Məhkəmə qərarları › İş №2(071)-542/2021

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-542/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-542/2021 19.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və digər vərəsələr Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh1 və digər vərəsələr Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 20.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə X4 arasında bağlanmış 05.09.2019-cu il tarixli kredit müqavilə üzrə yaranmış 9.924,23 manat əsas borc, 0,01 manat faiz borcu, ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 9.954,64 manat pulun mərhum borclu X2 qanun üzrə vərəsələri olan cavabdeh - arvadı Cavabdeh1 və övladları - xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh2 və xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin direktoru Elvin Məmmədov 15.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 və digər vərəsələr Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ailə Məcəlləsinin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh (digər vərəsələr Cavabdeh2 və Cavabdeh3 qanuni nümayəndəsi) Cavabdeh1 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının iddianı müdafiə etməsinə dair ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə X4 arasında bağlanmış 05.09.2019cu il tarixli BPM**********59 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti X1na 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 11.000 manat kredit vermişdir. X4 05.09.2019-cu il tarixli kassa məxaric orderlərinə imza etməklə 5.000 manat və 5.890 manat vəsaiti "xxxx" ASC-nin Müştəri Xidməti Departamentindən şəxsən almışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. X1 09.12.2019-cu il tarixdə vəfat etmişdir. "xxxx" ASC mirasın açıldığı yer üzrə notariat kontorlarına müraciət etmişdir. Hacıqabul rayon notariat ofisi tərəfdən verilmiş 19.03.2020-ci il tarixli 2V-51 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 09.12.2019-cu il tarixdə vəfat etmiş X2 – vərəsələri arvadı Cavabdeh1, oğlu Cavabdeh2 və qızı Cavabdeh3 Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən X2 qanun üzrə birinci növbə vərəsələridir və onlar miras əmlakdan bərabər hissədə pay almışlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16.10.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin mərhum X1, daha sonra isə onun qanun üzrə birinci növbə vərəsələri olan Cavabdeh1 və digər vərəsələr Cavabdeh2 və Cavabdeh3 müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişlər. İş materiallarından müəyyən edilir ki, mərhum X2 05.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 9.924,23 manat əsas borc, 0,01 manat faiz borcu olmaqla, cəmi 9.924,24 manat borcu var. Həmin borc mərhumun vərəsələrindən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, "xxxx" ASC ilə X4 arasında bağlanmış 05.09.2019-cu il tarixli kredit müqavilə üzrə yaranmış 9.924,23 manat əsas borc, 0,01 manat faiz borcu, ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 9.954,64 manat pul mərhum borclu X2 qanun üzrə vərəsələri olan cavabdeh - arvadı Cavabdeh1 və övladları - xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh2 və xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh3 (qanuni nümayəndələri Cavabdeh1 vasitəsilə) müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC ilə X4 arasında bağlanmış 05.09.2019-cu il tarixli BPM**********59 nömrəli kredit müqavilə üzrə yaranmış 9.924,23 manat əsas borc, 0,01 manat faiz borcu, ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 9.954,64 manat (doqquz min doqquz yüz əlli dörd manat altmış dörd) manat pul mərhum (09.12.2019-cu ildə ölüb) borclu X2 qanun üzrə vərəsələri olan cavabdeh arvadı Cavabdeh1 və övladları - xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh2 və xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh3 (qanuni nümayəndələri Cavabdeh1 vasitəsilə) müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar