Məhkəmə qərarları › İş №2(071)-622/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-622/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-622/2025 16.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia təmin edilməklə Cavabdeh onun əvəzinə zamin qismində ödədiyi puldan qalan 5112,25 manat borcun, icra sənədinə əsasən ödədiyi 600 manat pulun, vəkilə müqavilə üzrə ödədiyi müqavilə, ərizə və sənədlərin hazırlanmasına çəkdiyi 600 manat pulun, iddia ərizəsi ilə əlaqədar ödədiyi 83 manat dövlət rüsumunun, ümumilikdə 6425,25 (altı min dörd yüz iyirmi beş manat iyirmi beş qəpik) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə birlikdə "xxxx" MMC-də işləyirdi. İ.Zayıdovla o, həm iş yoldaşı, həm də dost olmuşdur. 18 dekabr 2019-cu ildə Cavabdeh Şirvan şəhərində yerləşən "xxxx" ASC-nin Şirvan filialından 36 ay (3 il) müddətində ödəmək şərtilə illik 21 %-lə 5000 (beş min) manat kredit götürmüş və bu barədə CC 95982/72/26 saylı kredit sazişi bağlamışdır. Bu Kredit Sazişinə görə Cavabdeh 5000 (beş min) manat kredit borcunu və 21 faizlə 36 ay müddətinə 1784,22 manat faiz borcu cəmi: 6784,22 (altı min yeddi yüz səksən dörd manat iyirmi iki qəpik) manat banka pul ödəməli idi. Bu kredit sazişi üzrə Cavabdeh xahişi ilə ona zamin durmuşdur. Cavabdeh ona bildirmişdir ki, kreditini o özü ödəyəcək, o, sənədləşməyə görə ona formal olaraq zamin durur. İddiaçı cavabdehə inanıb ona zamin durmuşdur. Lakin kredit borcunun sənədlərindən görünür ki, Cavabdeh xx.xx.2020-ci ildən başlayaraq cəmi 2 (iki) ay ərzində kredit borcundan 100 və 200 manat, cəmi 300 (üç yüz) manat pul ödəmişdir, sonra isə cinayət törətdiyinə görə həbs edilmişdir. xx.xx.2020-ci ildən - xx.xx.2022-ci ilədək olan dövrdə onun anası tərəfindən bəzi vaxtlarda kredit borcunun yalnız faiz borclarından az miqdarda, cəmi 872 (səkkiz yüz yetmiş iki) manat pul ödənilmişdir. Sonrakı vaxtlarda Cavabdeh bundan artıq pul ödəməmişdir və ödəmək fikrində də olmamışdır. Bu səbəblərə görə də, kredit verən təşkilat "xxxx" ASC-nin Şirvan filialı iddiaçı qismində qalan 4787,58 manat əsas borcun və 1.124,67 manat faiz borclarının və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 5.942,25 manat pulun müştərək qaydada ödənilməsindən ötəri Cavabdeh və zamin qismində onu Hacıqabul rayon Məhkəməsinə verərək onlara qarşı cavabdeh qismində iddia qaldırmışdır. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(071)-554/2021 saylı qətnaməsinə əsasən cavabdeh qismində (borclu) Cavabdeh və (zamin kimi) ondan 5912 manat 25 qəpik qalan pulun (kredit borcu və faizlərinin) və 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Qətnaməyə əsasən 2(074)-554/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi çıxarılaraq 452/10-13 saylı, xx.xx.2022-ci il tarixli məktubla qətnaməyə əsasən 5912,25 manat borcun və 30 manat dövlət rüsumunun hamısının birdəfəyə-könüllü ödənilməsindən ötəri yaşayış yeri üzrə ünvan 1 ünvanına göndərilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə bu işə baxan icra məmurunun Qalib Şirinovun yanına getmiş və bildirmişdir ki, məhkəmə qətnaməsinə əsasən kredit borcunu, onun faizini və dövlət rüsumunu birdəfəyə ödəyə bilməyəcəkdir. O, "xxxx" MMC-də işləyir və borcun əmək haqqısına yönəldilməklə hər ay əmək haqqından tutulmasını istədiyini bildirmişdir. Buna görə icra məmuru ondan ödəniləcək borcun (5912,25 manat borc pulun və 30 manat dövlət rüsumunun) 5942,25 manatın 10 faizini, yəni 600 (altı yüz) manatını ondan almışdır. O, icra məmuruna ödədiyi 600 (altı yüz) manatı da Cavabdeh tələb edir. Bundan sonra kredit borcunun ödənilməsi xx.xx.2022-ci il tarixdən onun iş yeridən "xxxx" MMC-dən onun əmək haqqısına yönəldilməklə tutulmağa başlamışdır. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(071)-554/2021 saylı qətnaməsinə əsasən zamin kimi kredit borcunu ödəməkdən ötəri 06 yanvar 2023-cü ildə "xxxx" ASC-nin Şirvan filialından 48 ay müddətinə illik 24,5 faizlə 9500 (doqquz min beş yüz) manat pul kredit götürmüş və bu puldan xx.xx.2023-cü ildə qətnaməyə əsasən qalan 4530,60 (dörd min beş yüz otuz manat altımış qəpik) manat borcu və 30 (otuz) manat dövlət rüsumunu ödəmişdir. O, Cavabdeh onun əvəzinə zamin kimi ödədiyi pulu az-az , imkan düşdükcə ödəməsini tələb və xahiş etmişdir. O da onunla razılaşmışdır. Ödədiyi pulun hamısını tezliklə ödəyəcəyinə söz vermişdir. Həmin vaxtdan indiyədək o, ona cəmi 900 (doqquz yüz) manat ödəmişdir. Qalan pulu 5112,25 manatı, 30 manat ödədiyi dövlət rüsumunu, icra məmuru Qalib Şirinova icra sənədinə əsasən ödədiyim 600 manat pulu ödəmir və nə vaxtsa ödəyəcəyinə də heç bir ümidi yoxdur. Bu səbəbdən cavabdehdə olan pulunun qaytarılması barədə dəfələrlə tələbi təmin edilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə borclu, İddiaçı isə ona zamin olmuşdur. Cavabdeh üzərinə düşən öhdəlikləri icra edə bilmədiyindən, həmin borc məbləği zamin qismində İddiaçı tutulmuşdur. Daha sonra cavabdeh həmin ödənilmiş borcu iddiaçıya qaytaracağına dair vəd versə də, icrasından yayınmışdır. Odur ki, iddia tələbinin təmin olunaraq ödənilmiş borcun və çəkilmiş vəkil və məhkəmə xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra sənədinə əsasən iddiaçının icra məmuruna ödədiyi 600 manat pulu təsdiq edə biləcək qəbz və sair sənəd hazırda mövcud deyildir. İddia ərizəsinin, eyni zamanda vəkil kimi fəaliyyət göstərdiyi müddətdə iddiaçının çəkdiyi xərclərin ümumilikdə 600 manat olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Belə ki, iddia ərizəsində göstərilən hallarla razıdır. Lakin iddiaçının çəkdiyi məhkəmə və vəkil xərclərinin ağlabatan qismdə təmin olunmasını xahiş edir. Cavabdeh xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbini qəbul edir. Ərizədə qeyd olunan hallarla razıdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli CC/95982/72/26 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan Cavabdeh 36 ay müddətinə illik 21 faiz dərəcəsi ödəmək şərti ilə 5.000 manat kredit güzəştli kredit müqaviləsinə əsasən restrukturizasiya olunmuşdur. Borcalan Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı məqsədilə "xxxx" ASC ilə zamin İddiaçı arasında xx.xx.2019-cu il tarixdə zaminlik müqavilələri bağlanmış və zamin borcalanın öhdəliklərinin icrası üçün kreditorun qarşısında borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(071)-554/2021 saylı qətnaməsinə əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli CC/95982/72/26 nömrəli kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər (borclu) Cavabdeh və (zamin) İddiaçı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 4.787,58 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 1.124,67 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5.942,25 (beş min doqquz yüz qırx iki manat iyirmi beş qəpik) manat pul müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəfindən işin faktiki halları belə müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC-dən 18 dekabr 2019-cu il tarixli kredit sazişi ilə 5000 manat məbləğində 3 il müddətinə illik 21% olmaqla kredit götürmüş, həmin kredit üzrə 6784,22 manat (əsas və faiz borcu) öhdəlik yaranmışdır. Kredit müqaviləsinə əsasən İddiaçı ona zamin durmuşdur. Cavabdeh yalnız 2 ay ərzində ümumilikdə 300 manat ödəmiş, sonra cinayət törətdiyinə görə həbs edilmiş, kredit borcu isə əsasən onun zamin durduğu şəxs tərəfindən ödənilmişdir. Borclar vaxtında ödənilmədiyi üçün "xxxx" ASC tərəfindən həm borclu Cavabdeh, həm də zamin İddiaçı qarşı məhkəmə iddiası qaldırılmış, nəticədə Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 5942,25 manat məbləğində borcun müştərək qaydada ödənilməsi qərara alınmışdır. Sonradan İddiaçı bu borcun ödənilməsi üçün öz adına yeni kredit götürərək (9500 manat, 24.5% illik, 48 ay müddətinə) xx.xx.2023-cü il tarixdə 4530,60 manat borcu və 30 manat dövlət rüsumunu ödəmişdir. Əlavə olaraq, icra sənədinə əsasən icra məmuruna 600 manat, hüquqi yardım və sənədləşmə üçün isə 600 manat ödədiyini iddia etmişdir. Cavabdeh bu məbləğlərdən yalnız 900 manat ödəmiş, qalan 5112,25 manat borcu isə ödəməmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdiyini, lakin vəkil və digər xərclərin yalnız ağlabatan hissəsinin ödənilməsini xahiş etmişdir. Məhkəmə araşdırmaları nəticəsində iddiaçının təqdim etdiyi sübutların əsaslı olduğu müəyyən edilmiş, cavabdeh borclu olduğu pul məbləğini etiraf etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi hüquqi xidmətə görə ödənilmiş xərcin əvəzinin cavabdehdən tutulması hissəsində qismən əsaslıdır. Belə ki, iddianın qismən təmin edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 400 manat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki Prosessual Məcəllənin müvafiq normalarına əsasən, iddianı və ya etirazı təsdiq etmək yükü həmin iddianı irəli sürən tərəfin üzərinə düşür. Cavabdeh tərəfindən borcun qaytarıldığına dair hər hansı yazılı və ya digər hüquqi qüvvəyə malik sübutların olmaması səbəbilə, onun bu barədə irəli sürdüyü arqumentlər əsaslı hesab edilmir və məhkəmə tərəfindən qəbul olunmur. Bu baxımdan, işin hallarına və mövcud hüquqi tənzimləmələrə əsasən, iddiaçının iddiasının təmin edilməsinin hüquqi əsası mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5112,25 manat borc, hüquqi yardımla əlaqədar ödənilmiş 400 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 71,95 manat olmaqla, cəmi 5584,20 (beş min beş yüz səksən dörd manat iyirmi qəpik) manat pul alınaraq İddiaçı verilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 5112,25 manat borc, hüquqi yardımla əlaqədar ödənilmiş 400 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 71,95 manat olmaqla, cəmi 5584,20 (beş min beş yüz səksən dörd manat iyirmi qəpik) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar