Məhkəmə qərarları › İş №2(071)-684/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-684/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-684/2023 26.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli SH 00000624 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 7361,98 manat, faiz borcuna görə 676,45 manat və cərimə borcuna görə 240 manat olmaqla, cəmi 8278,43 manat pulun və 103 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tələbin xx.xx.2022-ci il tarixli SH 00000624 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli SH 00000624 saylı saxlanc girov müqaviləsində nəzərdə tutulan qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin kredit müqaviləsi üzrə borcun ödənilməsinə, yetərli olmadığı halda qalan borcun cavabdehdən ümumi qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, SH 00000624 saylı “təminatlı borc və saxlanc girovu haqqında” kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 36% olmaqla, 24 ay müddətinə 7580 manat məbləğində kredit verilmişdir. Kredit borcunun təminatı olaraq cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SH 00000624 saylı müqavilənin ayrılmaz hissəsi olan 3N-i əlavədə sadalanan cavabdehə məxsus 124,9 qram qızıl-zinət əşyaları (müxtəlif əyarlı) girov qismində qoyulmuşdur. Həmin qızıl-zinət əşyalarının dəyəri xx.xx.2022-ci il tarixli Qiymətləndirmə Aktına əsasən aşağıdakı kimi qiymətləndirilmişdir. (Boyunbağı+qolbaq- 1 ədəd, çəkisi- 18,6 qr., əyarı- 750); 1282,02 manat, (Boyunbağı+qolbaq - 1 ədəd, çəkisi- 36,3 qr., əyarı-585); 1960,20 manat, (Qolbaq- 1 ədəd, çəkisi- 21,95 qr., əyarı- 583); 1185,30 manat, (Klon- 1 ədəd, çəkisi- 3,73 qr., əyarı- 750); 257,37 manat, (Komplekt- 1 ədəd, çəkisi - 10,2 qr, əyarı – 583); 550,80 manat, (Boyunbağı-1 ədəd, 2,35 qr., əyarı- 585); 126,90 manat, (Üzük brliant- 4,9 qr., əyarı-750); 338,10 manat, (Üzük-1 ədəd, 4,33 qr., əyarı- 585); 233,82 manat, (Üzük- 3 ədəd 13,55 qr., əyarı- 583); 731,70 manat, (Komplekt- 1 ədəd, 3 qr., əyarı-583); 162 manat, (Sırğa-1 ədəd 6 qr., əyarı-585); 324 manat cəmi: 124,91 qr.) Cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixli, SH 00000624 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixə olan borcu əsas borc: 7361,98 manat, faiz borcu 676,45 manat və cərimə üzrə 240 manat olmaqla, ümumlikdə 8278,43 manat təşkil edir. Cavabdeh kredit müqaviləsinin şərtlərini qərəzli şəkildə pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini tamamilə dayandırmışdır. Cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq öhdəliyini icra etməmiş, bu günə qədər olan borclarını ödəməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdeh kredit müqaviləsi bağlandıqdan sonra kredit borcundan az bir miqdar ödədikdən sonra ödənişləri dayandırmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh kredit borcunu və ona hesablanmış faizləri ödəməmişdir. Cavabdehə məxsus girov qoyulmuş qızıl-zinət əşyaları hazırda iddiaçı tərəfindən saxlanılır. Borc məbləği tam şəkildə ödənildiyi təqdirdə, cavabdehə məxsus qızıl-zinət əşyalarını qaytarmağa hazırdırlar. Lakin, cavabdeh məhkəmə baxışı dövründə də borcunu ödəməkdən imtina etmişdir. Odur ki, iddianın təmin edilərək kredit müqaviləsi üzrə yaranmış əsas borc, faiz borcu və cərimə məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması, tutulmanın girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, onun borcun məbləğini tam şəkildə ödəmək imkanı yoxdur. İddiaçı razılıq verərsə, kredit müqaviləsi üzrə yaranmış əsas borcu ödəmək və girov qoyulmuş qızıl-zinət əşyalarını geri götürmək istəyir. Faiz və cərimə məbləğini ödəmək üçün imkanı yoxdur. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təminatlı borc və saxlanc girovu haqqında müqavilədən və kassa məxaric orderindən görünür ki, İddiaçı MMC (borcverən) ilə Cavabdeh (borcalan) arasında xx.xx.2022-ci il tarixli, SH 00000624 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borcverən borcalana 24 ay müddətinə illik 36 faiz hesablanmaqla 7580 manat kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3.2-ci bəndinə əsasən Borcalan tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, kreditdən istifadəyə görə faizlərin vaxtında ödənilməməsi hallarında borcun qaytarılmasının təminatı olaraq saxlanc girovuna qoyulan girov predmetindən təminat almaq kredit verənin hüququdur. Həmçinin, müqavilənin 3.5-ci bəndində müqavilənin borcalan tərəfindən faizlər 3.2-ci bəndində nəzərdə tutulan tarixdən gec ödənildikdə, hər gecikən gün üçün kreditin məbləği 2000 manata qədər olan kreditlər üçün 1 manat, 2001 manatdan çox olan kreditlər üçün 2 manat cərimə tətbiq olunur. xx.xx.2022-ci il tarixli, SH 00000624 saylı kredit müqaviləsinə 2 saylı əlavədən görünür ki, borcalan tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi 11 adda, ümumi çəkisi 124,90 qram, ümumi dəyəri 7152,21 manat olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 7361,98 manat əsas borcu, 676,45 manat faiz borcu və 240 manat cərimə olmaqla, cəmi 8278,43 manat borcu mövcuddur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, müqavilə üzrə ödənişləri ardıcıl olaraq gecikdirmişdir. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739 və 743-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçınn təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin ödənilməmiş hissəsini və kreditə hesablanmış faiz məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 240 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir Məhkəmə, həmçinin tələbin girov qoyulmuş əşyalara yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş qızıl-zinət əşyalarına yönəldilməlidir. Məhkəmə, eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, SH 00000624 nömrəli kredit müqaviləsi üzrə yaranmış 7361,98 manat əsas borc, 676,45 manat faiz borcu və 50 manat cərimə olmaqla, cəmi 8088,43 manat (səkkiz min səksən səkkiz manat, qırx üç qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 103 (yüz üç) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh məxsus girov predmeti olan ümumi çəkisi 124,9 qram olan 11 adda qızıl-zinət əşyalarına (1.Boyunbağı+qolbaq - 1 ədəd, çəkisi - 18,6 qr., əyarı - 750; 2. Boyunbağı+qolbaq - 1 ədəd, çəkisi- 36,3 qr., əyarı-585; 3. Qolbaq - 1 ədəd, çəkisi- 21,95 qr., əyarı- 583; 4. Klon - 1 ədəd, çəkisi- 3,73 qr., əyarı - 750; 5. Komplekt- 1 ədəd, çəkisi - 10,2 qr, əyarı – 583; 6. Boyunbağı - 1 ədəd, 2,35 qr., əyarı- 585; 7. Üzük br – 1 ədəd, çəkisi - 4,9 qr., əyarı-750; 8. Üzük - 1 ədəd, 4,33 qr., əyarı- 585; 9. Üzük - 3 ədəd 13,55 qr., əyarı- 583; 10. Komplekt - 1 ədəd, 3 qr., əyarı-583; 11. Sırğa - 1 ədəd 6 qr., əyarı-585) yönəldilərək həmin əşyalar açıq hərracdan satılsın və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi təmin edilsin. Satışdan əldə edilən vəsait borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğ Cavabdeh ümumi qaydada tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar