Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-679/2025 24.09.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 950 manat borcun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Hacıqabul rayon Atbulaq kəndində yeməkxanası var və həmin yeməkxana öz adına rəsmiləşmişdir. Həmin obyektin yan hissələrində təxminən 2015-ci ildən etibarən ağac əkmiş və həmin yeri dəmir torla əhatəyə alaraq sahibsiz heyvanlardan qorumuşdur. 2021-ci ilin oktyabr ayında Hacıqabul rayon Atbulaq kənd bələdiyyə sədri işləyən Cavabdeh onun işlədiyi obyektə gələrək həmin yerin yan hissələrini açmasını və ya həmin yerin rəsmiləşdirməsini ona bildirmiş, həmin yerdə ağac əksə də, hasarlama işləri aparmayacağını bildirmişdir. Tahirin təhkidi səbəbindən onunla razılığa gələrək onun qeyd etdiyi kimi həmin yerə sənədin hazırlanması ilə bağlı kadastr nümayəndələrini əraziyə dəvət etmişdir. Əraziyə gələn kadastr nümayəndələrinə 40 manat pul vermiş və həmin şəxslərin yanında Tahirə ilkin ödəniş olaraq əlavə 500 manat pul vermişdir. Tahir ona ümumilikdə sənədləşməyə 1000 manat xərcinin çıxacağını və bu yerin tam kadastırını vurularaq onun adına rəsmiləşəcəyini bildirmişdir. Tahirə inandığı üçün heç bir müraciət ərizəsi yazmadan ona pul verərək xəbər gözləmiş, təxminən 10 gün sonra Tahir onun yanına - obyektə gəlib ondan təkrar 500 manat pul istəmiş, Tahirə təkrar 450 manat pul vermişdir. Bir neçə dəfə Tahirlə kənd ərazisində görüşüb sənədin niyə hazırlanmasını soruşmuş, Tahir isə ona bir il gözləməsini bildirmişdir. Lakin sonradan Tahir xəstələndiyindən və təkrar seçki olduğundan Tahirin işdən çıxarılmasını bilmiş, onun yaşadığı ünvana getmiş və sənədləri ondan tələb etsə də, Tahir ona işdən çıxdığını və sənədlərin idarədə qarışıq düşdüyünü bildirmişdir. Yeni seçkidə Tahir yenə də bələdiyyəyə müavin təyin edildiyindən xx.xx.2025ci il tarixdə Tahirin ünvanına təkrar getmiş, ondan sənədləri tələb etmiş, Tahir yenə ona yalan vədlər verərək aldatdığından, Tahirin yanında həmdə onun yaşadığı ünvanın qarşısından bir başa AR DİN-nin 102 zəng məlumat xidmətinə məlumat vermişdir. Onun polisə müraciətindən sonra Tahir ona obyektin yan hissələrində olan torpaq sahəsinin ayrılması barədə “Yerüstü plan” və digər sənədləri təqdim etmişdir. Sənədlər 2020-ci ildə tərtib edilsə də, onun şifahi müraciəti Tahirə 2021-ci ildə olmuşdur. Həmçinin Tahirə yazılı olaraq heç bir müraciət etməmiş və bu sənədlərin nəyin əsasında hazırlanmasını da bilmədiyini və bu səbəbdən Tahirin ünvanına xx.xx.2025-ci ildə təkrar gedib digər sənədləri ondan tələb etmişdir. Tahir ona yalan vədlər verdiyindən ondan 950 manat pulunu geri verməsini tələb etmiş, Tahir ona şər-böhtan ataraq ona pul vermədiyini bildirmişdir. Sonradan Tahir ondan cəmi 500 manat pul aldığını etiraf etsə də, həmin pulun müqabilində işlər gördüyünü bildirmişdir. Cavabdeh tərəfindən borclu olduğu məbləği ödəmədiyindən 09 aprel 2025-ci il tarixdə Cavabdeh Hacıqabul rayon Polis Şöbəsinə şikayət etmişdir. Hazırda Cavabdeh tərəfindən borclu olduğu 950 manat pulu ödəmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 2021-ci ilin oktyabr ayında Hacıqabul rayon Atbulaq kənd bələdiyyə sədri işləyən Cavabdeh onun işlədiyi obyektə gələrək həmin yerin yan hissələrini açmasını və ya həmin yerin rəsmiləşdirməsini ona bildirmiş, həmin yerdə ağac əksə də, hasarlama işləri aparmayacağını bildirmişdir. Tahirin təhkidi səbəbindən onunla razılığa gələrək onun qeyd etdiyi kimi həmin yerə sənədin hazırlanması ilə bağlı kadastr nümayəndələrini əraziyə dəvət etmişdir. Əraziyə gələn kadastr nümayəndələrinə 40 manat pul vermiş və həmin şəxslərin yanında Tahirə ilkin ödəniş olaraq əlavə 500 manatda pul vermişdir. Tahir ona ümumilikdə sənədləşməyə 1000 manat xərcinin çıxacağını və bu yerin tam kadastırını vurularaq onun adına rəsmiləşəcəyini bildirmişdir. Verilmiş suallara əsasən bildirmişdir ki, hazırda cavabdehə vermiş olduğu 950 manat məbləğindəki pulu təsdiq edəcək sübutları olmadığından məhkəməyə təqdim edə bilmir. İddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi və məhkəmədə söylədiyi xüsusatlar həqiqəti əks etdirmir. Onunla iddiaçı arasında belə bir razılaşma nəyinki mövcud olmamış, həmçinin qeyd edilən sahənin kadastrını tərtib etmək üçün buna səlahiyyəti olmamışdır. İddiaçı ona heç bir pul verməmiş, bu barədə aralarında heç bir razılaşma olmamışdır. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul Rayon Polis Şöbəsinin təhqiqatçısı Natiq Ağayev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh Dünyamali oğlu arasında mübahisə mülki xarakterli olduğundan Cavabdeh məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Eyni zamanda qərarda araşdırma zamanı Cavabdeh Dünyamali oğlunun verdiyi izahatından görünür ki, o, 15 il Hacıqabul rayon Atbulaq kəndində bələdiyyə sədri işləmişdir. Hacıqabul rayonu Atbulaq kənd sakini İddiaçı tanıyır, həmkəndlisidir və onunla heç bir düşmənçiliyi ədavəti yoxdur. Təxminən 2020-ci ilin yay aylarında Mehman halhazırda istifadəsində olan yeməkxanasının qarşısında olan ərazidə ağac əkdiyindən həmin ərazini sənədlə öz adına rəsmiləşdirməsini bildirmişdir. Mehman onun sözünə qulaq asaraq həmin ərazidə 0.04 Ha ərazinin sənədləşməsi barədə ona şifahi olaraq ilə müraciət etsə də, lakin onlar arasında heç bir rəsmi sənədləşmə olmamışdır. Həmin vaxtlarda kənd ərazisində bir neçə ərazidə sənədləşmə işi ilə bağlı kadastr idarəsinin əməkdaşları gəldiyindən Mehmanında istifadəsində olan həmin 0.04 Ha torpaq sahəsini kadastr idarəsinin əməkdaşları tərəfindən çəkilməsini özü xahiş etmişdir. Həmin yerin sənədlərinin hazırlanmasında Mehman ondan xəbərsiz həmin şəxslərə 40 manat və daha sonra 500 manat pul vermişdir. Həmin hadisədən təxminən 3-4 ay sonra kadastr idarəsində sənədlər hazır olduğundan sənədləri gedib götürmüş və həmin sənədlərin hazırlanması ilə bağlı Mehmana demiş və Mehmana öz sənədlərinin hazırlanması ilə hərracda iştirak etməsini də bildirmişdir. Mehman ona maddi imkanı olmadığını bildirmiş və maddi imkanı olarkən təkrar müraciət edəcəyini bildirmişdir. Bu səbəbdən həmin sənədləri aparıb yaşadığı evdə Hacıqabul rayon Atbulaq kəndində saxlamışdır. 2025-ci ilin yanvar ayında təkrar seçki keçirildiyindən onu tutuduğu vəzifəyə iki ay öncə xitam verilmiş, ərazilər birləşdirildiyindən hal-hazırda bələdiyyənin üzvü olaraq təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə Mehman onun yaşadığı evə gələrək hal-hazırda istifadəsində olan ərazinin sənədlərini tələb etmiş, Mehmana digər ödənişlər etmədiyindən onun sənədinin tam hazır olmadığını bildirmiş və bir neçə gün sonra onda olan kadastr idarəsindən götürdüyü sənədləri ona təqdim etmişdir. Mehman ona böhtan ataraq guya ona 500 manat bir və daha sonra 450 manat bir pul vermiş, həmin 950 manat müqabilində sənədlərin hazırlanmasını əks təqdirdə 950 manat pulu qaytarmasını istəmişdir. Mehmanın tələbi böhtan xarakterli olduğundan onunla razı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X1 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırda işin faktiki hallarına əsasən verilən pulu sübut etmək vəzifəsi İddiaçı, verilmiş pulun qaytarılması məsələsini sübut etmək isə Cavabdeh üzərinə düşür. Lakin, İddiaçı iddia tələbini sübut edə biləcək mötəbər dəlilləri məhkəməyə təqdim etməmiş, istinad etdiyi halları sübutu kimi sadəcə xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı məhkəməyə təqdim etmişdir. Həmin qərarda ərizədə qeyd olunmuş hallar qismən öz təsdiqini tapsa da, qərar məhkəmə tərəfindən tədqiq edilən zaman istər tərəflərin ibtidai araşdırma zamanı vermiş olduğu ifadələrində, istərsə də işin qeyd edilən işin digər hallarında iddiaçı tərəfindən müəyyən hüquqi hərəkətlərin yerinə yetirilməsi ilə bağlı cavabdehə pul verdiyi öz təsdiqini tapmır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbi borcun tutulması hissədə təmin edilmədiyindən, məhkəmə xərcləri də cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh 950 manat borcun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-679/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-679/2025
24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver