Məhkəmə qərarları › İş №2(071)-706/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-706/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-706/2025 06.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavadehdən 7031 manat əsas borc, 1711,90 manat faiz borcu, 140,20 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 8883,10 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 108,84 manat məbləğində pulun "xxxx" KB ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizə-anket və onun ayrılmaz tərkib hissəsi olan ümumi oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 28% ödəmək şərtilə 7700 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 14 iyun 2025ci il tarixinə "xxxx" KB ASC-yə 7031 manat əsas borc, 1711,90 manat faiz borcu, 140,20 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 8883,10 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" KB ASC ərizə göndərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin və iddiaçının iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertaya əsasən müəyyən edilir ki, bank - "xxxx" KB ASC müştəriyə - Cavabdeh kredit limiti ayırmağı, bank hesabı açmağı və kart təqdim etməyi təklif etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizəyə əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli oferta ilə tanış olmuş və qəbul etmişdir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, ******* saylı maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh 3124nkSLYb/22 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 7031 manat əsas borc, 1711,90 manat faiz borcu, 140,20 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 8883,10 manat məbləğində borcu vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 7031 manat əsas borc, 1711,90 manat faiz borcu, 140,20 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 8883,10 (səkkiz min səkkiz yüz səksən üç manat on qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 108,84 (yüz səkkiz manat səksən dörd qəpik) manat məbləğində pul iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdeh 7031 manat əsas borc, 1711,90 manat faiz borcu, 140,20 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 8883,10 (səkkiz min səkkiz yüz səksən üç manat on qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 108,84 (yüz səkkiz manat səksən dörd qəpik) manat pul alınaraq "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar