Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-598/2021 07.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 04.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh “Hyundai Excell’’ markalı, 1994-cü il buraxılışlı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilin alınmasına görə ödədiyi 1.370 manat pulun, avtomobilin təmirinə xərclədiyi 250 manatın və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.650 manat pul alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh X3 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etdi və izahatında bildirdi ki, İddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən o, 28.10.2020-ci il tarixdə özünə məxsus olan “Hyundai Excell’’ markalı, 1994cü il buraxılışlı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilini İddiaçı 3.000 manata nisyə satmışdır. Həmin vaxt iddiaçı ona 200 manat ilkin ödəniş etmiş, qalan 2.800 manat pulu isə 14 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Avtomobili idarə etmək üçün iddiaçıya 28.10.2020-ci il tarixdə 6 ay müddətinə etibarnamə vermişdir. İddiaçı avtomobili ondan aldıqdan sonra heç bir ödəniş etməmiş, avtomobilin dəyərindən qalan 2.800 manatı ödəməmişdir. Əksinə qaydaları pozduğuna görə 200 manat cəriməsi olduğuna görə, avtomobili DYP əməkdaşları cərimə meydançasına qoymuşdur. O, iddiaçının əvəzində 200 manat cəriməni ödədikdən sonra avtomobil ona qaytarılmışdır. İddiaçı onun avtomobilini nasaz hala salmış və starterini xarab etmişdi. O, iddiaçının ona 1.370 manat pul ödəməsi həqiqətə uyğun deyildir. İddiaçının ona ilkin ödəniş kimi verdiyi 200 manat pulu isə o, iddiaçının radara düşməsi ilə bağlı yazılmış cərimələrini ödəyərək, avtomobilini cərimə meydançasından çıxartmışdır. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia ərizəsindən və cavabdeh X1 məhkəmə iclasında verdiyi izahatından müəyyən edildi ki, İddiaçı ilə cavabdeh X3 aralarında olan şifahi razılaşmaya əsasən cavabdeh X3 28.10.2020-ci il tarixdə özünə məxsus olan “Hyundai Excell’’ markalı, 1994-cü il buraxılışlı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilini İddiaçı 3.000 manata nisyə satmışdır. Həmin vaxt iddiaçı cavabdehə 200 manat ilkin ödəniş etmiş, qalan 2.800 manat pulu isə ayda 200 manat olmaqla 14 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh avtomobili idarə etmək üçün iddiaçıya 28.10.2020-ci il tarixdə 6 ay müddətinə etibarnamə vermişdir. İddiaçı avtomobili cavabdehdən aldıqdan sonra heç bir ödəniş etməmiş, avtomobilin dəyərindən qalan 2.800 manatı ödəməmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində cavabdehə ödəməmişdir. Bu səbəbdən cavabdeh avtomobilini iddiaçıdan geri alarkən haqlı olmuşdur. Cavabdehin iddiaçı hər hansı borcu yaranmamışdır və cavabdeh iddiaçının hesabına əsassız varlanmamışdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı iddia ərizəsində cavabdehə alınmasına görə 1.370 manat pul ödədiyini və avtomobilin təmirinə 250 manat xəclədiyini iddia etsə də, bu halı təsdiq edən mötəbər yazılı sübutları məhkəməyə təqdim etməmişdir. Yəni, iddiaçı sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Cavabdeh isə iddiaçıdan ilkin ödəniş kimi aldığı 200 manatı iddiaçının əvəzindən radar cərimələrinə ödəyərək avtomobilini DYP-nin cərimə meydançasından çıxartdığını, onun iddiaçıya borcu olmadığını, əksinə iddiaçının avtomolbilin starterini xarab etdiyini bildirdi. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362, 443.0.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X2 qarşı “Cavabdeh “Hyundai Excell’’ markalı, 1994-cü il buraxılışlı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilin alınmasına görə ödədiyi 1.370 manat pulun, avtomobilin təmirinə xərclədiyi 250 manatın və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.650 manat pul alınıb ona verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-598/2021
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-598/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver