Məhkəmə qərarları › İş №2(071)-700/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-700/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-700/2024 23.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 834,94 manat əsas, 117,18 manat faiz borcu, 25 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 977,12 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Hacıqabul rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh etirazına dair ərizə daxil olduğundan Hacıqabul rayon Məhkəməsinin 2(071)-700/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə iddia icraatına keçirilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmağına görə məhkəmə iclasında onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini etiraf edərək borcunun hissə-hissə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC-nin Cavabdeh müqavilə bağlanmaslna dair xx.xx.2021-ci il tarixli ARGİD********** saylı ərizəsi və xx.xx.2021-ci il tarixli oferta müqaviləsinə əsasən müəyyən olunur ki, bank - "xxxx" KB ASC müştəriyə Cavabdeh 35 ay müddətinə, illik 27,60% faiz dərəcəsi ilə 900 manat məbləğində kredit verməyi, bank hesabı açmağı, müştəri isə krediti təyinatına uyğun istifadə etməyi müəyyən olunmuş müddətə onu faizi ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh ARGİD********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-ci il tarixə 834,94 manat əsas, 117,18 manat faiz borcu, 25 manat cərimə olmaqla, cəmi 977,12 manat borcu vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlamaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 834,94 manat əsas, 117,18 manat faiz borcu, 25 manat cərimə olmaqla, cəmi 977,12 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 834,94 manat əsas, 117,18 manat faiz borcu, 25 manat cərimə, cəmi 977,12 (doqquz yüz yetmiş yeddi manat, on iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar