Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-618/2024 09.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi İddiaçı Oktay qızının iştirakı ilə, İddiaçı Oktay qızının Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Oktay qızı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh 9000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 110 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh tanışı vasitəsi ilə tanımışdır. 23 iyun 2023-cu il tarixdə Cavabdeh onun evinə gəlib və ondan 3000 manat borc pul istəmişdir. Bundan sonra iddiaçı müqavilə əsasında cavabdehə 3000 manat pul vermişdir. Aradan bir müddət keçdikdən sonra baxmayaraq sonra cavabdeh 07 avqust 2023-cu il tarixdə yenidən onun evinə gələrək atasının maşın alması üçün 6 ay müddətinə borc olaraq əlavə 6000 manat pul istəmiş və müqaviləyə imzalamaqla həmin pulu vermişdir. Beləliklə cavabdeh ondan ayrı-ayrı vaxtlarda 3000 min manat bir, 6000 min manat bir olmaqla, cəmi 9000 manat pul götürmüş və həmin pulu altı ay müddətinə qaytaracağına vəd vermişdir. Aradan bir müddət keçdikdən sonra o, Cavabdeh pulunu geri tələb etmiş, cavabdeh ilk günlərdə pulunu qaytaracağını vəd etməsinə baxmayaraq sonradan telefon zənglərinə cavab verməmiş və borcunu qatarmaqdan yayınmışdır. Hətta o, cavabdehin atası Rahil Adilovla pulun qaytarılması ilə bağlı söhbətlər aparmış, sonuncu isə ona cavabdehin ondan başqa digər şəxslərə də borclarının olmasını bildirmişdir. Bu sözlərdən sonra o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-618/2024 saylı qərardadına əsasən İddiaçı Oktay qızının Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 3000 manat pulu borc kimi vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 6000 manat pulu borc kimi vermişdir Məhkəmə, iddiaçının izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, tərəflər arasında yazılı qaydada bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli borc müqavilələrinə əsasən iddiaçı cavabdehə 9000 manat borc vermişdir. Cavabdeh isə borc kimi aldığı pulun iddiaçıya qaytarmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı cavabdehə 9000 manat pulu borc kimi verdiyinə dair sübutunu – tərəflər arasında bağlanmış kredit müqaviləsini məhkəməyə təqdim etmişdir. Lakin, cavabdeh borc kimi aldığı pulu iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında yazılı qaydada bağlanmış borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Həmin müqavilələr üzrə iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, müqavilə predmeti olan pulu cavabdehə vermiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni borc kimi aldığı pulu iddiaçıya vaxtında ödəməmişdir. Onun iddiaçı qarşısında icra edilməmiş 9000 manat pul öhdəliyi vardır. Odur ki, iddiaçı cavabdehdən həmin pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 110 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9000 (doqquz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 110 (yüz on) manat məbləğində pul vəsaiti İddiaçı Oktay qızının xeyrinə tutulsun. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra on gün müddətində cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həmin qətnamənin ləğvi üçün Hacıqabul Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-618/2024
Hacıqabul Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(071)-618/2024
09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver