Məhkəmə qərarları › İş №2(071)-583/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-583/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-583/2025 18.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kreditin və ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair ərizə ilə xx.xx.2015-ci il tarixdə məhkəməyə müraciət edərək borclu Cavabdeh 493 (dörd yüz doxsan üç) manat məbləğində əsas borc, 444 (dörd yüz qırx dörd) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 937 (doqquz yüz otuz yeddi) manat məbləğində kredit borcunun, iddia ərizəsi verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulub kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(071)-522/2015 saylı məhkəmə əmrinə əsasən, ərizə təmin edilmiş, həmin əmrə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 493 manat əsas və 444 manat faiz borcu olmaqla cəmi 937 manat borc və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. Borclu Cavabdeh xx.xx.2025-ci il tarixdə həmin əmrə etiraz vermişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-583/2025 saylı qərardadı ilə, etiraz təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(071)-522/2015 saylı məhkəmə əmri ləğv edilmişdir. Əmanətlərin Sığortalanması Fondu xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 268 SBFPK nömrəli “Kredit kartı üzrə kredit xəttinin açılması haqqında” müqaviləyə əsasən Cavabdeh 492,20 manat əsas, 103,64 manat faiz, 431,19 manat cərimə, 282,24 manat əsas borca illik 5 faizlə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 1.309,27 (min üç yüz doqquz manat iyirmi yeddi qəpik) manat kredit borcunun, iddia ərizəsinin verilməsi və sənədlərin surətinin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 33,10 manat dövlət rüsumunun tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin səlahiyətli nümayəndəsi X2 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəkdir. Odur ki, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, iddia ərizəsində göstərilən faiz borcu ilə razı deyildir. Həmin borc əsassız olaraq hesablanmışdır. Bir neçə ay əvvəl ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti onu banka dəvət etmiş, aparılan danışıqlardan sonra o, yekun borcu üzrə 200 manat məbləğində ödəniş həyata keçirmiş, lakin qeyd edilən halı təsdiq edə biləcək sübutları yoxdur. Bundan başqa, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə qismən razıdır. Rəydə qeyd edilən əsas və faiz borcu ilə razı olsa da, illik 5% dərəcəsi ilə hesablanmış faiz borcunu əsaslı hesab etmir. Həmin hissədə iddianın rədd edilməsini xahiş edir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 268 SBFPK saylı “Kredit kartı üzrə kredit xəttinin açılması haqqında” kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə 500 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 3.3-cü bəndinə əsasən “Kredit alan”ın kreditdən istifadə etdiyi tarixdən növbəti ayın 7-dək olan müddət “İmtiyaz müddəti” adlanır və bu müddət ərzində “Kredit alan” ötən ay üçün istifadə etdiyi kredit məbləğini “Kredit verən”in hesabına nağd və ya köçürmə yolu ilə tam qaytardıqda həmin məbləğə görə “Kredit verən”ə heç bir faiz ödəmir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən müqavilənin 3.3-cü bəndində göstərilən “İmtiyaz müddəti” ərzində “Kredit alan” istifadə etdiyi kredit məbləğini “Kredit verən”in hesabına nağd və ya köçürmə yolu ilə ödəmədikdə, həmin “İmtiyaz müddəti”nin bitdiyi ayın 1-dən hesablanmaq şərtilə kredit kartı üzrə yaranmış borcun məbləğinə illik 28% dərəcəsi ilə faiz hesablanır. Müqavilənin 3.8-ci bəndinə əsasən müqavilənin qüvvəyə mindiyi tarixdən müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunan müddət bitənədək vəsaitlərdən istifadə edilməsinə görə yaranan borc məbləği “Kredit alan” tərəfindən “Kredit verənə” tam olaraq ödənilməlidir. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh İddiaçı ASC-yə olan borc məbləği - 492,20 manat əsas, 103,64 manat faiz, 431,19 manat cərimə, 282,24 manat əsas borca illik 5 faizlə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 1.309,27 (min üç yüz doqquz manat iyirmi yeddi qəpik) manat təşkil edir. İş materiallarında olan xx.xx.2014-cü il, xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli bildirişlərə əsasən, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubları göndərilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-583/2025 saylı qərardadı ilə Hacıqabul Rayon Məhkəməsinin icraatında olan 2(071)-583/2025 nömrəli mülki iş üzrə Cavabdeh İddiaçı ASC-yə olan borcunu təsdiq edə biləcək bütün sübutların (hesabdan çıxarış, maliyyə arayışı və hazırki borcun mövcudluğunu təsdiq edə biləcək digər sənədlər) məhkəməyə təqdim edilməsinin təmin edilməsi, qərardadın icrası Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi qərara alınmışdır. Bundan sonra, məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(071)-583/2025 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3542 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 268 saylı, 05 aprel 2013-cü il tarixli kredit kartı üzrə kredit xətti müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh sualda qeyd edilən tarixlərə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu – xx.xx.2014-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) 486,11 manat əsas borc və 107,22 manat faiz borcu; xx.xx.2015-ci il tarixə (müqavilə müddəti bitdikdən sonra iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi tarix) 486,11 manat əsas borc, 107,22 manat faiz borcu və 5% ilə hesablanmış faiz borcu üzrə 29,84 manat; xx.xx.2025-ci il tarixə 486,11 manat əsas borc, 107,22 manat faiz borcu və 5% ilə hesablanmış faiz borcu üzrə 273,03 manat təşkil etmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, borclu Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi borcun və faizin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/3542 saylı ekspert rəyindən də göründüyü kimi tərəflər arasında bağlanan xx.xx.2013-cü il tarixli, 286 SBFPK saylı “kredit kartı üzrə kredit xəttinin açılması haqqında” müqavilə üzrə iddia ərizəsində göstərilmiş əsas borc və ona hesablanmış faiz borcu ekspert rəyi ilə ziddiyyət təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/3542 saylı ekspert rəyi mötəbər sübut olaraq qəbul edilməlidir. Belə ki, rəydən müəyyən edilir ki, ekspert müqavilə üzrə aparılmış ödənişləri cədvəl əsasında siyahısını tərtib etmiş, borclu tərəfindən kredit borcu üzrə edilmiş ödənişləri nəzərə almış, eyni zamanda əsas, faiz və hesablanmış 5% faiz borcunun silinən hissələrini də rəyə əlavə edilmişdir. Qeyd olunan yekun borc məbləği isə iddiaçı (və ya onun nümayəndəsi) tərəfindən mübahisələndirilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə aparılmış mühasibatlıq ekspertizası üzrə verilmiş rəyə əsasən hesablanmış borc – xx.xx.2014-cü il tarixə, yəni müqavilənin qüvvədə olan tarixə 486,11 manat əsas borc, 107,22 manat faiz borcu, xx.xx.2015-ci il tarixə, yəni müqavilə müddəti bitdikdən sonra iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi tarixə uyğun olan 5% ilə hesablanmış faiz borcu olan 29,84 manat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddiaçının tələbinə əsasən cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, əsas borcun 7% həcmində, yəni 34,02 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin müqavilə müddəti bitdikdən sonra hazırkı vaxtadək gecikdirilmiş vaxt üçün illik beş faizlə bağlı hissədə qeyd edir ki, hazırkı işin faktiki hallarından göründüyü kimi cavabdehin məhkəmə əmri barədə ötən illər ərzində ümumiyyətlə məlumatı olmamış və məlumat əldə etdiyi andan yazılı etirazını məhkəməyə təqdim etmişdir. Dolayısı ilə onun borcun ödənilməsində gecikdirilməsi ilə bağlı təqsiri müəyyən edilmədiyindən həmin hissədə tələb təmin edilə bilməz. Həmçinin icra işi materiallarından da görünür ki, cavabdehə münasibətdə borcun ödənilməsi ilə bağlı hər hansı zəruri icra tədbirləri həyata keçirilməmiş, tələbin könüllü icrasına dair bildirişin ona çatdırılmasını təsdiq edən sübut işə əlavə edilməmiş, borclunun izahatı alınmamışdır. Məhkəmə hesab edir ki, göstərilənlərə əsasən müqavilə müddəti başa çatdıqdan sonra iddia ərizəsi məhkəməyə təqdim edilənədək olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə borcun cavabdehdən tutulması əsaslıdır, qalan hissədə isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir: “...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.” Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2013-cü il tarixli, 286 SBFPK saylı “kredit kartı üzrə kredit xəttinin açılması haqqında” müqavilə üzrə 486,11 manat əsas borc, 107,22 manat faiz borcu, xx.xx.2015-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 29,84 manat faiz borcu, 34,02 manat cərimə borcu olmaqla, ümumilikdə isə 657,19 (altı yüz əlli yeddi manat on doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Məhkəmə ekspertiza xərci məsələsini müzakirə edərkən hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza xərci olan 100 (yüz) manat pul məbləği Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli, 286 SBFPK saylı “kredit kartı üzrə kredit xəttinin açılması haqqında” müqavilə üzrə 486,11 manat əsas borc, 107,22 manat faiz borcu, xx.xx.2015-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 29,84 manat faiz borcu, 34,02 manat cərimə borcu olmaqla, ümumilikdə isə 657,19 (altı yüz əlli yeddi manat on doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza xərci olan 100 (yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar