Məhkəmə qərarları › İş №2(071)-573/2021

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-573/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-573/2021 02.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 27.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 01.07.2019-cu il tarixli 500821- 77165/10 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2.653,60 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 25,19 manat faiz borcu və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 2.709,19 manat pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, tərəflər arasında bağlanmış 01.07.2019-cu il tarixli istehlak krediti müqaviləsinə əsasən İddiaçı ASC borclu Cavabdeh1 60 ay müddətinə, İllik 1% dərəcəsi ilə 2.706,88 manat kredit vermişdir. Eyni zamanda, bank və digər cavabdeh - Cavabdeh2 arasında 01 iyul 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan öhdəliyini icra etməmiş, borcu vaxtında ödəməmişdir. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 22.06.2021-ci il tarixə kredit müqaviləsi üzrə 2.653,60 manat əsas borc və 25,19 manat faiz borcu olmaqla, ümumilikdə 2.678,79 manat borc yaranmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini etiraf etdi və izahatında bildirdi ki, 01.07.2019cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 2.653,60 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 25,19 manat faiz borcunu hər ay 50 manat olmaqla hissə-hissə ödəyə bilər. Bu barədə məhkməyə yazılı ərizə təqdim etmişdir. İddianın təmin edilməsinə etiraz etmir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini etiraf etdi və izahatında bildirdi ki, o, Nicata zamin durmuşdur. Borcu birlikdə qaytarmağa razıdır. İddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 01.07.2019-cu il tarixli 500821-77165/10 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 60 ay müddətinə illik 1 faiz ödəmək şərti ilə 2.706,88 manat kredit vermişdir. Borcalan Cavabdeh1 01.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı məqsədilə İddiaçı ASC ilə Cavabdeh2 arasında 01.07.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 borcalanın öhdəliklərinin icrası üçün kreditorun qarşısında borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. 22.06.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, borcalan Cavabdeh1 01.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2.653,60 manat əsas borcu və 25,19 manat faiz borcu olmaqla, cəmi 2.678,79 manat borcu var. Borclu öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zamin həmin borcun ödənilməsi üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 01.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 2.653,60 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 25,19 manat faiz borcu və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 2.709,19 manat pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 01.07.2019-cu il tarixli 500821- 77165/10 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2.653,60 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 25,19 manat faiz borcu və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 2.709,19 (iki min yeddi yüz doqquz manat on doqquz qəpik) manat pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar