Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-68/2024 19.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 5200 manat pulun və dövlət rüsumu kimi ödədiyi 72 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə 6000 manat borc pul vermiş, cavabdeh həmin məbləğdən sadəcə 800 manat pulu ona geri qaytarmışdır və qeyd olunan borc pulun qalığı olan 5200 manat pulu uzun müddətdir ki qaytarmaqdan boyun qaçıraraq ona müxtəlif bəhanələr gətirərək aldadır. Ona görə də, məcbur qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, 2022-ci ildə o, Hacıqabul şəhərində olan evini 12000 manata satmışdır. Həmin pulun 4000 manat hissəsini lazım olduğuna görə özü götürmüş, Bakı şəhərində kirayədə yaşadığından, qalan 8000 manat hissəsini etibarlı olsun deyə saxlaması üçün X2ya vermişdir. 2022-ci ilin təxminən yay ayları olan vaxt bacısı Azadə ona zəng edərək Cavabdeh 6000 manat borc pul istədiyini, özünün pulunun olmadığını, əgər razı olarsa onun pulundan vermək istədiyini demişdir. O, Cavabdeh əvvəldən tanıdığından bacısına etiraz etmədiyini, onun pulundan 6000 manat hissəsini Cavabdeh verə biləcəyini bildirmişdir. X2 6000 manat pulu Cavabdeh vermişdir. Bir müddət sonra Cavabdeh borc kimi aldığı pulu hissə-hissə qaytarmağa başlamış və bugünədək o, ümumilikdə 3000 manat pulu geri qaytarmış və qalan 3000 manat pulu isə qaytarmamışdır. Odur ki, həmin pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, 2022-ci ilin təxminən iyul ayında o, iddiaçının bacısı Azadəyə müraciət edərək ona borc kimi 3000 manat pul verməsini istəmişdir. Qısa müddət sonra Azadə ona 3000 manat pulu faizlə borc kimi vermişdir. Həmin vaxt o, pulun Azadəyə və ya onun bacısına məxsus olmasını bilməmişdir. Aldığı pulu bir müddət sonra üzərində 600 manat faizi ilə birlikdə geri qaytarmışdır. Onun iddiaçıya və ya bacısı Azadəyə hər hansı məbləğdə borcu yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, iddiaçı Aysel onun bacısıdır. Aysel evini satdıqdan sonra pulunun bir hissəsini saxlaması üçün ona vermişdir. Bir gün Cavabdeh ondan borc kimi 6000 manat pul istəmişdir. Əvvəllər də aralarında borc münasibətləri olduğundan və bir neçə dəfə özü Cavabdeh borc kimi pul aldığından, onun istəyini yerinə yetirmək istəmişdir. Lakin, özünün pulu olmadığına görə bu barədə bacısı Ayselə demişdir. Aysel isə onda olan pulundan 6000 manatı Cavabdeh verməyə etiraz etməmişdir. Bu səbəbdən o, bacısı Ayselə məxsus olan 6000 manat pulu Cavabdeh borc kimi vermişdir. Cavabdeh aldığı pulun 200 manat hissəsini elə ilk bir həftə içərisində qaytarmış, sonra isə hissə-hissə pulun qalan hissəsini qaytarmağa başlamışdır. O, aldığı pulun təxminən 2700-3000 manat hissəsini qaytarmış, qalanını isə qaytarmamışdır. İş materiallarında olan Cavabdeh Hacıqabul rayon Polis Şöbəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, Azadə adlı qadından ümumilikdə 6000 manat pulu borc kimi götürmüş, onlara hissə-hissə olmaqla 3600 manat pul qaytarmış, hal-hazırda onlara 3000 manat borclu qalmışdır. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 6000 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etmişdir. Belə ki, iddiaçı tərəfindən dəvət edilmiş və məhkəmə iclasında şahid qismində dindirilmiş Azadə Hüseynova ifadəsində bildirmişdir ki, iddiaçıya məxsus 6000 manat pulu onun razılığı ilə cavabdehə borc kimi vermişdir. Həmçinin, cavabdehin özü də polis şöbəsində verdiyi izahatında iddiaçının bacısından 6000 manat pulu borc kimi aldığını etiraf etmişdir. İddiaçının izahatından və şahidin ifadəsindən müəyyən edilir ki, borc kimi verilmiş pul vəsaiti əslində iddiaçıya məxsus olmuş və iddiaçının razılığı əsasında cavabdehə verilmişdir. Mülki Məcəllənin 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Bu mənada məhkəmə hesab edir ki, cavabdehə borc kimi verilmiş pul vəsaiti iddiaçıya məxsus olduğundan və həmin pul vəsaiti iddiaçının razılığı ilə onun bacısı tərəfindən cavabdehə verildiyindən, şifahi qaydada borc müqaviləsi əslində iddiaçı ilə cavabdeh arasında bağlanmış hesab edilməlidir və iddiaçı borc kimi verilmiş həmin pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır. Lakin, iddia tələbində borc kimi alınımış pulun 800 manat hissəsinin qaytarıldığı, 5200 manat hissəsinin idə qaytarılmadığı qeyd edilsə də, iddiaçı özü məhkəmə iclasında bildirmişdir ki, cavabdeh borc kimi aldığı 6000 manat pulun 3000 manat hissəsini qaytarmış, qalan 3000 manat hissəsini isə qaytarmamışdır. Cavabdeh isə məhkəmə iclasında verdiyi izahatında cəmi 3000 manat pulu borc kimi aldığını və həmin pulu tamamilə qaytardığını bildirsə də, sonuncu dəfə o, polis şöbəsində xx.xx.2023-cü il tarixdə verdiyi izahatında ümumilikdə 6000 manat borc pul aldığını və hazırda 3000 manat borcu qaldığını bildirmişdir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc kimi alınmış pulun qaytarılmasını sübut etmək vəzifəsini borcalan daşıyır, lakin cavabdeh bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da cavabdehə borcun qaytarılmasına dair sübutlarını təqdim etməsi təklif olunsa da, cavabdeh borcun qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar onu deməyə əsas verir ki, cavabdeh borc kimi aldığı 6000 manat pulun 3000 manat hissəsini qaytarmış, qalan 3000 manat hissəsini isə qaytarmamışdır. Bundan başqa qeyd edilməlidir ki, tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan (xx.xx.2023-cü il tarixədək qüvvədə olan) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tərəfindən (onun razılığı ilə) 2022-ci ilin yay aylarında cavabdehə 6000 manat pul borc kimi verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında ümumilikdə 6000 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçıya məxsus həmin pul vəsaiti cavabdehə verilmiş, cavabdeh isə aldığı pulun 3000 manat hissəsini qaytarmış, qalan 3000 manat hissəsini isə qaytarmamışdır. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 6000 manat pul məbləğinin cavabdehə verilməsinə dair yazılı müqavilə bağlanmış olmasa da, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pul məbləğinin verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, Mülki Məcəllənin 337.5, 1091 və 1092-ci maddələrinin tələbləri baxımından cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğinin qaytarılmamış hissəsi olan 3000 manat pulu iddiaçıya qaytarmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia qismən təmin edilməli, 3000 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 41,53 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 41,53 manat (qırx bir manat, əlli üç qəpik) pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(071)-68/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-68/2024
19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver