Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-715/2023 04.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 12017 manat pulun və dövlət rüsumu kimi ödədiyi 127 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin mart ayında Cavabdeh hissəhissə olmaqla 15117 manat dəyərində toyuq vermişdir. Həmin şəxs borcun 3100 manatını onun kartına göndərmiş, qalan məbləği isə bugünədək ödəməmiş və 12017 manat borclu qalmışdır. Cavabdehin qanunsuz əməlləri barədə onun tərəfindən polisə müraciət edilmişdir. Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin baş təhqiqatçısı Namiq Binnətovun xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Həmin qərardan görünür ki, Cavabdeh verdiyi izahatında göstərmişdir ki, onun 10600 manat borcu var, 600 manatını ödəmiş, 10000 manat borclu qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, toyuq məhsullarının satışı ilə məşğuldur. Cavabdehdən ondan 2023-cü ilin mart ayının sonunadək üç dəfəyə ümumilikdə 15117 manat dəyərində toyuq məhsulu almış, aldığı məhsulun dəyərinin 3100 manat hissəsini ona ödəmiş, qalan 12017 manat borcu isə buügünədək ödəməmişdir. Odur ki, həmin pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qismən qəbul edərək izahatında bildirdi ki, cavabdeh iddiaçıdan 2023-cü ilin mart ayının sonunadək toyuq məhsulları almışdır və 2023-cü ilin aprel ayından isə ümumiyyətlə ondan məhsul almamışdır. Tərəflər arasında vatsapp proqramı vasitəsi ilə aparılan yazışmalardan isə açıq-aydın görünür ki, xx.xx.2023-cü il tarixdə aparılan yazışmada iddiaçı özü borcun məbləğinin 10640 manat olduğunu bildirir və sonra cavabdeh xx.xx.2023-cü il tarixdə borcundan 600 manat ödəniş edərək, ödənişin aparılmasını təsdiq edən qəbzin şəklini çəkərək iddiaçıya göndərmişdir. Belə olan vəziyyətdə cavabdehin iddiaçıya cəmi 10040 manat borcunun qaldığı müəyyən edilir. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında “Whatsapp” proqramı ilə aparılan yazışmaların surətlərindən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə aparılan yazışmada iddiaçı cavabdehə 10640 manat borcunun olduğunu bildirir. xx.xx.2023-cü il tarixdə aparılan yazışmada isə cavabdeh həmin tarixdə borcun 600 manat hissəsinin iddiaçının hesabına göndərilməsi barədə qəbzin şəklini çəkərək iddiaçıya göndərir və iddiaçı həmin halı təsdiq edici cavab verir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında Xəzər RPİ-nin 3-cü PŞdə araşdırma aparılmış və araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, o, iddiaçıdan 15000 manat dəyərində deyil, 10600 manat dəyərində toyuq məhsulları almış və həmin puldan 600 manatı qaytarmış, onun hazırda 10000 manat borcu qalmışdır. Mülki Prosesual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdehə 15117 manat dəyərində toyuq satmasını iddia etsə də, cavabdehə həqiqətən həmin məbləğdə məhsul satmasını təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı özü vatsapp proqramı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə aparılan yazışmada cavabdehin 10640 manat borcunun olduğunu bildirmiş, həmin tarixdən sonra isə iddiaçı cavabdehə məhsul satmamışdır. Digər tərəfdən, tərəflər arasında aparılan yazışmadan müəyyən edilir ki, cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçının hesabına 600 manat ödəniş etmiş və iddiaçı özü də bunu təsdiq etmişdir. Belə olan vəziyyətdə, cavabdehin iddiaçıya 10040 manat borcunun qaldığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında toyuq məhsullarının nisyə alqısatqısı müqaviləsindən irəli gələn öhdəlik münasibəti əmələ gəlmişdir. Həmin müqaviləyə əsasən iddiaçı ayrı-ayrı vaxtlarda cavabdehə toyuq məhsullarını nisyə satmış, cavabdeh isə həmin məhsulların dəyərinin bir hissəsini iddiaçıya ödəmişdir. İddiaçı cavabdehə iddia ərizəsində göstərilən məbləğdə məhsulu nisyə satmasını sübut edə bilməmişdir. Bununla belə xx.xx.2023-cü il tarixdə iddiaçı özü cavabdehə 10640 manat borcunun olduğunu bildirmiş və həmin tarixdə sonra cavabdehə məhsul satmamışdır. Digər tərəfdən cavabdehin xx.xx.2023-cü il tarixdə borcundan 600 manatı iddiaçıya ödəməsi və cavabdehin iddiaçıya 10040 manat borcunun qalması müəyyən olunur. Odur ki, iddia qismən təmin edilməli, həmin pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 84,34 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 10040 (on min qırx) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 84,34 manat (səksən dörd manat, otuz dörd qəpik) pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №2(071)-715/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-715/2023
04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver