Məhkəmə qərarları › İş №2(071)-679/2022

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-679/2022

12.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-679/2022 12.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ailə başçısının itirilməsinə görə zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “ailə başçısının itirilməsinə görə zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdehndən ailə başçısının itirilməsinə görə zərərin əvəzi olaraq övladları - xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək və mərhumun X2 arvadı olaraq ona sonuncu övladı 14 yaşına çatanədək hər ay hər uşağa ayrılıqda 150 (yüz əlli) manat, ona isə 100 (yüz) manat olmaqla, ümumilikdə 550 (beş yüz) manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, mərhum əri X6 ilə xx.xx.2004-cü il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X11 adlı üç övladı doğulmuşdur. X1 xx.xx.2019-cu il tarixdən Cavabdehndə fəhlə işinə qəbul edilmişdir. İlkin həmin şirkətdə fəhlə vəzifəsinə qəbul edilməsinə baxmayaraq özünün bildirdiyinə görə müxtəlif işlərin icrasına cəlb edilmişdir. İlkin Baxşaliyev xx.xx.2020-ci il tarixdə saat 10:40 radələrində fəhlə işlədiyi Hacıqabul rayon Atbulaq kəndində yerləşən "xxxx" MMC-nin istixana kompleksinin giriş hissəsinin dam örtüyünün üzərində təmir işləri görən zaman yıxılaraq qapalı kəllə beyin travması almış, dərhal xəstəxanaya çatdırlsa da, xx.xx.2020-ci il tarixdə “Baku City” Hospitalda aldığı xəsarətdən vəfat etmişdir. Bu barədə Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli 251 nömrəli akt qeydi əsasında ölüm haqqında şəhadətnamə verilmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(071)-129/2021 nömrəli hökmü ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə, 01 (bir) il müddətində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə vəzifə tutma və fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə, ona 01 (bir) il sınaq müddəti təyin edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, ailədə yeganə qazanc gətirən mərhum əri X2 cavabdehə məxsus şirkətdə ölməsi, hazırda onun və üç övladının maddi cəhətdən çətinlik çəkmələrinə səbəb olmuşdur. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizə və barışıq sazişini təqdim edərək, izahatında bildirdi ki, tərəflər xx.xx.2022-ci il tarixdə aralarında barışıq sazişi bağlanmışlar. Barışıq sazişinin şərtləri və nəticələrə tərəflərə aydındır. Odur ki, barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmənin elektron poçtuna ərizə ünvanlayaraq, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə baxış iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və təqdim olunan barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, tərəflərin xx.xx.2022-ci tarixdə bağladığı barışıq sazişini, tərəflərin barışıq sazinin bağlanmasına dair ərizələrini, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2004-cü il tarixli AZ-İ 035018 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, X6 ilə X9 xx.xx.2004-cü il tarixdə 26 nömrəli akt qeydi ilə nikahlarını bağlanmışlar. Nikah bağlanandan sonra arvada Baxşaliyeva soyadı verilmişdir. Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZ-İİ № 053281 nömrəli, xx.xx.2017-ci il tarixli AZ-İİİ 954295 nömrəli və xx.xx.2018-ci il tarixli AZ-İV 006071 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, X6 ilə İddiaçı birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X11 adlı üç övladı var. 0648934 nömrəli əmək kitabçasının surətindən müəyyən edilir ki, X6 xx.xx.2019-cu il tarixdən "xxxx" MMC-də fəhlə vəzifəsinə işə qəbul edilmişdir. “Baku City” Hospitalın baş həkimi T.V.Adıgözəlov tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, X6 xx.xx.2020-ci il tarixdə saat 16:00-da baş-beyinin ağır əzilməsi, sağ alın qapalı təpə nahiyyəsinin hematoması, sol gicgah sümüyünün xətti, ənsə sümüyünün minimal basılmış sınığı, ənsə nahiyyəsinin soyulması, sol körpücük sümüyünün qəlpəli sınığı, Sol tərəfli hematoma , solda 4-5 qabırğanın sınığı diaqnozu ilə “Baku City” Hospitalına daxil olmuş, xəstə əməliyyat olunaraq reanimasiyaya yerləşdirilmişdir. Lakin bütün bunlara baxmayaraq xx.xx.2020-ci il tarixdə saat 04:00da X2 bioloji ölümü baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən X3 ölüm haqqında tibbi rəy verilmişdir. AZ-İİ 117147 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X6 xx.xx.2020-ci il tarixdə baş-beyinin travması səbəbindən vəfat etmiş, bu barədə xx.xx.2020-ci il tarixdə 251 nömrəli akt qeydi ilə qeyd edilmişdir. İş materiallarından müəyyən edilir ki, X8 ehtiyatsızlıqdan insan ölümünə səbəb olan əmək mühafizəsi qaydalarını pozma cinayətini törətmişdir. Belə ki, о, xx.xx.2017-ci il tarixli müqavilə əsasında Cavabdeh MMC-də SƏTƏM (sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi) üzrə mütəxəssis vəzifəsində işləyərkən üzərinə texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 2.3 bəndinin, yəni hündürlükdə işləyən işçilərin yerinə yetirdikləri işin xarakterinə uyğun müvafiq ixtisasa malik olması, ixtisas səviyyəsinin (dərəcəsi) peşə-ixtisas təhsili (təlimi) barədə sənədlə təsdiq edilməsinə dair, həmin qaydaların 2.6 bəndinin, yəni hündürlükdə işlərin yerinə yetirilməsinin təhlükəsiz metod və üsullarının öyrədilməsinin bu qaydalarda nəzərdə tutulmuş tələblərə uyğun olaraq həyata keçirilməsinə dair, həmin qaydaların 5.19 bəndinin, yəni iş yerləri dam örtüyünün üzərindədirsə bu zaman burada yerləşdirilən materialların, avadanlıqların, ləvazimatların və insanların ağırlığının layihədə nəzərdə tutulmuş dam örtüyünə düşən yükün çəkisindən çox olmamasına dair, həmçinin “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 1.9 bəndinin, yəni kəlləçarxı işlərin görülməsinə yaşı 18-dən az olmayan, tibbi müayinədən keçmiş və yararlı tanınmış, tarif dərəcəsi 3-dən aşağı olmayan və kəlləçarxı işlərdə bir ildən az olmayaraq iş təcrübəsi olan şəxslərin (fəhlələr və mühəndis-texniki işçilər) buraxılması, birinci dəfə kəlləçarxı işlərə buraxılmış fəhlələrin bir il ərzində təşkilatın əmri ilə təyin olunmuş təcrübəli fəhlələrin bilavasitə nəzarəti altında işləməli olması (qeyd : torpaq səthindən, örtükdən və iş yerindən 5 m hündürlükdə görülən işlər kəlləçarxı işlər hesab olunur, təmir və quraşdırma işlərinin görülməsi zamanı işçilərin hündürlükdən yıxılmasını mühafizə edən əsas vasitə qoruyucu kəmərdir) qaydalarına dair, həmin qaydaların 2.1 bəndinin, yəni iş meydançası, iş sahəsi və iş yerinin təşkili, işin bütün mərhələlərində işçilərin təhlükəsizliyinin təmin edilməsinə dair, həmin qaydaların 2.26 bəndinin, yəni 1.3 m və daha çox hündürlükdə və aşırımdan 2 m-dək məsafədə olan iş yerlərinin 12.4.059-89 DST-ə (dövlət standartlarına) uyğun olaraq müvəqqəti qoruyucu çəpər ilə təmin olunması, qoruyucu çəpərin quraşdırılması mümkün olmadıqda hündürlükdə görülən işlərin 12.4.059-89 DST-na uyğun qoruyucu kəmərlərin istifadəsi ilə yerinə yetirilməsinə dair, həmin qaydaların 12.11 bəndinin yəni, quraşdırıcıların bir konstruksiyadan digərinə keçməsi üçün inventar nərdivandan, məhəccəri olan keçid avadanlıqlarından, körpücüklərdən istifadə olunması, qoruyucu çəpərin tətbiqi mümkün olmayan konstruksiyalardan (fermalardan, riqellərdən və s.) quraşdırıcıların keçməsi xüsusi qoruyucu ləvazimatlar (qoruyucu kəmərin karabinin(qarmağının) bağlanması üçün ferma və ya tirlər boyu etibarlı şəkildə tarım çəkilmiş burazdan) istifadə edilmədən yol verilməməsinə dair tələblərə əməl etməyib texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarını pozmuş, nəticədə Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində yerləşən Cavabdeh MMC-yə məxsus istixana kompleksində fəhlə işləyən X6, xx.xx.2020-ci il tarixdə saat 10:40 radələrində hündürlüyü 5 metr olan istixana kompleksinin giriş hissəsinin dam örtüyünün üzərində təmir işləri apararkən oradan yıxılıb sol körpücük sümüyü üzərinin və sol çanaq tini nahiyəsinin qançırları kimi sağlamlığa zərər vurmayan, solda 3-4-5-6-cı qabırğaların sınığı, sol körpücük sümüyünün sınığı kimi sağlamlığa az ağır zərər vuran, sol gicgah sümüyünün, ənsə sümüyünün, təpə sümüyünün sınıqları, beyinin subdural hematoması, beyin toxumasına qansızma, dalağın zədələnməsi kimi sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq xx.xx.2020-ci il tarixdə xəstəxanada ölmüş, yəni ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X2 ölməsinə səbəb olan texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması cinayətini törətmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(071)-129/2021 nömrəli hökmü ilə X8 Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə vəzifə tutma və fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmiş, ona 01 (bir) il sınaq müddəti təyin edilmişdir. Hazırda tərəflər məhkəmənin təklifini müsbət dəyərləndirmiş və xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlamışlar. İddiaçı ilə Cavabdeh MMC-nin arasında bağlanmış xx.xx.2022-ci il tarixdə barışıq sazişinə əsasən İddiaçı Cavabdehnə qarşı ailə başçısının itirilməsinə görə zərərəin əvəzinin ödənilməsi tələbi üzrə cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı himayəsində olan övladları xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X5 yəni, sonuncunun yetkinlik yaşına çatanadək ona hər ay üzrə 315 (üç yüz on beş) manat, birdəfəlik olaraq isə 5000 (beş min) manat maddi təzminatın ödənilməsi barədə təklifini qəbul etmişdir. Cavabdeh iddia tələbi ilə bağlı iddiaçı ilə razılağa gələrək ailə başçısının itirilməsinə görə zərərəin əvəzi olaraq iddiaçının himayəsində olan övladları xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X5 yəni, sonuncunun yetkinlik yaşına çatanadək xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı hər ay üzrə 315 (üç yüz on beş) manat təzminat ödənilməsi, X1nun vəfat etdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməyən maddi təzminatın əvəzi olaraq isə birdəfəlik 5.000 (beş min) manat maddi təzminatın ödənilməsi barədə təklifini qəbul edir. Cavabdeh iddia tələbi ilə bağlı iddiaçı ilə razılağa gələrək, ailə başçısının itirilməsinə görə zərərin əvəzi olaraq iddiaçının himayəsində olan övladları xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X5 yəni, sonuncunun yetkinlik yaşına çalanadək İddiaçı hər ay üzrə 315 (üç yüz on beş) manat maddi təzminatın ödənilməsi, X1nun vəfat etdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməyən maddi təzminatın əvəzi olaraq isə birdəfəlik 5.000 (beş min) manat maddi təzminatın bu saziş imzalandığı andan 5 (beş) iş günü ərzində iddiaçının bank hesabına ödəməyi öhdəsinə götürür. İddiaçı tərəf üzərinə götürür ki, hazırkı barışıq sazişi tərəflər arasında təsdiq edildikdən sonra cavabdehə qarşı verdiyi iddia tələbindən imtina etməlidir. Hər iki tərəf üzərinə götürür ki, hazırkı barışıq sazişində qeyd olunan müddətdə barışıq sazişi ilə üzərlərinə götürdüyü öhdəliyi tam icra etməlidir. Barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş tərəf bunun nəticəsində öhdəliyini icra etmiş digər tərəf qarşısında dəymiş ziyan həcmində məsuliyyət daşıyır. Barışıq sazişi bir tərəfli qaydada ləğv oluna, dəyişdirilə bilməz. Barışıq sazişi imzalandığı andan qüvvəyə minir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinin tələbinə uyğun olaraq barışıq sazişini təsdiq edənədək Azərbaycan Respublikası MPM-in 261.0.5-ci və 262.4-cü maddələri ilə nəzərdə tutulmuş barışıq sazişinin bağlanması ilə mülki iş üzrə icraata xitam verilməsinin nəticələrini tərəflərə izah etmişdir. Azərbaycan Respublikası MPM-in 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52.3, 191.1, 191.2, 261, 261.0.5, 262-264, 267-268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı və Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı və Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı himayəsində olan övladları - xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X5 yəni, sonuncunun yetkinlik yaşına çatanadək xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı hər ay üzrə 315 (üç yüz on beş) manat təzminat ödənilsin. Cavabdeh "xxxx" MMC tərəfindən X1nun vəfat etdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməyən maddi təzminatın əvəzi olaraq isə İddiaçı birdəfəlik 5.000 (beş min) manat maddi təzminatı bu saziş imzalandığı andan 5 (beş) iş günü ərzində İddiaçı bank hesabına ödənilsin. İddiaçı hazırkı barışıq sazişi tərəflər arasında təsdiq edildiyinə görə cavabdehə qarşı verdiyi iddia tələbindən imtinası qəbul edilsin. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar