Məhkəmə qərarları › İş №2(071)-641/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-641/2022

09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-641/2022 09.08.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Nurəddin Abuzər oğlu Bağırovun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı ASC-nin - Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 9.314,93 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 739,93 manat faiz borcu və ödənilmiş 120,56 manat dövlət rüsumu olmaqla, ümumilikdə 10.054,86 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli istehlak krediti müqaviləsinə əsasən 35 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 10.370 manat kredit verilmişdir. Borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini lazımi qaydada icra etməmiş, şifahi və yazılı xəbərarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmiş və banka olan borc könüllü ödənilməmişdir. Borclu Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 9.314,93 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 739,93 manat faiz borcu olmaqla, ümumilikdə 10.054,86 manat borcu yaranmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək ərizəsində iddia tələbini tam qəbul etdiyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etdi. İddiaçı ASC-yə və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə, rəsmi qaydada məlumat verilmişdir. Lakin İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə Cavabdeh iddianı etiraf etməsinə dair ərizəsini nəzərdən keçirib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 500819-104154/5 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh 35 ay müddətinə illik 29 faiz dərəcəsi ödəmək şərti ilə 10.370 manat kredit verilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. xx.xx.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, borcalan Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 9.314,93 manat əsas kredit borcu, 739,93 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, ümumilikdə 10.054,86 manat borcu var. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 9.314,93 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 739,93 manat faiz borcu və ödənilmiş 120,56 manat dövlət rüsumu olmaqla, ümumilikdə 10.175,42 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 9.314,93 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 739,93 manat faiz borcu və ödənilmiş 120,56 manat dövlət rüsumu olmaqla, ümumilikdə 10.175,42 (on min yüz yetmiş beş manat qırx iki qəpik) manat pul vəsaiti Cavabdeh tutulub İddiaçı ASCyə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar