Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-65/2024 08.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Şirvan Refional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 6000 manat pulun və dövlət rüsumu kimi ödədiyi 80 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul şəhəri ünvan 1 ünvanında yaşayan Cavabdeh ilə uzun müddət qonşuluq münasibətlərində olmuşdur. Münasibətləri əvvəl normal olmuşdur. Cavabdeh öz qızının toy mərasimini təşkil etmək üçün ondan 6000 manat borc pul almış və toy mərasimindən sonra aldığı borc məbləğini qaytaracağına söz vermişdir. Həmin toy mərasimi xx.xx.2021-ci il tarixdə baş tutmuşdur. Toy mərasimindən qısa müddət sonra cavabdehin həyat yoldaşı Həsənov Aydın vəfat etmişdir. O, Cavabdeh borc kimi aldığı 6000 manat pulun qaytarmasını dəfələrlə tələb etsə də, cavabdeh pulunun olmadığı bildirərək aldığı broc məbləğini qaytarmamışdır. Borcun qaytarılması ilə əlaqədar dəfələrlə cavabdehlə aralarında mübahisə baş vermiş və nəticədə o, DİN-nin 102 xidmətinə müraciət etmişdir. O, və cavabdeh Hacıqabul RPŞ-də yazılı izahat vermişlər. Həmin izahatlarda Cavabdeh ondan toy mərasimini təşkil etmək məqsədilə 6000 manat pulu borc aldığını etiraf etmişdir. Hazırda cavabdehin ona 6000 manat borcu var. O, dəfələrlə cavabdehdən pulunu tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək ona olan borcunu ödəməkdən imtina etmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi 6000 manat pulun və ödədiyi dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və bildirdi ki, o, qız övladının toy mərasimini təşkil etmək üçün iddiaçıdan borc pul almamışdır. Qız övladının toy mərasimini təşkil etmək üçün bankdan pul götürmüşdür. Həyat yoldaşı X1 sonuncunun müalicəsi üçün iddiaçıdan faizə 3200 manat borc pul almışdır. Həmin borc pulun müəyyən məbləği ilk 2 ay ərzində həyat yoldaşı A.Həsənov tərəfindən ödənilmiş, lakin bundan sonra A.Həsənov vəfat etmiş və borc pulun qalan hissəsinin ödənilməsi onun öhdəsinə düşmüşdür. Sonrakı müddətlərdə o, aldığı borc pulu faizi ilə birlikdə tam şəkildə ödəmişdir. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. İddiaçıdan aldığı 3200 manat borc pulu hissələr şəklində ödəyərkən ondan heç bir qəbz almamış, pulu nağd şəkildə iddiaçının özünə müxtəlif vaxtlarda qaytarmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Şirvan Refional Vəkil Bürosunun vəkili X7 iddia tələbini qəbul etmədi və bildirdi ki, Cavabdeh iddiaçıdan faizə aldığı 3200 manat borc pulun hamısını ödəmişdir. Həmin borc pulun bir hissəsi cavabdehin mərhum həyat yoldaşı A.Həsənov tərəfindən, yerdə qalan hissəsi isə cavabdehin qardaşı tərəfindən edilən maddi yardımın köməkliyi ilə cavabdehin özü tərəfindən ödənilmişdir. Borc pulun ödənilməsi zamanı iddiaçıdan heç bir qəbz alınmamış, pul müxtəlif vaxtlarda nağd şəkildə iddiaçının özünə ödənilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclası zamanı iş üzrə şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, 1998-ci ildən iddiaçı və cavabdehlə qonşu kimi yaşayırlar. Münasibətləri daim normal olmuşdur. Təxminən 2 il bundan əvvəl Cavabdeh övladlarının toy mərasimini təşkil etmək üçün İddiaçı 6000 manat borc pul almış, lakin sonradan həmin borc pulu ödəyə bilməmişdir. Şahid R.Ağayevanın sözlərinə görə İddiaçı Cavabdeh 6000 manat borc pulu verərkən o, İddiaçı məxsus mənzilin mətbəxində olmuş və danışıqlardan başa düşmüşdür ki, iddiaçı cavabdehə 6000 manat borc pul vermişdir. Lakin, o, pulun cavabdehə verilməsinin şahidi olmamış, habelə cavabdeh həmin vaxt onun mənzilin mətbəxində olmasından xəbəri olmamışdır. Bundan bir müddət sonra iddiaçı ilə cavabdeh arasında borcun qaytarılması barədə mübahisələr yaranmış və o, qonşu kimi dəfələrlə Cavabdeh aldığı borcun qaytarmasını bildirmişdir. Cavabdeh özünə məxsus torpaq sahəsini sataraq borcu qayataracığını dəfələrlə bildirmişdir. Məhkəmə iclası zamanı iş üzrə şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, Cavabdeh anasıdır. Əvvəllər iddiaçı ilə cavabdeh arasında mehriban qonşuluq münasibətləri olmuşdur. Cavabdeh iddiaçıdan faizə 3200 manat pulu borc almışdır. Onlar arasındakı razılaşmaya əsasən Cavabdeh aylıq 508 manat pul ödəməli imiş. Cavabdehin həyat yoldaşının sağlığında borc pulu o, ödəmiş, həyat yoldaşı vəfat etdikdən sonra pulun yerdə qalan hissəsini Cavabdeh ödəmişdir. Borc pulun yerdə qalan hissəsinin qayatarılması üçün o, özü də, aldığı pensiyadan dəfələrlə Cavabdeh maddi yardım etmişdir. Məhkəmə iclası zamanı iş üzrə şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, Cavabdeh onun bacısı qızıdır. Cavabdeh iddiaçıdan faizə 3200 manat pulu borc almışdır. Onlar arasındakı razılaşmaya əsasən Cavabdeh aylıq 508 manat pul ödəməli imiş. Cavabdehin həyat yoldaşının sağlığında borc pulu o, ödəmiş, həyat yoldaşı vəfat etdikdən sonra pulun yerdə qalan hissəsini Cavabdeh ödəmişdir. Borc pulun yerdə qalan hissəsinin qaytarılması üçün o, özü də, aldığı pensiyadan dəfələrlə Cavabdeh maddi yardım etmişdir. Məhkəmə iclası zamanı iş üzrə şahid qismində dindirilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru X4 bildirdi ki, iddiaçı və cavabdeh qonşudurlar. Onlar arasında bir neçə dəfə borc pulun qaytarılması ilə əlaqədar mübahisələr baş vermişdir. Həmin mübahisələr zamanı cavabdeh iddiaçıdan borc adlığını etiraf etmişdir. Bundan başqa, yazılı izahat verərkən cavabdeh iddiaçıya borcu olduğunu etiraf etmiş və bununla əlaqədar mübahisə etdiklərini bildirmişdir. Borcun məbləği və onun nə vaxt, hansı məqsədlə götürülməsi ona məlum olmamışdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş CD diskdən görünür ki, diskdə olan fayllarda əks edilmiş səs yazısında cavabdeh qısa zaman kəsiyində pulu qaytaracağını bildirir, lakin həmin səs yazısında iddiaçı və ya cavabdeh tərəfindən borcun nə qədər olması bildirilməmişdir. Bundan başqa məhkəmədə şahid qismində ifadə vermiş X8 iddiaçı tərəfindən cavabdehə borc verilməsini təsdiq etsə də, borcun verilməsi anının şahidi olmadığını bildirmiş, həmin gün iddiaçıya məxsus mənzilin mətbəxində olarkən nə üçün gizləndiyinin və aşkara çıxmadığının səbəblərini izah edə bilməmişdir. O, sadəcə olaraq iddiaçının ona dediyi sözlərdən billmişdir ki, sonuncu cavabdehə 6000 manat borc pul vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru X4 iddiaçı ilə cavabdeh arasında baş vermiş mübahisələr zamanı polis əməkdaşı kimi xidməti vəzifələrini icra edərkən mübahisənin borc pulun qaytarılmaması ilə əlaqədar baş verdiyini bildirsə də, borcun məbləği, habelə borcun alınma zamanı barəsində məlumatı olmadığını bildirmişdir. Qeyd edilən hallara görə məhkəmə şahidlər R.Ağayevanın və R.Cəfərovun ifadələrini iddiaçı tərəfindən cavabdehə borc pulun verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Bundan başqa, iş materiallarında olan Cavabdeh tərəfindən Hacıqabul RPŞ-nə ünvanlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələrdə o, iddiaçı ilə aralarında borc münasibətlərinin olmasını etiraf etsə də, borcun məbləği qeyd edilməmişdir. Göründüyü kimi məhkəmə iclası zamanı iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla iddiaçı tərəfindən cavabdehə 6000 manat borc pulun verilməsi öz təsdiqini tapmamışdır Mülki Prosesual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh məhkəmə iclası zamanı iddiaçıdan 3200 manat faizə borc pul aldığını etiraf edərək sonradan həmin borc pulu faizi ilə birlikdə tam şəkildə qaytardığını bildirmişdir. Lakin cavabdeh tərəfindən həmin məbləğin iddiaçıya qaytarılmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, Cavabdeh faizə aldığı 3200 manat borc pulun ödənilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmiş, o, borc pulu hissə-hissə nağd şəkildə müxtəlif vaxtlarda iddiaçının özünə qaytardığını, hətta bir dəfə borc pulun aylığa düşən hissəsini iddiaçıya məxsus mənzilin pəncərəsindən ona verdiyini bildirmişdir. Bundan başqa, cavabdeh tərəfdən məhkəməyə təqdim edilmiş şahidlər X5 və X6 əvvəla cavabdehin müvafiq olaraq anası və xalasıdır. Məhkəmə qeyd edilən şahidlərin işin cavabdehin xeyrinə nəticələnməyində maraqlı olmalarını qeyd edir. Bundan başqa, şahidlər S.İbrahimova və S.Həsənova cavabdehin iddiaçıdan faizə 3200 manat pulun borc alındığını, sonradan həmin borc məbləğinin tam şəkildə ödənildiyini bildirsələr də, borc məbləğinin hissələr şəklində ödənilməsinin şahidi olmadıqlarını bildirmişlər. Yalnız S.İbrahimova bildirmişdir ki, o, aldığı pensiyanın müəyyən hissəsini borcun qaytarılmasına kömək üçün cavabdehə vermişdir. Lakin cavabdeh tərəfindən hansı məbləğdə borcun qaytarılmasının şahidi olmamışdır. Eyni zamanda, iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli Qərarlardan görünür ki, cavabdeh iddiaçıdan faizə 3200 manat pulun borc almış və həmin borcu tam şəkildə ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 433.3. öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 739.2. borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri əmələ gəlmişdir. Lakin, tərəflər müqaviləni qanunla müəyyənləşdirilmiş şərtlərə əməl etmədən bağlamış və bu səbədən həmin müqavilə etibarsız şəkil almışdır. Mülki Məcəllənin tələblərinə əsasən əqd etibarsız olduqda onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Eyni zamanda, Mülki Məcəllənin tələblərinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Hazır ki, iş üzrə məhkəmə iclası zamanı iddiaçı iddia ərizəsində qeyd etdiyi 6000 manat pulu cavabdehə borc verməsini sübut edə bilməmişdir. Bununla belə, cavabdeh iddiaçıdan faizə 3200 manat pulun borca götürdüyünü etiraf etdiyindən və həmin məbləğin iddiaçıya ödədiyini sübuta yetirə bilmədiyindən 3200 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 42 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i̇ : İddia qismən təmin edilsin. Cavabdeh 3200 (üç min iki yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 42 (qırx iki) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-65/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-65/2024
08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver