Məhkəmə qərarları › İş №2(071)-742/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-742/2023

31.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-742/2023 31.08.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2019-cı il tarixli, 2(071)-393/2019 saylı qətnaməsi üzrə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, cavabdehdən onun xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 300 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə aralarında olan ailə mübahisəsinin (alimentin artırılmasını) məhkəmədən kənar qaydada mediasiya yolu ilə həll edilməsini təklif etsə də, təklifi cavabdeh tərəfindən cavabsız qalmışdır. O da mübahisənin həll edilməsi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, 2019-cu ildə qəbul edilmiş qətnaməyə əsasən cavabdeh hər ay hər uşaq üçün 160 manat aliment ödəyir. Cavabdeh alimentini vaxtı-vaxtında ödəyir və borcu yoxdur. Lakin, həmin vaxtdan 4 il müddət keçib və uşaqlar böyüyüb və ehtiyacları da artmışdır. Cavabdeh isə Bakı şəhərində diş həkimi işləyir və daha artıq məbləğdə aliment ödəməyə kifayət qədər imkanı vardır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2013-cü il tarixli, 30 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydi pozulmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 doğulmuşdur. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin xx.xx.2019-cı il tarixli, 2(071)- 393/2019 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (160 manat) isə hazırda uşaqların saxlanılması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən 4 il müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, qeyd edilməlidir ki, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Həmçinin nəzərə alınmalıdır ki, uşaqlar üçün yaşayış minimumu 2019-cu ildə 160 manat olsa da, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən uşaqların saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1000 manatdan artıq olmadığından (2 uşağa görə alimentin artırılmış hissəsi olan 80 manat x 12 ay = 960 manat), iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(071)-393/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar