Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-586/2025 06.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat borc pulunun və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun cavabdehlə başqa şəxsin vasitəsi ilə ümumi tanışlığı yaranmışdır. Cavabdeh xx.xx.2023-cü ildə yaşadığı ünvana gələrək uşağının xəstə olmasını və müalicə üçün 3.000 manat borc pula ehtiyacının yarandığını bildirmişdir. O, cavabdehə qısa müddətə qaytaramaq şərti ilə 3.000 manat borc pul vermişdir. Rəsmi iş yeri olduğu üçün inanmış və ona istədiyi məbləğdə borc pul vermişdir. Borc pulun götürülməsi ilə bağlı cavabdeh müqavilə imzalamışdır. Borc məbləğini qaytarmadığı üçün şifahi şəkildə müraciət etsə də, cavabdeh əvvəlcə borcu qaytaracağını bildirsə də, sonuncu borcu qaytarmaqdan imtina etmişdir. Bəzi hallarda telefonu açmır, zənglərə cavab vermir. Telefonunu açdığı hallarda isə yalan vədlər verərək pulu qaytaracağını bildirərək onu aldatmışdır. Bu səbəbdən də hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddiaya qiyabi icraat qadasında baxılmasına heç bir etirazı yoxdur. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, tərəflər arasında yazılı qaydada bağlanmış və imzalarla təsdiq edilmiş xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 3000 manat məbləğində borc pul vermişdir. Bundan əlavə müqavilədən görünür ki, Cavabdeh iddiaçıdan 3000 manat məbləğində borc pul almasının əsas səbəbi kimi övladının xəstə olmasını, bu mənada onun müalicəsi üçün təcili pula ehtiyacı olduğunu özünə məxsus əl yazısı ilə müqavilənin sonunda qeyd etmişdir. Beləliklə, hazırda iddiaçı cavabdehdən 3.000 (üç min) manat ödənilməmiş əsas borcu tələb edir. Lakin cavabdeh aldığı borc məbləğini qaytarmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Habelə, keçirilmiş məhkəmə hazırlıq və baxış iclaslarında iştirak etməmiş, məhkəmə iclasları bir neçə dəfə (3 dəfə) cavabdehin də iştirakının təmin edilməsi məqsədilə təxirə salınmış, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələrlə məhkəmə iclasına gəlməkdən, iddiaya qarşı mövqeyini bildirməkdən qəsdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı cavabdehə 3000 manat pulu borc kimi verdiyinə dair sübutunu – tərəflər arasında bağlanmış borc müqaviləsini məhkəməyə təqdim etmişdir. Lakin, cavabdeh borc kimi aldığı pulu iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında yazılı qaydada bağlanmış borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Həmin müqavilələr üzrə iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, müqavilə predmeti olan pulu cavabdehə vermiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni borc kimi aldığı pulu iddiaçıya vaxtında ödəməmişdir. Onun iddiaçı qarşısında icra edilməmiş 3000 manat məbləğində pul öhdəliyi vardır. Odur ki, iddiaçı cavabdehdən həmin pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 50,60 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 3000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50,60 manat olmaqla, ümumilikdə 3050,60 (üç min əlli manat altmış qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra on gün müddətində cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həmin qətnamənin ləğvi üçün Hacıqabul Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-586/2025
Hacıqabul Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(071)-586/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver