Məhkəmə qərarları › İş №2(071)-655/2021

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-655/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-655/2021 30.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 11.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.12.2015-ci il tarixli 0240/15 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 4.031,80 manat əsas borc, 4.444,48 manat faiz borcu, 763,27 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilən müddət üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən 5 faizlə hesablanmış 534,80 manat olmaqla, ümumilikdə 9.774,35 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Azər Əmirov Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən, işə bankın nümayəndəsi olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və cavabdeh X2 məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin və Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh X1 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, o, 24.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 4.031,80 manat əsas borcu olmasını etiraf edir. O, bankdan 4.350 manat borc almışdır. Aldığı 4.350 manat əsas borcu və ona illik 29%lə hesablanan 2.212,44 manat faiz borcu olmaqla, ümumilikdə 6.562,44 manat borcu 24.12.2018-ci il tarixə kimi İddiaçı ASC-yə qaytarmalı idi. O, müqavilə üzrə 1.698 manat borcu banka ödəmişdir. Bank ödədiyi məbləğin 318,20 manatını əsas borcdan silərək, əsas borcun məbləğini 4.031,80 manat qaldığını qeyd etsə də, qalan 1.379,80 manatı isə faiz borcuna silməli olduğu halda bunu etməmişdir. İddiaçı əsassız olaraq onun banka olan faiz borcunun 4.444,48 manat olduğunu göstərmişdir. Bundan əlavə iddiaçı əsassız olaraq ona 763,27 manat cərimə hesablamış və kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilən müddət üçün illik 5 faizlə 534,80 manat borc hesablamışdır. Hazırda o, banka olan əsas borcunu ödəməyə etiraz etmir. Qalan hissədə iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, 24.12.2015-ci il tarixli kredit müqaviləsinin müddəti 24.12.2018-ci il tarixdə başa çatmışdır. Bu səbəbdən onun zaminliyinə xitam verilməlidir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, cavabdehlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.12.2015-ci il tarixli 0240/15 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 illik 29 faiz olmaq şərti ilə 36 ay müddətinə 4.350 manat kredit vermişdir. Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1, zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 24.12.2015-ci il tarixli 0240/15 nömrəli zaminlik müqaviləsinə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh2 borcalan Cavabdeh1 24.12.2015-ci il tarixli 0240/15 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyyət daşımağı öhdələrinə götürüşlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Kreditor müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcu vaxtında lazımi qaydada ödəməmişlər və öhdəliyin icrasını gecikdirmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun verdiyi 23.08.2021-ci il tarixli arayışında göstərilmişdir ki, Cavabdeh1 24.12.2015-ci il tarixli 0240/15 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 05.08.2021-ci il tarixə 4.031,80 manat əsas borcu, müqavilənin müddətinin bitdiyi 24.12.2018-ci il tarixə hesablanmış 4.444,48 manat faiz borcu, 763,27 manat cərimə borcu və kredit müqaviləsinin müddətinin bitdiyi 24.12.2018-ci ildən 05.08.2021-ci il tarixə kimi gecikdirilmiş müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə hesablanmış 534,80 manat olmaqla, cəmi 9.774,35 manat borcu yaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış 763,27 manat dəbbə pulu azaldılaraq 60 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 24.12.2015-ci il tarixli 0240/15 nömrəli kredit müqaviləsi üzrə yaranmış borc yalnız borclu Cavabdeh1 tutulmalıdır. Zaminlər Cavabdeh3 və Cavabdeh2 ilə kreditor İddiaçı ASC arasında bağlanmış 24.12.2015-ci il tarixli zaminlik müqaviləsinin müddəti 24.12.2015-ci il tarixli kredit müqaviləsinin müddətinin bitdiyi gün, yəni 24.12.2018-ci il tarixdə başa çatdığına və kreditor 11.10.2021-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə, 24.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş borcun ödənilməsi zaminlərdən tələb edilə bilməz. 24.12.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh3 və Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Hazırda zaminlər borcun ödənilməsi üçün məsuliyyət daşımırlar. Çünki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Bundan başqa məhkəmə qeyd edir ki, 24.12.2015-ci il tarixli kreditin ödənilməsi cədvəlinə əsasən borcalan Cavabdeh1 24.12.2015-ci il tarixli müqavilə üzrə aldığı 4.350 manat əsas borcu və ona illik 29%-lə hesablanan 2.212,44 manat faiz borcu ilə birlikdə, cəmi 6.562,44 manat borcu 24.12.2018-ci il tarixə kimi İddiaçı ASC-yə qaytarmalı idi. Borcalan Cavabdeh1 24.12.2015-ci il tarixli müqaviləsi üzrə 25.01.2016-cı ildən 20.10.2018-ci il tarixə kimi olan müddət ərzində 1.698 manat borcu banka ödəmişdir. Bank borcalanın ödədiyi məbləğin 318,20 manatını əsas borcdan silərək, əsas borcun məbləğini 4.031,80 manat qaldığını qeyd etsə də, müqavilə müddətinə ödəniş cədvəlinə əsasən 24.12.2018-ci il tarixə kimi cəmi 2.212,44 manat faiz borcu ödənilməli olduğu halda, əsassız olaraq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun verdiyi 23.08.2021-ci il tarixli arayışda müqavilə müddətinə, yəni 24.12.2018-ci il tarixə kimi hesablanan faiz borcunun məbləğini 4.444,48 manat göstərmişdir. Çünki, ümumi faiz borcu müqavilədə nəzərdə tutulan məbləğdən, yəni 2.212,44 manatdan artıq ola bilməz. Əksinə borcalanın ödədiyi 1.698 manat vəsaitdən 318,20 manatını əsas borcdan sildikdən sonra, qalan 1.379,80 manatı isə faiz borcundan silinməsini həyata keçirməmiş və faiz borcunun məbləğini əsassız olaraq şişirtmişdir. Odur ki, məhkəmə hesab edir ki, borcalanın ödədiyi 1.698 manat vəsaitdən 318,20 manatı əsas borcdan silindikdən sonra, qalan 1.379,80 manatı 2.212,44 manat faiz borcundan çıxalmaqla, müqavilə müddətinə ödənilməmiş qalan faiz borcunun məbləği 832,62 manat təşkil etməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh (borcalan) Cavabdeh1 24.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 4.031,80 manat əsas borc, hesablanmış 832,62 manat faiz borcu, 60 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi 24.12.2018-ci ildən 05.08.2021-ci il tarixə kimi gecikdirilmiş müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə hesablanmış 534,80 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.489,22 manat tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbi cavabdeh (borcalan) Cavabdeh1 qarşı qalan hissədə rədd edilməlidir. İddia tələbi - cavabdehlər (zaminlər) Cavabdeh3 və Cavabdeh2 qarşı hissəsində tam rədd edilməlidir. 24.12.2015-ci il tarixli 0240/15 nömrəli zaminlik müqaviləsi üzrə zaminlər Cavabdeh3 və Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (borcalan) Cavabdeh1 24.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 4.031,80 manat əsas borc, hesablanmış 832,62 manat faiz borcu, 60 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi 24.12.2018-ci ildən 05.08.2021-ci il tarixə kimi gecikdirilmiş müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə hesablanmış 534,80 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.489,22 (beş min dörd yüz səksən doqquz manat iyirmi iki qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi cavabdeh (borcalan) Cavabdeh1 qarşı qalan hissədə rədd edilsin. İddia tələbi - cavabdehlər (zaminlər) Cavabdeh3 və Cavabdeh2 qarşı hissəsində tam rədd edilsin. 24.12.2015-ci il tarixli 0240/15 nömrəli zaminlik müqaviləsi üzrə zaminlər Cavabdeh3 və Cavabdeh2 zaminliyinə xitam verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar