Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-695/2023 25.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X21 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(071)-1055/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X11 (Cavabdeh) ilə xx.xx.2011-ci il tarixdə, Hacıqabul rayon Qeydiyyat Şöbəsində 295 saylı akt qeydi ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X7 anadan olmuşdur. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(071)-09/2017 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-154/2013 saylı, xx.xx.2013-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən onun xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün 50 manat miqdarında alimentin tutulması qət olunmuşdur. Daha sonra, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1055/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən onun xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün aliment miqdarının artırılaraq 100 manat alimentin tutulması qət olunmuşdur. Hal-hazırda bir azyaşlı uşağı ilə valideyinlərinə məxsus evdə yaşayır. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı təyin olunmuş aliment onu qane etsə də, hal-hazırda təyin olunmuş aliment maddi durumla bağlı onu qane etmir və bir çox çətinliklərlə üzləşir. Ona görə də alimentin miqdarının 100 manatdan 220 manata dəyişilməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, İddiaçı boşandıqdan sonra ikinci dəfə X3 ilə ailə həyatı qurmuşdur. Lakin, rəsmi nikaha daxil olmamışlar. Arvadı Vəfa hal-hazırda hamilədir. O, hazırda Tarımlar Group MMC sürücü vəzifəsində işləyir və aylıq əmək haqqısı 360 manat təşkil edir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİ 987768 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X7 doğulmuşdur. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(071)- 1055/2017 saylı qətnaməsindən görünür ki, cavabdeh X2 xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 100 manat miqdarında alimentin tutularaq X6 verilməsi qət olunmuşdur. İş materiallarında olan Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ № 270200 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, (X8) Cavabdeh ilə X12 arasında xx.xx.2017-ci il tarixdə 83 saylı akt qeydi əsasında nikah pozulmuşdur. İş materiallarında olan “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə”dən görünür ki, X1 və adını X13 Muxtara dəyişdirmişdir. Bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 248 nömrəli akt qeydi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Tarımlar Group MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləməklə aylıq əmək haqqı 360 manat təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə bir uşaqları doğulmuşdur. Tərəflər arasında ailə münasibətləri baş tutmadığından nikahları pozulmuş və sonuncu məhkəmə qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə uşağın saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sonradan cavabdeh adını və soyadını X14 Əliyevə dəyişdirmişdir. Hazırda iddiaçı uşağın saxlanılması üçün cavabdehdən onun xeyrinə sonuncu məhkəmə qətnaməsinə əsasən tutulan alimentin məbləğinin artırılmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin sadalanan normalarına əsasən uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaitin, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin məbləğini müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alır. Lakin, bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılması təmin edilə bilsin. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (100 manat) isə hazırda uşağın saxlanılması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə sonuncu qətnamənin qəbul edilməsindən 6 ilə yaxın müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, qeyd edilməlidir ki, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023 cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, əvvəlki məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan keçən müddət ərzində uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğinin əhəmiyyətli dərəcədə artmasını, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən Turanə adlı uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin məbləği hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməli, artırılmış alimentin tutulma müddətinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1000 manatdan artıq olmadığından (alimentin artırılmış hissəsi olan 70 manat x 12 ay = 840 manat), iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(071)-1055/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X22
Məhkəmə qərarları › İş №2(071)-695/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-695/2023
25.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver