Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-609/2021 10.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X1, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 Ələsgər oğluna və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 Ələsgər oğluna və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 04.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Ələsgər oğlundan və Cavabdeh2 28.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 522,79 manat əsas borc, 85,30 manat faiz borc və 92,01 manat cərimə olmaqla, cəmi 700,10 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduğu mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Hacıqabul rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Lakin cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, 28.11.2014-cü il tarixli uzunmüddətli kredit müqaviləsinə əsasən İddiaçı QSC borcalan Cavabdeh1 Ələsgər oğluna 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. 28.11.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borcalan Cavabdeh1 Ələsgər oğlunun 28.11.2014-cü il tarixli uzunmüddətli kredit müqaviləsindən irəli gələn ödəliklərinin tam icra edilməsi üçün kreditor İddiaçı QSC-nin qarşısında borclu ilə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. 28.11.2014-cü il tarixli kredit razılaşmasına əsasən İddiaçı QSC 28.11.2014-cü il tarixli uzunmüddətli kredit müqaviləsinə uyğun olaraq borcalan Cavabdeh1 Ələsgər oğluna 12 ay müddətinə aylıq 2,75 faiz hesablanmaqla 1300 manat kredit vermişdir. 28.11.2014-cü il tarixli kassa məxaric orderinə imza etməklə Cavabdeh1 Ələsgər oğlu 40 manat komissiya haqqı çıxıldıqdan sonra 1.260 manat vəsaiti bankdan şəxsən almışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında uzunmüddətli kredit müqaviləsi və zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Cavabdeh1 Ələsgər oğlunun 28.11.2014-cü il tarixli kredit razılışması üzrə 522,79 manat əsas borcu, 85,30 manat faiz borc və 92,01 manat cərimə olmaqla, cəmi 700,10 manat borcu var. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 28.11.2014-cü il tarixli kredit razılaşması üzrə yaranmış borc yalnız borclu Cavabdeh1 Ələsgər oğlundan tutulmalıdır. Zamin Cavabdeh2 ilə kreditor İddiaçı QSC arasında bağlanmış 28.11.2014-cü il tarixli zaminlik müqaviləsinin müddəti 28.11.2014-cü il tarixli kredit razılaşmasının müddətinin bitdiyi gün, yəni 28.11.2015-ci il tarixdə başa çatdığına və kreditor 04.10.2021-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə, 28.11.2014-cü il tarixli kredit razılaşması üzrə verilmiş borc zamindən tələb edilə bilməz. 28.11.2014-cü il tarixli kredit razılaşması üzrə Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Hazırda zamin borcun ödənilməsi üçün məsuliyyət daşımır. Çünki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia qismən təmin edilməli, Cavabdeh1 Ələsgər oğlundan 28.11.2014-cü il tarixli kredit razılaşması üzrə yaranmış 522,79 manat əsas borc, 85,30 manat faiz borc, 92,01 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 730,10 manat pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 Ələsgər oğlundan 28.11.2014-cü il tarixli kredit razılaşması üzrə yaranmış 522,79 manat əsas borc, 85,30 manat faiz borc, 92,01 manat cərimə və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 730,10 (yeddi yüz otuz manat on qəpik) manat pul tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi - cavabdeh (zamin) Cavabdeh2 qarşı hissəsində rədd edilsin. 28.11.2014-cü il tarixli kredit razılaşması üzrə zamin Cavabdeh2 zaminliyinə xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-609/2021
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-609/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver