir vaxtda ödəyəcəyi əsası ilə onun barəsində şikayət (ərizə) yazmaması barədə köməklik göstərməsini xahiş etmişdir. Ağasifin ondan belə bir şey xahiş etməsinin əsas səbəbi isə tərəflərin hər ikisi ilə də münasibətlərinin yaxşı olması idi. Nəticədə belə də olmuş, o, Ağasifin xahişi əsasında Sevilin yanına getmiş, ona polisə şikayət etməməsini, Ağasifin yaxın zamanda ona olan borcunu ödəyəcəyini, bu səbəblə biraz daha səbrli olmasını xahiş etmişdir. Sevil isə cavabında Ağasifin ona borcu olduğunu inkar edə bilməməsi üçün videoçəkiliş aparmasını xahiş etmişdir. Həmin videoçəkilişin aparılması üçün təhdid və şantaj olmamış, könüllü razılıq əsasında aparılmışdır. Sözügedən çəkilişdən əvvəl tərəflər arasında videoçəkilişin sübut məqsədilə aparıldığını, buna görə də, Ağasifin Sevilə olan borcunu etiraf etməsinin zəruri olduğu barədə qısa söhbət aparılmışdır. Bundan əlavə bildirmişdir ki, o, videoçəkilişdən təxminən 1-2 ay sonra Ağasifə pul göndərmiş, həmin pulun Sevilə olan borcunu ödəməsi üçün kömək məqsədilə vermiş, pul məbləği isə təxminən 100-110 manat aralığında olmuşdur. Lakin, sözügedən pul məbləğinin həqiqətən də, Ağasif tərəfindən Sevilə verilməsinin şahidi olmamış, pulun hansı məqsədlə istifadə edilməsini bilməmişdir. Həmçinin qeyd etmişdir ki, Ağasif Sevilə borcun qarşılığında avtomobil almış, həmin avtomobili Sevilə vermiş, lakin avtomobilin ödənişi Ağasif tərəfindən ödənilmədiyindən sonradan avtomobil geri alınmışdır. Hazırda Cavabdeh İddiaçı olan ümumi borcu barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, tərəflərin hər ikisini müştəri kimi getdiyi kafedən, Cavabdeh isə daha yaxından tanıyır. Onlar arasında səmimi münasibətlərin olmasını bilmiş, lakin onlar arasında borc pul məsələsi olduğunu uzun müddət bilməmişdir. Ancaq ötən ay bundan xəbəri olmuşdur. Hazırda Cavabdeh İddiaçı olan ümumi borcu barədə məlumatı yoxdur. Əvvəlki məhkəmə iclasında (xx.xx.2025) şahid qismində dindirilmiş Şahid2 ifadəsinə bildirmişdir ki, o, Hacıqabul rayonu ərazisində “Badə Pub” adlı kafe işlədir. Cavabdeh onun qonşusudur. İddiaçı isə onunla işləyən qadın kimi tanıyır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Sevil və Ağasif arasında pul alınıb-verilməsi ilə bağlı heç nəyə şahid olmamışdır. Ancaq Ağasif ona bir gün zəng etmiş və bildirmişdir ki, Bakı şəhərinə gedərək Sevil üçün avtomobil almalıdırlar. O, Ağasif ilə birlikdə getmiş, lakin avtomobilə nə qədər pul verilməsi onun yadında qalmamışdır. Bir gün “Qədirxum” istirahət mərkəzində olarkən Ağasif ilə rastlaşmış və Ağasifin kefsiz olduğunu görmüşdür. Səbəbini soruşduqda isə ona bildirmişdir ki, Sevil onların evinə getmişdir. Bundan sonra, o da Sevildən xahiş etmişdir ki, Ağasifin yaşadığı evə getməsin. O, Sürəyya adlı qadını kafedən tanımış, Sürəyyadan təxminən 500-700 manat məbləğində borc alaraq, Ağasifə vermişdir. Ağasifin iddiaçıya borclu olduğunu eşitmişdir. X6 çayının üzərində yerləşən körpüyə apardığını dedikdə Ağasifin özünü körpüdən atacağı məlum olmuşdur. Əvvəlki məhkəmə iclasında (xx.xx.2025) şahid qismində dindirilmiş Şahid3 ifadəsinə bildirmişdir ki, İddiaçı Cavabdeh pulları verən zaman o, bunun şahidi olmuş, Ağasif pulları ona qaytaracağını bildirmişdir. Pulların verilməsi müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə olmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun həm iddiaçı, həm də cavabdeh ilə yoldaşlığı olmuşdur. Mülki iş üzrə tərəflərdən əvvəlcə Ağasifi, sonra isə Sevili tanımışdır. Sevil ilə Ağasif arasında münasibətin olmasını bilmişdir. Sevil lombarddan pulu götürüb Ağasifə vermişdir. Lombarda olan ödənişləri isə özü şəxsən dəfələrlə Sevil verdiyi pul ilə ödəmişdir. Sonradan isə özü Rusiyaya getmişdir. Lombarda olan ödənişləri etməsinin səbəbi isə Sevilin ora gedə bilməməsi olmuş, buna görə də borcu ödəməsi məqsədilə Sevil ona pul vermişdir. Hər ay 300-400-500 manat aylıq lombarda pul ödəyirdi. Həmçinin, Ağasifin Sürəyya adlı qadına da borcu olmuş, həmin borc məbləğini isə Sevil ödəmişdir. İddiaçı avtomobil alınan zaman onun bundan xəbəri olmamışdır. Sevil lombarddan götürdüyü bütün pulları Ağasifə vermiş, özündə pul saxlamamışdı. Amma məbləğin nə qədər olması barədə məlumatı yoxdur. Ağasif özü də etiraf edirdi ki, lombarddan götürülən pulları Sevil Ağasifə vermişdir. Ağasifdən pul alıb Sevilə qaytarmamış, Ağasifin Sevilə borcunu qaytardığını da eşitməmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, SH1045 saylı təminatlı borc və saxlama girovu haqqında müqaviləyə 1 saylı əlavədə olan ödəniş cədvəlindən müəyyən edilmişdir ki, borcverən X2 (VÖEN **********) borcalan İddiaçı 24 ay müddətinə, aylıq ödəniş 386,90 manat olmaqla, 6213 manat məbləğində kredit vermişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(071)-541/2025 saylı qərardadı ilə Hacıqabul Rayon Məhkəməsinin icraatında olan 2(071)-541/2025 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixli SH1045 saylı təminatlı borc və saxlama girovu haqqında müqavilə, həmçinin hesabdan çıxarış, maliyyə arayışı və borcun mövcud olub-olmamasını təsdiq edə biləcək digər sənədlər məhkəməyə təqdim edilməsinin təmin edilməsi qərara alınmış, qərardadın icrası X1 (VÖEN **********) həvalə edilmişdir. Qərardadın icrası ilə bağlı X2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla təminatlı borc və saxlama girovu haqqında müqavilə, kredit ödənişləri haqqında məlumat və borcun olub-olmaması barədə arayış məhkəməyə təqdim edilmişdir. Borcun olmaması barədə xx.xx.2025-ci il tarixli arayışdan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli, SH1045 saylı təminatlı borc və saxlama girovu haqqında müqaviləyə əsasən İddiaçı xx.xx.2024-cü il tarixd6 6213 manat məbləğində kredit ayrılmış, həmin müqavilə üzrə borc xx.xx.2025-ci il tarixdə tam ödənilmişdir. Hazırda İddiaçı borcu yoxdur. Şirvan şəhər Polis Şöbəsinin müstəntiqi Mikayıl Rüstəmov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qəraradan müəyyən edilir ki, İddiaçı və Cavabdeh əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmiş, İddiaçı pul tələbi barədə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh məxsus şəxsiyyət vəsiqəsinin surəti əks olunan 01 ədəd A4 formatındakı vərəqə yazılmış əl yazmasından müyyən edilir ki, Cavabdeh İddiaçı 13.000 manat məbləğində əlbəəl borc və sonuncuya məxsus 7.000 manat dəyərində olan qızıl-zinət əşyalarını isə lombarda qoyaraq pul götürmüşdür. xx.xx.2024-cü il tarixdən 18 ay olmaqla, hər ay 420 manat ödəyəcəkdir. Həmin ilin oktyabr ayından etibarən 13.000 manat borc pul məbləğindən 2000 manat vermiş, qalan məbləği isə hər ay 700 manat olmaqla ödəyəcəyini qeyd etmişdir. Sonda Cavabdeh yazısını öz imzası ilə təsdiq etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusu əsasında Şirvan ŞPŞ-nin xx.xx.2024-cü il tarixli, HK-1/2801 saylı araşdırma materialları məhkəməyə təqdim edilmişdir. Materiala əlavə edilmiş Cavabdeh Şöbəyə verdiyi izahatında müəyyən edilir ki, o, 2022-ci ildə Şirvan şəhərində “001” adlı kafedə işlədirdi. Həmin vaxtlarda da Sevil iş üçün işlətdiyi kafeyə gəlmişdi. Sevil işlətdiyi kafedə işə başladığından Sevillə münasibəti yaranmışdır. Bir müddət sonra isə Sevillə sevgili kimi yaxın münasibətə başlamışdır. Münasibətləri olduğundan bir neçə dəfə Sevil ona pul verməyə başlamışdır. Sevil “001” adlı kafenin bir neçə ay aylıq ödənişini ödəmişdir. Lakin, sonradan münasibətləri pozulduğundan Sevil həmin pulları geri tələb eləməyə başlamışdır. Sonradan isə Sevil ona avtomobil almasını istəmişdir. Ona görə də, 28 mart 2024-cü il tarixdə Sevilə kreditlə “Chevrolet Cruze” markalı avtomobil almışdır. Həmin avtomobili almaq üçün 2200 manat ilkin ödəniş pulu ödəmiş və aylıq olaraq 750 manat ödəniş etməyə razılaşmışdır. 3 ay muddətində həmin avtomobilin ödənişlərini ödəmişdir. Sonra isə avtomobilə texniki qulluq mərkəzinə aparmadığından, həmçinin avtomobilə texniki qulluq etmədiyindən avtomobilin xərcləri yaranmağa başlamışdır. Sevillə birlikdə avtomobili aldığı “109” adlı avtomobil servisinə getmişdir. Orada avtomobilə baxdıqdan sonra avtomobilin 800 manat xərci olduğu bildirilmişdir. O, Sevilə maşını özü sürüb xarab etdiyi üçün təmir pulunu özünün verməsini bildirmişdir. Lakin, Sevil razılaşmayıb avtombilin təmir pulunu ödəməmişdir. Ona görə də, həmin avtomobil servis tərəfindən Sevilə qaytarılmamışdır. Avtomobil Sevildən alındıqdan sonra Sevil yenidən onunla mübahisə etməyə başlamış və ona yenidən avtomobil almasını istəmişdir. O, məcbur qalıb yenidən 1400 manat ilkin ödəniş ödəyib yenidən Sevilə “Chevrolet Cruze” markalı avtomobil almışdır. İkinci aldığı avtomobili Sevilin adına rəsmiləşdirmişdir. Həmin avtomobilə görə də 2 ay 750 manat olmaqla, ümumilikdə 1500 manat ödəniş etmişdir. İki aydan sonra avtomobil yenidən servisə aparılmış və avtomobilin 1100 manat xərcinin olduğu bildirilmişdir. Sevil həmin pulu da ödəmədiyindən ikinci aldığı avtomobil də servis tərəfindən Sevildən geri alınmışdır. Sonradan Sevil ondan pul tələb eləməyə başlamışdır. Sevil ona borclu olduğu pulu qaytarmayacağı halda yaşadığı ünvana gedərək ailəsinə bu barədə danışacağını demişdir. Sevil ona borclu olduğunu videokameraya vasitəsilə çəkməsini, çəkməyəcəyi halda isə ailəsinə bu barədə bildirib onu biabır edəcəyini demişdir. Nəticədə o, özünü kamerada qeydə alıb Sevilə pul borclu olduğunu demişdir. Bundan sonra, Sevilin banka olan borcundan 4 ay müddətinə aylıq 420 manatdan, bir ay 180 manat pul ödəmişdir. Lakin sonradan imkanı olmadığından Sevilə pul ödəyə bilməmişdir. İddiaçı tərəfindən məhkəmə sübut qismində təqdim edilmiş 01 ədəd CD disk “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə qeydə alınmış 02 ədəd audio və video yazılardan ibarətdir. Həmin audio-video yazısının birincisindən müəyyən edilir ki, iddiaçı cavabdehə əvvəl münasibətləri olmayanda da borc verdiyini, faiz alıb verdiyini, Cavabdeh pullara görə faiz vermədiyini, 13.000 manatın qarşılığında maşın alacağını söz verdiyini, hər bir halda cavabdehin 4-5 min manat xeyri olduğunu, cavabdehin ev işində 2000 manat verəcəyini və həmin puldan cəmi 900 manat verdiyini, 7000 manat lombard borcundan 500 manat iddiaçıya, 6500 manat isə cavabdehə aid olduğunu, lombarda qoyulan qızılların dəyərinin 6500 manatdan çox olduğunu demişdir. Cavabdeh bu sözləri qısa ifadələrlə təsdiq etmişdir. Cavabdeh qızılın pulunu ayda 420 manat olmaqla, 2 ayın pulunu ödədiyini, 16 ayı qaldığını bildirmişdir. 13.000 manat puldan 900 manat verdiyini 12.100 manat qaldığını, ayın 15-dən 15-nə lombard borcunu, 30-dan 30-na isə 500 manat iddiaçıya olan əl borcunu ödəyəciyini demişdir. İddiaçı ondan onun ailə üzvlərinin onu narahat etməməsini, ölkəni tərk etməməsini, borcunu vaxtında ödəməsini istəmiş, cavabdeh qeyd olunan tələblərə etiraz etməmişdir. CD diskdə olan ikinci audio-video yazısından görünür ki, Cavabdeh maşını 36 aylıq kreditlə götürmüşdür. 6 ay müddətində 6000 manat ödənilmişdir. Nəticədə maşının borcundan 24000 manat pul qalmışdır. İddiaçıya 13.000 manat borcu vardır. Maşına servisdə verilən pul, ustanın zəhmət haqqısı 1300 manata yaxın məbləğdə pul verilməlidir. Bu pullar iddiaçının öhdəliyindədir. Cavabdeh iddiaçının 24.000 manat pulu deyil, iddiaçıya olan 13.000 manat borc pul məbləğini ödəmək barədə təklifi ilə razılaşmışdır. İddiaçı ondan əvvəlcədən nə qədər pul ödəyə biləcəyini soruşmuş və cavabında Cavabdeh ona hazırda pulu olmadığını, lakin gələn aydan 2-3 min manat, daha sonra qalan məbləği isə hissə-hissə ödəməyə razı olduğunu bildirmişdir. İddiaçının sualına cavab olaraq maşının kreditinə aylıq 750 manat ödədiyini, gecikdirilən günə görə 10 manat da əlavə ödənildiyini demişdir. İddiaçıya aylıq 700 manat ödəyəcəyini öhdəliyinə götürmüşdür. Lombarda 7552 manat borcları vardır və ayın 19-dan 19-na ödəniş həyata keçirilir. Lombard borcunun 1500 manatı cavabdehə 500 manatı iddiaçıya aiddir. Əvvəlki lombard borcu ilə birlikdə ümumilikdə 7552 manat pulun 500 manatını iddiaçı qalanını cavabdeh ödəməli olduğu danışıqlarda öz əksini tapmışdır. Bundan başqa, tərəflər maşını qaytarıb-qaytarmamaq barədə bir-birləri ilə qısa müzakirə etmişdir. Yekunda cavabdehin aylıq 700 manat iddiaçıya, 420 manat lombard borcuna ödəyəcəyi barədə razılıq əldə olunmuşdur. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz olaraq qeyd etmişdir ki, İddiaçı məhkəməyə müraciət edərək 2022-ci ildə onu tanıyaraq münasibətləri yarandığını bildirərək onun vasitəsilə maşın aldığını bildirmişdir. O, bir qədər işləyərək 10.000 manat pulu ona verərək maşın aldığını bildirmişdir. İddiaçı ərizədə cürbərüc fikir bildirmişdir. Güya ki, ona 20.000 manat məbləğində borcu qalmışdır. Qeyd etmişdir ki, 2022-ci ildə kafedə tanış olmuş, kafedə ofisiant işləyirdi. 2024-cü il mart ayında o, 2300 manat ilkin ödəniş verib onun üçün maşın almışdır. 3 ay 750 manat pul ödəmişdir. Sonra maşını yararsız vəziyyətə salmış, maşını əlindən almışdırlar. Üstündən 1 ay yarım keçmiş sonra yenidən ilkin ödənişlə 1400 manat verib maşın almışdır. Aylığı 750 manat olmaqla, 3 ay 750 manat ödəmişdir. Yenə də iddiaçı maşını yararsız hala salmışdır. İddiaçı cavabdehin ona maşın almasını inkar edir. Əgər lazım olarsa dostu Etibar şahid qismində məhkəmədə iştirak edə bilər. İddiaçı məhkəməyə ərizə yazaraq bildirir ki, özü güya bankdan 7000 manat pul götürərək ona verib. Bu tamamilə yanlış hesab edir. 2000 manat bankdan pul götürərək həmin pulun 1100 manatını ona vermiş, qalan pulu isə özü götürmüşdür. Şahidləri vardır. Ehtiyac olunarsa məhkəmədə iştirak edə bilərlər. O, 1100 manatı 4 ay 420 manat, 1 ay isə 180 manat olaraq İddiaçı ödəmişdir. Sonra 2024-cü ildə onlar Navahı restoranında işləyən vaxt ona 1000 manat, 700 manat və 1350 manat pul vermişdir. Yuxarıda göstərilən sənədlərə uyğun olaraq iddiaçının verdiyi iddia əsassız hesab edir və iddianın təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Məhkəmənin araşdırmalarından müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2022ci ildən tanış olmuş və aralarında şəxsi münasibətlər formalaşmışdır. Bu münasibət nəticəsində iddiaçı etimad göstərərək müxtəlif vaxtlarda cavabdehə əhəmiyyətli məbləğdə pul vəsaiti vermişdir. Əvvəlcə o, 13.000 manat nağd pul təqdim etmiş, daha sonra isə 7.000 manat dəyərində qızıl-zinət əşyalarını lombarda qoyaraq pul alıb, 6500 manatını cavabdehə vermiş, həmin pulun 500 manatını isə iddiaçı özünə götürmüşdür. Beləliklə, ümumilikdə 19.500 manat məbləğində vəsait cavabdehin istifadəsinə verilmişdir. Bu vəsaitin qaytarılması barədə tərəflər arasında şifahi razılaşma olmuş, cavabdeh isə müxtəlif vaxtlarda borcu ödəyəcəyini vəd etmişdir. İş materiallarında araşdırılmış cavabdehin öz əli ilə yazaraq imzaladığı xx.xx.2024-cü il tarixli borc etiraf vərəqi, “WhatsApp” messenceri vasitəsilə qeydə alınmış audio-video yazılar, həmçinin şahidlərin məhkəmə iclaslarında verdiyi ardıcıl ifadələr cavabdehin borcu qəbul etdiyini və qaytarmaq öhdəliyini təsdiqləmişdir. Lakin cavabdeh yalnız məbləğin kiçik hissəsini geri qaytarmış, qalan vəsaitin ödənilməsi ilə bağlı müxtəlif bəhanələr gətirmişdir. İddiaçının lombard vasitəsilə faizlə əldə etdiyi vəsaitlər üzrə ödənişlərin bir hissəsini özü icra etməsi, cavabdehin isə yalnız az miqdarda ödəniş etməsi sübutlarla təsdiq olunmuşdur. Cavabdehin borcu tam ödədiyi və ya borcu etiraf etməsinin təzyiq altında baş verdiyi barədə bəyanatları araşdırmalarla təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. Beləliklə, araşdırılmış sübutlar - tərəflərin izahatları, şahid ifadələri, yazılı və audiovideo materialların ümumi dəyərləndirilməsi nəticəsində məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıdan ümumilikdə 19.500 manat məbləğində borc almış, lakin bu məbləğin yalnız 1160 manatını faktiki olaraq qaytarmışdır. Bu məbləğə 900 manat nağd ödəniş və lombard borcu üzrə cavabdeh tərəfindən qarşılanmış hissəvi ödənişlərlə birlikdə 260 manat daxildir ki, bunlar iş materiallarında və tərəflərin məhkəmə iclasındakı ifadələrində təsdiqini tapmışdır. Qalan hissə ilə bağlı cavabdeh borcun tam qaytarıldığını sübut edən hər hansı etibarlı sənəd təqdim etməmiş, borcu bağladığı və ya borcu təhdid altında etiraf etdiyi barədə iddiaları isə məhkəmə tərəfindən əsassız sayılmışdır. Bu səbəbdən məhkəmə iddianın yalnız sübut edilmiş hissəsinin təmin olunmasını məqsədəuyğun hesab edir. Beləliklə, ümumi 19.500 manatlıq borc məbləğindən cavabdehin faktiki ödəniş etdiyi 1.660 manat çıxıldıqdan sonra qalan 18.340 manat əsas borcun iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, pulun tutulması ilə bağlı iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olan 150 manat pulun tutulması hissəsində də iddia tələbi qismən təmin edilməli və 145,02 manat pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 18.340 (on səkkiz min üç yüz qırx) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 145,02 (yüz qırx beş manat iki qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18.340 (on səkkiz min üç yüz qırx) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 145,02 (yüz qırx beş manat iki qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar