Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-69/2023 02.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 1300 manat pulun və dövlət rüsumu kimi ödədiyi 38 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə işləmək üçün getdiyi bir restoranda tanış olmuşdur. Cavabdeh həmin restoranda müğənni işləyirdi. O, əlavə qazanc əldə etmək məqsədi ilə pal-paltar satışı ilə məşğul olduğundan, cavabdehə nisyə olaraq pal-paltar və ev avadanlığı satmışdır. Cavabdeh ona aldığı əşyaların pulunu tezliklə ödəyəcəyini bildirsə də, həmin vaxtdan xeyli müddət keçsə də ona olan borcunu ödəməmişdir. Bu səbəbdən də, o vatsapp vasitəsi ilə dəfələrlə cavabdehə yazaraq pulunu tələb etsə də, cavabdeh ona olan borcunu ödəməkdən imtina etmişdir. Bundan sonra o, bununla bağlı Nəsimi rayon Polis şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Həmçinin Nəsimi rayon Polis şöbəsində cavabdehin izahatı alınaraq 16 aprel 2022-ci il tarixdə cinayət işininin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Hazırda cavabdeh ona olan borcunu könüllü ödəmir, cavabdehdən pulunu başqa yolla ala bilmir, bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh 04 aprel 2022-ci il tarixdə Nəsimi rayon Polis şöbəsində verdiyi izahatdan görünür ki, o, 2021-ci ilin avqust ayında İddiaçı ümumilikdə 1300 manat dəyərində paltar aldığını və aldığın paltarların pulunu hissə-hissə ödəyəməyi öhdəsinə götürdüyünü etiraf etmiş və sonradan maddi cəhətdən problemləri yarandığı üçün borcunu ödəyə bilmədiyini göstərmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh “Whatsapp” proqramı ilə aparılan yazışmaların surətlərindən müəyyən edilir ki, “Whatsapp” yazışmaları zamanı əvvəlcə cavabdeh iddiaçıya 1300 manat borclu olmasını etiraf etmiş, sonradan o, müxtəlif vaxtlarda borcundan ödənişlər etmiş və sonda onun iddiaçıya 1166 manat borcu qalmışdır. İddiaçı özü də cavabdehə yazdığı yazıda sonuncu ödənişdən sonra onun 1166 manat borcu olduğunu göstərmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, tərəflər arasında şifahi qaydada bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh iddiaçıdan ümumilikdə 1300 manat dəyərində geyim əşyaları almış, aldığı əşyaların dəyərindən bir müddət hissə-hissə ödəsə də, yekunda aldığı əşyalara görə iddiaçıya 1166 manat borcu qalmışdır. Hazırda cavabdeh iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırır. İddiaçı cavabdehin ona borclu olmasını təsdiq edən vatsapp yazışmalarını sübut kimi məhkəməyə təqdim etmişdir, eyni zamanda cavabdeh 04 aprel 2022-ci il tarixdə Nəsimi rayon Polis şöbəsində verdiyi izahatda da iddiaçıya borcu olmasını etiraf etmişdir. Cavabdeh isə aldığı əşyaların dəyərini iddiaçıya tam ödəməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında şifahi qaydada bağlanmış nisyə-alqı satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Həmin müqavilələr üzrə iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları cavabdehə vermiş, cavabdeh isə ilk vaxtlar borcundan hissə-hissə müəyyən ödənişlər etsə də, sonradan iddiaçının tələb etməsinə baxmayaraq, borcundan ödənilməmiş qalan 1166 manat pulu vaxtında və tam olaraq ödəməyərək üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Onun iddiaçı qarşısında yuxarıda qeyd edilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən – yəni, 1166 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 34 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1166 (min yüz altmış altı) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34 (otuz dörd) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(071)-69/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-69/2023
02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver