Məhkəmə qərarları › İş №2(071)-648/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-648/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-648/2025 09.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Cavabdeh 1450 manat manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, taksi sürücüsü kimi Bakı şəhəri Səbail rayonu X2 31 də yaşayan Cavabdeh özünə və ailəsinə taksi sürücüsü kimi 2024-cü ildə müxtəlif vaxtlarda xidmət göstərmiş, 2024-cü ilin orta aylarında xidmət göstərəndə ona imkanının zəif olduğunu bildirib 15-20 gün ərzində pulu ödəyəcəyini demişdir. Həmin vaxt ərzində onu gözləmiş vaxt bittikdə ondan 1450 manat borcunu tələb edəndə yenidən ondan bir neçə gün gözləməsini xahiş etmiş, bu minvanla bir neçə ay vaxt uzanmışdır. 6 ay keçmiş və ona borcunu qaytarmamış, 2025-ci ildə aprel ayında Cavabdeh borcunu istəmiş və onunla mübahisə etmişdir. Həmin günün sabahı xx.xx.2025 tarixində o, “102” polis xidmətinə zəng vurub şikayətini bildirmiş, 8-ci polis bölməsində izahatını almış və ona bildirdilər ki, məhkəməyə müraciət etməlidir. Ona görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə teleqram ünvanlayaraq məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyindən məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatından bildirmişdir ki, iddia tələbini qəbul edir. İddia ərizəsində göstərilən halları etiraf edərək iddianın təmin olunmasına etirazının olmadığını bildirmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclası zamanı ərizə təqdim edərək qeyd etmişdir ki, iddia tələbini qəbul edir. Onun İddiaçı 1450 manat məbləğində borcu vardır. Belə ki, iddiaçı onun üçün həqiqətən də taksi fəaliyyəti göstərmişdir. İddianı etiraf edərək, iddianın təmin olunmasına etiraz etməmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin İddiaçı göndərdiyi xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, onun bölməyə etdiyi müraciətə baxılmış və mülki xarakterli mübahisə olduğundan məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Məhkəmə iclası zamanı, cavabdeh iddiaçıdan 1450 manat məbləğdə borclu olduğunu etiraf etmiş, lakin həmin borc məbləğinin qaytarılmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə tərəfindən işin faktiki halları belə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh taksi kimi fəaliyyət göstərmiş, fəaliyyət göstərdiyi dövrdə ümumilikdə 1450 manat məbləğində cavabdehin borcu yaranmış, lakin cavabdeh aldığı pulun qarşılığında üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. İddiaçı tərəfindən borcun geri qaytarılması dəfələrlə tələb edilsə də, cavabdeh müxtəlif bəhanələrlə öhdəliyini yerinə yetirməkdən boyun qaçırmışdır. Bununla əlaqədar olaraq, iddiaçı mülki qaydada məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında tərəflərin izahatları və iş materialları araşdırılarkən, Cavabdeh iddia edilən pul məbləğini iddiaçıya borclu olmasını etiraf etmiş, lakin borcun qaytarılması ilə bağlı hər hansı hüquqi cəhətdən etibarlı sübut təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin müvafiq normalarına əsasən, iddianı və ya etirazı təsdiq etmək yükü həmin iddianı irəli sürən tərəfin üzərinə düşür. Cavabdeh tərəfindən borcun qaytarıldığına dair hər hansı yazılı və ya digər hüquqi qüvvəyə malik sübutların olmaması səbəbilə, onun bu barədə irəli sürdüyü arqumentlər əsaslı hesab edilmir və məhkəmə tərəfindən qəbul olunmur. Bu baxımdan, işin hallarına və mövcud hüquqi tənzimləmələrə əsasən, iddiaçının iddiasının təmin edilməsinin hüquqi əsası mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, iddia təmin edilməli, Cavabdeh 1450 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 (otuz beş) manat olmaqla, cəmi 1485 (min dörd yüz səksən beş) manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1450 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 (otuz beş) manat olmaqla, cəmi 1485 (min dörd yüz səksən beş) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar