Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-79/2025 11.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" QSC-yə vurulmuş 1887,63 manat məbləğində zərərin və ödənilmiş 39 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1926,63 manat məbləğində pulun Cavabdeh tutularaq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində saat 12:18 radələrində 733 saylı Ağstafa - Bakı marşrutu ilə hərəkət edən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus “DŞİ-002” nömrəli sürətli sərnişin qatarı Pirsaat-Atbulaq mənzilinin 102-ci km piket 8-də hərəkətdə olarkən iribuynuzlu heyvanın (1 baş inək) dəmir yolunun üzərindən keçməsini görərək maşinist təcili tormozlama etsə də, qatarı tam olaraq dayandıra bilməmiş, nəticədə inəyi vurmuş və qatarın ön hissəsinə ciddi ziyan dəymişdir. Hadisə nəticəsində ADY-yə 1887,63 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X1 Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılmışdır. DİN NBPİ-nin DYNPİ-nin təhqiqat polis bölməsindən ADY-yə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-15- 1/2-5188/2024 nömrəli məktubdan görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarxində Ağstafa-Bakı marşrutu ilə hərəkətdə olan ADY-yə məxsus DŞİ-002 sürətli elektrik qatarının Pirsaat-Atbulaq mənzilinin 102-ci km piket 8-də hadisəyə səbəb olan, iribuynuzlu heyvanın sahibi Cavabdeh olması müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Cavabdeh DİN NBPİ-nin DYNPİ-nin təhqiqat polis bölməsinə dəvət olunaraq izahatı alınmış və izahatında hadisənin onun səhlənkarlığı ucbatından baş verdiyini etiraf etmişdir. Ərizədə qeyd edilmişdir ki, sözügedən qatar İsveçrənin son texnologiyaları əsasında istehsal olunmuş, ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarı olmaqla, 2015-ci ildə Azərbaycan Respublikasına gətirilərək istismara verilmişdir. Baş vermiş hadisə nəticəsində qatara vurulmuş zərər 1887,63 manat təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, qatara vurulmuş zərər 1887,63 manat təşkil edir ki, həmin vəsaitin 1.180 manat hissəsi mal və material xərci, 3,08 manat hissəsi amortizasiya xərci, 8,95 manat ümumtəsərrüfat xərci, 340,54 manat təmir işlərinə cəlb edilmiş işçinin əmək haqqı və 355,07 manat isə dolayı əmək haqqından. Mal və material xərci alqı-satqı müqaviləsi ilə öz təsdiqini tapır. Lakin işçiyə ödənilən əmək haqqı və dolayı əmək haqqı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmir. Verilmiş suallara cavab olaraq isə nümayəndə bildirdi ki, təmir edən işçilərin aylıq əmək haqqı 1 saatı 20 olmaqla, ümumilikdə təxminən 420-450 manat aralığında təşkil edir. Lakin həmin işçilər hazırki qatarın təmirinə görə əlavə iş saatı kimi cəlb edilmişdir ki, mövcud işlərin görülməsinə görə minumum 1 gün, maksimum 3 gün vaxt sərf edilmişdir. Qeyd olunanlara dair sübut təqdim edə bilmədiyindən ortalama təmir üçün işçiyə ödənilən əmək haqqı kimi 50 manat qəbul edilməsinə və iddia tələbinin 1242,03 manat məbləği hissəsində təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X1 Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinə verdiyi izahatı qəbul edir. İddianı 1.180 manat məbləğində mal və material xərci, 3,08 manat məbləğində amortizasiya xərci, 8,95 manat ümumtəsərrüfat və 50 manat təmir xərci olmaqla, cəmi 1242,03 manat hissəsində qəbul edir. İddianın qalan hissədə təmin edilməməsini xahiş edir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus “DŞİ- 002” nömrəli sürətli sərnişin qatarına dəymiş ziyanın aradan qaldırılmasına dair hesabatdan müəyyən edilir ki, dəymiş ziyan – 340,54 manat əmək haqqı, 355,07 manat dolayı əmək haqqı, 1.180 manat məbləğində mal və material xərci, 3,08 manat məbləğində amortizasiya xərci, 8,95 manat ümumtəsərrüfat xərci olmaqla, cəmi 1887,63 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X1 Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı Rəfail Abdinov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan müəyyən edilir ki, toplanmış material üzrə heç bir cinayət tərkibinin əlamətləri olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X1 Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsi tərəfindən məhkəməyə göndərilmiş HK- 1/60 materialdan müəyyən edilir ki, Cavabdeh X1 Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində hadisə ilə bağlı izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, Hacıqabul rayonu, Qızılburun kəndində həyət evində yaşayır və evin yaxınlığından dəmir yolu xətti keçir. xx.xx.2024-cü il tarixdə qatarın qarşısına çıxan iribuynuzlu inək ona məxsus olmuşdur. Lakin, hadisə barədə məlumatı o hadisədən bir neçə gün sonra ona məlum olmuşdur. Belə ki, inəyin özünə heç bir ziyan dəyməmiş və inək hadisə nəticəsində xəsarət almamışdır. Həmçinin hadisə vaxtı inək özbaşına həyətdən xəbərsiz çıxaraq yaxınlıqdakı dəmir yoluna getmiş və bir müddətdən sonra qayıtdığından və inəyin bədəni üzərində heç bir zədə olmadığından onun hadisə barədə dərhal məlumatı olmamışdır. Yalnız bir neçə gündən sonra bu barədə xəbər tutmuşdur. Həmçinin Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə dəymiş ziyanı ödəməkdən yayınmadığını sadəcə olaraq məbləğ çox olduğundan və maddi durumu çətin olduğundan ziyanı razılaşaraq müəyyən vaxta hissə-hissə ödəməyə hazır olduğunu bildirmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları odur ki, iddia ərizəsinə görə, xx.xx.2024-cü il tarixində, saat 12:18 radələrində, 733 saylı Ağstafa– Bakı marşrutunda hərəkət edən "xxxx" QSC-yə məxsus “DŞİ-002” nömrəli sürətli sərnişin qatarı, Pirsaat-Atbulaq mənzilinin 102-ci km piket 8-də, iribuynuzlu heyvanın (1 baş inək) dəmir yolunun üzərindən keçməsinə səbəb olmuş, maşinistin təcili tormozlama etməsinə baxmayaraq, qatar tam dayandırıla bilməmiş və inək qatarın qarşısında dəymişdir. Bu hadisə nəticəsində ADY-yə 1887,63 manat məbləğində maddi ziyan vurulmuşdur. Aparılmış polis araşdırması zamanı müəyyən edilmişdir ki, hadisəyə səbəb olan heyvanın sahibi Cavabdeh olub və o, hadisənin öz səhlənkarlığı nəticəsində baş verdiyini etiraf etmişdir. Həmçinin, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin X1 Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə, təqdim olunan iş materialları, sübutlar və hesabların hüquqi–iqtisadi təhlili nəticəsində aşkar etmişdir ki, iddia ərizəsində yer alan əmək haqqı (340,54 manat) və dolayı əmək haqqı (355,07 manat) tələbləri faktiki zərərin obyektiv müəyyən edilməsi baxımından əsaslı sübutlarla təsdiq olunmur və real dəyəri əks etdirmir. Odur ki, məhkəmə tərəflərin təmir xərci ilə bağlı, ağlabatan məbləğ olaraq 50 (əlli) manat olaraq ümumi razılığa gəlmələrini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Eyni zamanda, iddia tələbinin vurulmuş real maddi zərərin tərkibinə daxil olan – mal və material xərci olaraq 1.180 manat, amortizasiya xərci olaraq 3,08 manat və ümumtəsərrüfat xərci 8,95 manat hissəsinin iş materiallarında olan sübutlarla öz təsdiqini tapmasını, eyni zamanda cavabdehin könüllü olaraq iddia tələbini həmin hissədə etirafını məhkəmə nəzərə alaraq hesab edir ki, iddia tələbi 1242,03 manat hissədə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən – 1242,03 manat hissədə təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 32,43 (otuz iki manat qırx üç qəpik) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 1.180 manat məbləğində mal və material xərci, 3,08 manat məbləğində amortizasiya xərci, 8,95 manat ümumtəsərrüfat və 50 manat təmir xərci olmaqla, cəmi 1242,03 (bir min iki yüz qırx iki manat üç qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 32,43 (otuz iki manat qırx üç qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 1.180 manat məbləğində mal və material xərci, 3,08 manat məbləğində amortizasiya xərci, 8,95 manat ümumtəsərrüfat və 50 manat təmir xərci olmaqla, cəmi 1242,03 (bir min iki yüz qırx iki manat üç qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 32,43 (otuz iki manat qırx üç qəpik) manat məbləğində pul iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-79/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-79/2025
11.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver