Məhkəmə qərarları › İş №2(071)-738/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-738/2022

12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-738/2022 12.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 12.127,81 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 2.989,29 manat faiz borcu və ödənilmiş 135,75 manat dövlət rüsumu olmaqla, ümumilikdə 15.252,85 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli istehlak krediti müqaviləsinə əsasən 24 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 15.500 manat kredit verilmişdir. Borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini lazımi qaydada icra etməmiş, şifahi və yazılı xəbərarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmiş və banka olan borc könüllü ödənilməmişdir. Borclu Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə 12.127,81 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 2.989,29 manat faiz borcu olmaqla, ümumilikdə 15.117,10 manat borcu yaranmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. İddiaçı ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə, rəsmi qaydada məlumat verilmişdir. İddiaçı ASC-nin nümayəndəsi Elçin Səmədov xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq işə bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin, iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə 12.127,81 manat əsas borcu olmasını etiraf edir. Lakin həmin tarixə hesablanmış 2.989,29 manat faiz borcu ilə razılaşmır. Çünki, ona göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda onun xx.xx.2021ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə ödəməli olduğu 773,82 manat borcu ödəmədiyini və müqavilənin şərtini pozduğu bildirilmiş və borclu olduğu 12.127,81 manat əsas borc və 382,40 manat faiz borcu olmaqla, cəmi 12.510,21 manat borcun xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 5 gün müddətində ödənilməsi tələb edilmiş. xx.xx.2022-ci ilə kimi borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirilmişdir. Hesab edir ki, xx.xx.2022-ci il tarixə yaranmış 382,40 manat faiz borcu beş ay sonra, yəni xx.xx.2022-ci il tarixə onun faiz borcunun 2989,29 manat olması mümkün deyildir. Bu məbləğ şişirdilmiş məbləğdir. Onun xx.xx.2022-ci il tarixə yaranmış əsas borcu - 12.127,81 manat, faiz borcu isə 1.335,70 manat təşkil etməlidir. O, bu məbləği hissə-hissə ödəməyə etiraz etmir. Qalan hissədə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdeh iddianı qismən etiraf etməsinə dair izahatını dinləyib, iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsinə dair ərizəsini nəzərdən keçirib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 301804-174783/1 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh 24 ay müddətinə illik 18 faiz dərəcəsi ödəmək şərti ilə 15.500 manat kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən borcalan Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2023-cü ilə kimi hər ay 773,82 manat, sonuncu ay 773,91 manat olmaqla, 15.500 manat əsas vəsaiti və hesablanan 3.071,78 manat faizi banka ödəməli idi. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışışında qeyd edilir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə 12.127,81 manat əsas borcu, kreditdən istifadəyə görə 2.989,29 manat faiz borcu olmaqla, ümumilikdə 15.117,10 manat borcu var. Məhkəmə qeyd edir ki, İddiaçı ASC tərəfindən Cavabdeh hesablanmış faiz borcu şişirdilmiş məbləğdir və reallığı əks etdirmir. Çünki, Cavabdeh sonuncu dəfə banka xx.xx.2021-ci il tarixdə 773,82 manat vəsait ödəmişdir. Həmin tarixə 12.127,81 manat borcu qalmışdır. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli 301/301/0012/2022 nömrəli xəbərdarlıqdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi iki ay üçün 382,40 manat faiz borcu yazılmışdır. İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixədək 953,30 (190,66 x 5 = 953,30 manat) manat faiz borcu yazılmalı olduğu halda, beş ay üçün 2.606,89 manat faiz borcu hesablanmışdır. xx.xx.2022-ci il tarixə kimi Cavabdeh banka 12.127,81 manat əsas borcu və kreditdən istifadəyə görə 1.335,70 (953,30+382,40=1.335,70) manat faiz borcu yaranmasına baxmayaraq, bank tərəfindən ona 1.653,59 (2.989,29-1.335,59=1.653,59) manat artıq faiz borcu yazılmışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 12.127,81 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 1.335,70 manat faiz borcu və ödənilmiş 135,75 manat dövlət rüsumu olmaqla, ümumilikdə 13.599,26 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbi - 1.653,59 manat faiz borcunun tutulması hissəsində rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 12.127,81 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 1.335,70 manat faiz borcu və ödənilmiş 135,75 manat dövlət rüsumu olmaqla, ümumilikdə 13.599,26 (on üç min beş yüz doxsan doqquz manat iyirmi altı qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi - 1.653,59 (min altı yüz əlli üç manat əlli doqquz qəpik) manat faiz borcunun tutulması hissəsində rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar