Məhkəmə qərarları › İş №2(071)-733/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-733/2022

12.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-733/2022 12.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)-504/2020 nömrəli qətnamə\si ilə tutulan aylıq qazancının və başqa gəlirlərinin ½ hissəsi miqdarında alimentin miqdarının dəyişdirilməsi, birgə nikahdan doğulmuş övladları - xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 270 manat olmaqla, cəmi 810 manat aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı üç uşağı var. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)-504/2020 nömrəli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay aylıq əmək haqqının və başqa gəlirlərinin ½ hissəsi miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. Hazırda ödənilən aliment məbləği uşağın maddi ehtiyaclarını ödəmir, uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir, cavabdehin maddi imkanının yaxşı olmasına baxmayaraq, uşaqları ilə maraqlanmır. Odur ki, müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh hər ay hər uşağa 270 manat olmaqla, cəmi 810 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçı X8 məhkəməyə ərizə ünvanlayaraq maddi imkanı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh X6 məhkəməyə ərizə ünvanlayaraq, iddianı tam qəbul etdiyini, hər ay hər uşağa 270 manat olmaqla, cəmi 810 manat aliment ödəməyə razı olduğunu bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının iddia tələbini müdafiə etməsinə, cavabdehin iddianı etiraf etməsinə dair ərizəsini ərizəsini, tərəflərin Mediasiya Şurasında bağladıqları xx.xx.2022-ci il tarixli MŞİH – 18820 nömrəli barışıq sazişini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZ-İ 646277 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2011-ci ildə rəsmi nikah bağlamışlar. Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZ-İİ 632385 nömrəli, xx.xx.2012-ci il tarixli AZ-İİ 987696 nömrəli və xx.xx.2015-ci il tarixli 428980 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı üç övladı var. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)-504/2020 nömrəli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirlərinin ½ hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Mediasiya Şurasında tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli MŞİH-18820 saylı barışıq sazişindən müəyyən edilir ki, Cavabdeh İddiaçı ilə birgə nikahından doğulmuş övladları xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 270 manat olmaqla, cəmi 810 manat sabit pul məbləğində aliment ödəməyə razı olmuşdur. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini, bağladıqları barışıq sazişinin şərtlərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)-504/2020 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 270 manat olmaqla, cəmi 810 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)-504/2020 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. Tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 270 manat olmaqla, cəmi 810 (səkkiz yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar