Məhkəmə qərarları › İş №2(071)-686/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-686/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-686/2022 15.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, İddiaçı və cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “borcun və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “borcun və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 420 manat borcun, ona məxsus olan 26 qram çəkidə 2.470 manat dəyərində qızıl boyunbağının, 5,5 qram çəkidə 490 manat dəyərində qızıl üzüyün, 4,5 qram çəkidə 420 manat dəyərində qızıl sırğanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, cavabdeh Quliyeva X4 rayon Muğan qəsəbəsində yaşayır və onlar yaxın rəfiqədirlər. Cavabdeh Elbəyi qızı 2018ci ildə ona müraciət edərək, qızının toyu ərəfəsində ondan bir günlüyünə borca pul istəmişdir. Borcu toydan sonra qaytaracağını bildirmişdir. Cavabdeh Elbəyi qızı ona bildirmişdir ki, qızının toyu olacaq və oğlan evinin qızına nişan üçün gətirdiyi qızılları girova qoyub borc götürmüşdür. Lakin borcu qaytara bilmədiyinə görə qızının qızıllarını geri ala bilmir. Toyda qızıllar olmasa, oğlan evi ilə aralarında böyük narazılıq yaranacaqdır. Bu səbəbdən ondan xahiş etmişdir ki, qızıllarını da versin ki, o, həmin qızılları girov qoyaraq qızına məxsus qızılları geri götürsün və toydan sonra yığılan pulu verib, onun qızıllarını geri qaytaracaqdır. O, cavabdehin çıxılmaz vəziyyətə düşdüyünü, rəfiqə olduqlarını və pulu toydan sonra dərhal qaytaracağına söz verməsini nəzərə alaraq özündə olan 420 manat nağd pulu, özünə məxsus olan 26 qram çəkidə 2.470 manat dəyərində qızıl boyunbağını, 5,5 qram çəkidə 490 manat dəyərində qızıl üzüyünü, 4,5 qram çəkidə 420 manat dəyərində qızıl sırğanı Cavabdeh Elbəyi qızına vermişdir. Cavabdeh Elbəyi qızı onun qızıllarını Təranə adlı faizlə pul verən qadına vermiş və qızına məxsus olan qızılları götürmüşdür. Cavabdeh Elbəyi qızı toydan sonra vədinə əməl etməmiş, ondan aldığı borcu və qızıllarını geri qaytarmamışdır. Qızılların qiymətləndirmə aktında 5,5 qram çəkidə qızıl üzüyün qiyməti - 490 manat, 4,5 qram çəkidə qızıl sırğanın qiyməti - 420 manat, 26 qram çəkidə qızıl boyunbağının qiyməti isə - 2.470 manat müəyyən edilərək möhürlə təsdiqlənmişdir. O, Cavabdeh Elbəyi qızının ona olan borcunu qaytaracağına inansa da, cavabdeh ondan aldıtı pulu və qızılları hazırkı vaxta kimi qaytarmamışdır. Hazırda onun öz maddi durumu çox pisdir. Bu səbəbdən iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh X5 məhkəmə iclasında iddia tələbini tam qəbul etdi və ərizə verərək bildirdi ki, o, 2018-ci ildə qızının toy ərəfəsində İddiaçı 420 manat nağd pul, İddiaçı məxsus olan 26 qram çəkidə qızıl boyunbağı, 5,5 qram çəkidə qızıl üzüyü, 4,5 qram çəkidə qızıl sırğanı borca almışdır. Həmin qızılları Təranə adlı faizlə borc verən qadına girov qoyub öz qızına məxsus olan qızılları girovdan çıxartmışdır. Toydan sonra iddiaçının qızıllarını və pulunu qaytarmağa söz versə də, əri vəfat etdiyinə görə maddi vəziyyəti pisləşmiş və iddiaçıdan aldığı borcu və qızılları geri qaytara bilməmişdir. Hazırda İddiaçı 420 manat nağd pulu, 26 qram çəkidə qızıl boyunbağı, 5,5 qram çəkidə qızıl üzüyü, 4,5 qram çəkidə qızıl sırğanı qaytarmağa heç bir etirazı yoxdur. Qızılları qaytara bilməyəcəyi təqdirdə həmin qızılların pul ilə dəyərini iddiaçıya hissə-hissə ödəməyə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallara əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından müəyyən edilir ki, 583 əyarlı, 5.5 qram çəkidə Rusiya istehsalı olan qızıl üzüyün qiyməti 490 manat; 583 əyyarlı, 4.5 qram çəkidə Rusiya istehsalı olan qızıl sırğanın qiyməti 490 manat və 583 əyarlı, 26 qram çəkidə Rusiya istehsalı olan qızıl sepin qiyməti 2.470 manat təşkil edir. Göründüyü kimi, tərəflərin izahatları və işdə olan qiymətləndirmə aktı ilə müəyyən edilir ki, Cavabdeh Elbəyi qızı 2018-ci ildə qızının toyu ərəfəsində İddiaçı bir günlüyünə qaytarmaq şərti ilə 420 manat borc pul, iddiaçıya məxsus olan 26 qram çəkidə 2.470 manat dəyərində qızıl boyunbağını, 5,5 qram çəkidə 490 manat dəyərində qızıl üzüyünü, 4,5 qram çəkidə 420 manat dəyərində qızıl sırğanı almış və iddiaçıya məxsus qızılları Təranə adlı faizlə pul verən qadına vermiş və qızına məxsus olan qızılları girovdan götürmüşdür. Cavabdeh Elbəyi qızı toydan sonra vədinə əməl etməmiş, iddiaçıdan aldığı borc pulu və qızılları geri qaytarmamışdır. Qiymətləndirmə aktında 5,5 qram çəkidə qızıl üzüyün qiyməti - 490 manat, 4,5 qram çəkidə qızıl sırğanın qiyməti - 420 manat, 26 qram çəkidə qızıl boyunbağının qiyməti isə - 2.470 manat müəyyən edilir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh X1 420 manat pul, iddiaçıya məxsus olan 26 qram çəkidə 2.470 manat dəyərində qızıl boyunbağı, 5,5 qram çəkidə 490 manat dəyərində qızıl üzük, 4,5 qram çəkidə 420 manat dəyərində qızıl sırğa, qızıl-zinyət əşyalarının qaytarılması mümkün olmadıqda onların pul ilə dəyəri və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 420 manat pul, iddiaçıya məxsus olan 26 qram çəkidə 2.470 manat dəyərində qızıl boyunbağı, 5,5 qram çəkidə 490 manat dəyərində qızıl üzük, 4,5 qram çəkidə 420 manat dəyərində qızıl sırğa, qızıl-zinyət əşyalarının qaytarılması mümkün olmadıqda onların pul ilə dəyəri və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar