Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-671/2024 16.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 6000 manat pulu və dövlət rüsumu kimi ödədiyi 80 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şahid yaxından tanıyır, Şahid tanışlığı ilə 05 dekabr 2023-cü il tarixdə cavabdeh onun yaşadığı evə gələrək avtomobil almaq məqsədilə ondan 6.000 manat borc pul istəmişdir. O, Şahid iştirakı ilə hər ay 1.000 manat qaytarmaq şərti ilə cavabdehə 6.000 manat borc pul verməklə yazılı müqavilə bağlamışdır. Müqaviləyə cavabdeh özü imza etmişdir. Borcun verilməsindən bir müddət keçməsinə baxmayaraq cavabdeh razılaşdırılmış müddətdə borc məbləği üzrə hər hansı ödəniş etməmişdir. O, cavabdehdən borcun ödənilməsini tələb etdikdə, qaytaracağı barədə vəd verməsinə baxmayaraq vədinə əməl etməmişdir. Bu səbəbdən cavabdehin yaşadığı evə gedib onun atasına məlumat vermiş sonuncu isə ona məhkəməyə müraciət etməsini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsinə dair qətanamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara əsasən o, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş səsyazı və videoçəkilişdəki qadın səsinin ona aid olamasını təsdiq etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçıdan 6000 manat deyil 2000 manat pul almışdır. İddia tələbinin 2000 manat hissədə təmin edilməsini məhkəmədən xahiş edir. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, Şahid onun dostudur. Həmin dostu vasitəsilə iddiaçını tanımışdır. Bundan başqa, İddiaçı bütün Şirvan şəhəri ərazisində faizlə borc verən səlimçi olaraq tanınır. İddiaçının şifahi qaydada müəyyən etdiyi qaydalara görə o, borclularla hər 1000 (bir min) manat borca görə 3000 manat borcun alınmasına dair yazılı müqavilə bağlayır. Dostu Şahid təcili pula ehtiyacı olduğu üçün onun xahişi ilə İddiaçı ilə xx.xx.2023-cü il tarixli müqaviləni o, özü imzalamasına baxmayaraq faktiki olaraq 2.000 pul vəsaitini Kənan götürmüşdür. Belə ki, Kənanın götürdüyü 2000 manata görə o, guya 6.000 manat pul vəsaitini borc olaraq almasına dair məcburiyyətdən müqaviləyə imzalamışdır. Həqiqətdə isə müqaviləni imzalamaqda məqsəd Kənanın götürdüyü borca zamin durmaq olmuşdur. Müqavilə şərtlərinə görə Kənan faktiki olaraq götürdüyü borcun aylıq ödənişlərini yerinə yetirmədiyi üçün, iddiaçı ondan borcun ödənilməsini tələb etmişdir. O, da öz növbəsində Şahid borcu ödəməsini tələb etməsinə baxmayaraq, sonuncu onun da tələbini yerinə yetirməmişdir. Odur ki, göstərilənlərə əsasən onun müqaviləyə imzalayaraq götürdüyü öhdəlik üzrə 2000 manat borcu etiraf edir, qalan hissədə isə tələbin rədd edilməsini məhkəmədən xahiş edir. Verilmiş suallara əsasən o, əlavə olaraq bildirir ki, izahatında göstərilən xüsusatlara dair məhkəməyə sübut olaraq iddiaçı ilə aralarında olan və onun tərəfindən gizli olaraq qeydə alınmış audioyazı və videoçəkiləşə dair diski məhkəməyə təqdim edir. Məhkəmə, iddiaçını və cavabdehin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı Cavabdeh 6000 manat pulu borc kimi vermişdir. İş materiallarına əlavə edilmiş diskdə olan səs yazısından və videoçəkilişdən müəyyən olunur ki, İddiaçı Cavabdeh faktiki olaraq 2.000 manat borc verdiyini və əsas borclunun Kənan adlı tanışlarının olmasını dolayısı ilə etiraf etmiş, cavabdehin arqumentlərinə etiraz etməmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, tərəflər arasında yazılı qaydada bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsində iddiaçı tərəfindən 6000 manat borcun verilməsi qeyd olunmasına baxmayaraq, faktiki olaraq 2000 manat məbləğində borc verilmişdir. Eyni zamanda müqavilədən borcun faizlə verilməsi göstərilməmiş, tərəflərin buna dair razılaşma şərtləri müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, normal şərtlər daxilində hər hansı şəxsin 2.000 manat borc aldığı halda 6.000 manat borcun alınmasına dair müqaviləni imzalaması ağlabatan və məntiqli deyildir. Belə ki, ölkə ərazisində fəaliyyət göstərən banklar tərəfindən müəyyən edilmiş qaydalar çərçivəsində 2.000 manat vəsaitin bankdan kredit götürülməsi daha sərfəlidir. Bundan başqa tərəflər arasında iddia edilən borc məbləğləri arasındakı fərq olan 4000 manat pulun bağışlanmasına dair tərəflər arasında münasibətlərin olmaması da aşkardır. İşin faktiki hallarında müəyyən edilir ki, tərəflər arasında ağır şərtlər daxilində bir əqd bağlanmışdır. Dolayısı ilə bir tərəfin, yəni cavabdehin və onun tanışının pula şiddətli dərəcədə ehtiyacının olması səbəbiylə düşdüyü vəziyyətdən digər tərəf olan iddiaçı aşkar şəkildə sui-istifadə etmişdir. İşin hallarından göründüyü kimi, faktiki olaraq istifadə etmədiyi və yararlana bilmədiyi 6000 manat borcun qaytarılmasına dair öz üzərinə öhdəlik götürmüşdür. Bu nöqteyi nəzərdən məhkəmə hesab edir ki, AR MM-nin 339.1-ci maddəsinin tələbləri baxımından hazırkı əqd, yəni, cavabdeh tərəfin ağır vəziyyətə düşməsi, iddiaçı tərəfin isə bundan istifadə etməsi nəticəsində cavabdehin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu xx.xx.2023-cü il tarixli müqavilə, ağır şərtli əqd olmaqla etibarsız hesab edilməlidir. Həmçinin iş materialları ilə sübuta yetirilir ki, mübahisə predmetini təşkil edən müqavilə əsasında faktiki olaraq 2000 manat borcun geri qaytarılması ilə bağlı cavabdeh iddiaçı qarşısında öhdəlik götürmüşdür. Qeyd olunan cavabdehin məhkəməyə təqdim etdiyi diskdə öz əksini tapan səsyazısı və videoçəkilişlə təsdiq olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olubolmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə həmçinin qeyd edir ki, nə qədər ki, cavabdeh iddiaçıdan 2000 manat pul götürdüyünü və qaytarmadığını etiraf edir, cavabdeh iddiaçıdan götürdüyü pulu ödəməli olduğu halda onun pulunu qaytarmamaqla əsassız olaraq varlanmış, hazırda onun cavabdehə 2.000 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında əsassız varlanmadan irəli gələn öhdəlik münasibəti əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2.000 (iki min manat) manat alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min manat) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 40 (qırx manat) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-671/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-671/2024
16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver