Məhkəmə qərarları › İş №2(071)-633/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-633/2022

26.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-633/2022 26.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı və Cavabdeh vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)-444/2020 nömrəli qətnaməsi ilə təyin edilmiş hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə 2014-cü ildə rəsmi nikah bağlayaraq evlənmişdir. Birgə nikahdan onların xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı iki uşağı doğulmuşdur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)-444/2020 nömrəli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. Hazırda ödənilən 200 manat aliment məbləği uşaqların maddi ehtiyaclarını ödəmir, cavabdeh uşaqları ilə maraqlanmır. O, uşaqların saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Odur ki, müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh vəkili X4 məhkəm iclasında cavabdehin iddianı qəbul etmədiyini bildirdi və izahatında qeyd etdi ki, Cavabdeh Rusiya Federasiyasında yaşayır. Maddi vəziyyəti yaxşı deyildir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)-444/2020 nömrəli qətnaməsi ilə tutulan alimenti cavabdehin valideynləri ödəyir. Cavabdehin alimenti ödəməyə maddi imkanı yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)-444/2020 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilir. AZ 356912 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 112 nömrəli akt qeydi ilə bağlanmış pozulmuşdur. AZE 11263002 və AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından - xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı iki uşağı var. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa 150 manat müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını dəyişdirərkən, uşağın mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini, uşağın maddi ehtiyaclarının artmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, alimentin miqdarı dəyişdirilməli və hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat müəyyən edilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi qalan hissədə rədd edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)-444/2020 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa 100 manat olmala, cəmi 200 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilsin. Tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar