Məhkəmə qərarları › İş №2(071)-744/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-744/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-744/2023 04.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X2 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 1508 manat pulun və dövlət rüsumu kimi ödədiyi 36 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Bakı şəhərində ev lazım olduğu üçün evlə maraqlanmışdır. Həmin vaxtlar cavabdeh qohumunun evinin satdığını bildirmişdir. O da həmin vaxt həmin evlə bağlı maraqlanmışdır. Sonra cavabdeh ona borca pul göndərməsini xahiş etdiyindən, o da ona ev tapdığı üçün ona inanıb xx.xx.2020-ci ildə kapital bankın ödəniş sistemi vasitəsi ilə 758 manat, xx.xx.2020-ci ildə 100 manat, xx.xx.2020-ci ildə 650 manat olmaqla ona borc pul göndərdib. Ümumilikdə cavabdehə 1508 manat pul göndərib. Cavabdeh ona bildirmişdir ki, pulu guya ona 2 qat qaytaracaqdır. Eyni zamanda ev düşdüyü halda evin ilkin ödəniş pulundan onun ona verdiyi puldan ödəyəcəkdir. Sonradan cavabdehin hərəkətlərindən şübhələnib pulunu istəyəndə o müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmaqdan imtina etmişdir. O bununla bağlı Masallı RPŞ-nə müraciət etmiş və araşdırma zamanı cavabdehin ondan pul aldığını və qaytaracağını bildirmişdir. O cavabdehin onu aldatması səbəbindən əsəb stres keçirmiş, dəfələrlə onunla telefon danışığı edəndə ona söz verərək pulunu geri qaytaracağını vəd vermiş, lakin sonradan onu aldadaraq pulunu vermədiyindən dəfələrlə Masallı poçtunda gedib ondan pul gələcəyini gözləmiş, bununla da cavabdeh ona mənəvi sarsıntı vermiş, mənəvi əzab çəkmişdir. Məhkəmə iclasında İddiaçı iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək izahatında bildirdi ki, onun övladları Bakı şəhərində oxuyurlar. Ağaisanı əvvəldən tanımış və Bakı şəhərində ona ev tapmasını istəmişdir. Bir müddət sonra cavabdeh ona borc istəmişdir. O, üç dəfəyə cavabdehə ümumilikdə 1508 manat pul göndərmişdir. Cavabdeh ona bildirmişdir ki, borc kimi aldığı pulu qısa müddət ərzində qaytaracaqdır. Əgər onun üçün ev tapsa, borc kimi aldığı pulu həmin evə ilkin ödəniş kimi ödəyəcəkdir. Lakin, bir müddət sonra cavabdehin ona ev tapmadığını və borcunu qaytarmadığını görüb ondan pulunu geri tələb etmişdir. Cavabdeh bir dəfə 200 manat pulu poçt vasitəsi ilə, bir dəfə isə 100 manat pulu onun kart hesabına göndərmişdir. Lakin, cavabdehin ona 1208 manat borcu qalmaqdadır. Odur ki, iddianın təmin edilməsi, 1208 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında bildirdi ki, həqiqətən də iddiaçıdan üç dəfə ümumilikdə 1508 manat məbləğində pulu borc kimi almışdır. Həmin pul vəsaitlərini iddiaçı arvadı Azadə Hüseynova və tanışı Loğman Əsgərovun kart hesablarına göndərmişdir. Borc kimi aldığı pulun 300 manatını ona geri qaytarmış, 1208 manat borcunu isə hələ ödəməmişdir. Lakin, borcun qalıq hissəsi olan 1208 manat pulu iddiaçıya yaxın müddət ərzində ödəyəcəkdir. Odur ki, iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan MilliÖn elektron ödəmə sistemi vasitəsi ilə pul vəsaitlərinin ödənilməsinə dair qəbzlərdən görünür ki, xx.xx.2020-ci il tarixdə 758 manat və xx.xx.2020ci il tarixdə 100 manat pul Loğman Əsgərovun kart hesabına, xx.xx.2020-ci il tarixdə isə 650 manat pul Azadə Hüseynovanın kart hesabına göndərilmişdir. İş materiallarında olan Azərpoçt MMC-nin xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh İddiaçı 200 manat pul vəsaiti göndərmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatlarından və məhkəmə iclasında tədqiq edilmiş qəbzlərdən müəyyən olundu ki, tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehdə üç dəfəyə cəmi 1508 manat pulu borc kimi vermişdir. Cavabdeh borc kimi aldığı pulun 300 manat hissəsini iddiaçıya geri qaytarmışdır. Onun iddiaçıya 1208 manat borcu qalmaqdadır. Hazırda iddiaçı 1208 manat borcun cavabdehdən alınaraq ona verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı cavabdehə hissə-hissə olmaqla ümumilikdə 1508 manat pul vəsaitini borc kimi vermiş, cavabdeh isə həmin məbləğin 300 manat hissəsini ona qaytarmış, qalan 1208 manat hissəsini isə qaytarmamışdır. Qeyd edilənlərə və Mülki Məcəllənin 385, 442, 448 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən həmin pul məbləğini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 36 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1208 (min iki yüz səkkiz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36 (otuz altı) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar