Məhkəmə qərarları › İş №2(071)-773/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-773/2022

11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-773/2022 11.10.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli RGTK4121069A163 saylı kredit müqaviləsi üzrə yaranmış 5.279,27 manat əsas və 841,56 manat faiz borcu olmaqla, cəmi 6.120,83 manat borcun və ödənilmiş 81,20 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə, rəsmi qaydada məlumat verilmişdir. İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi Elsevər Əkbərov ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin, iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, o, bankda 5.279,27 manat pul almaq üçün imza atsa da, onun kredit kartında 4500 manat pul olmuşdur. Hazırda borcu birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Banka olan borcunu hissə-hissə ödəməyə etiraz etmir. Məhkəmə Cavabdeh iddianı qismən etiraf etməsinə dair izahatını dinləyib, iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsinə dair ərizəsini, iş materiallara əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli RGTK4121069A163 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC ilə borcalan Cavabdeh 83 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 5.279,27 manat kredit vermişdir. Borcalan Cavabdeh xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə imza etməklə xx.xx.2021-ci il tarixdə 5.279,27 manat pulu İddiaçı ASC-nin Hacıqabul rayon filialından nağd şəkildə almışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Xəbərdarlıq olunmasına baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli 135000/2510 nömrəli maliyyə arayışından müəyən edilir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 5.279,27 manat əsas borcu, 841,56 manat faiz borcu olmaqla, cəmi 6.120,83 manat borcu vardır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 5.279,27 manat əsas borc, hesablanmış 841,56 manat faiz borcu və ödənilmiş 81,20 manat dövlət rüsumu olmaqla, cəmi 6.202,03 manat pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli RGTK4121069A163 nömrəli kredit müqaviləsi üzrə yaranmış 5.279,27 manat əsas borc, hesablanmış 841,56 manat faiz borcu və ödənilmiş 81,20 manat dövlət rüsumu olmaqla, cəmi 6.202,03 (altı min iki yüz iki manat üç qəpik) manat pul tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar