Məhkəmə qərarları › İş №2(071)-80/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-80/2024

29.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-80/2024 29.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cinayət əməli nəticəsində ona vurduğu maddi ziyana görə 1900 manat və mənəvi ziyana görə 2000 manat pulun, həmçinin ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Şirvan şəhəri, Bayramlı qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbin yaxınlığında qeyri-rəsmi yaşadığı iddiaçı ilə aralarında yaranmış mübahisə zamanı guya ona xəyanət etməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan idarə etdiyi “BMV” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərində olan iddiaçıya qəsdən sağlamlığına zərər vurmaq niyyətilə avtomobili işə salaraq idarə edib, sonuncunun ayağının avtomobilin qapısında qalmaqla və avtomobilin üzərindən yıxılmaqla sol dirsək oynağı nahiyyəsinin sıyrığı, sol əlin üst səthinin sıyrığı, sol əlin üst səthinin qançırı, sağ dirsək oynağının arxa səthinin sıyrığı, sol topuq nahiyyəsinin sıyrığı, sağ topuq nahiyyəsinin sıyrığı, sol diz oynağının yan səthinin sıyrığı, sol diz oynağının yan səthinin qançırı, sol budun arxa səthinin sıyrıqları, oma sümüyünün sol tərəfli aşağı çanaq dəliklərindən keçən xətti sınığı və sol qanadında (Sİfəqərəsində) minimal yerdəyişmiş sınıq, Th 11 fəqərəsində kompression sınığı ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə zərər çəkmiş şəxs İddiaçı sağlamlığına xuliqanlıq niyyətilə qəsdən az ağır zərər vurmuşdur. O, səhhətilə əlaqədar Bakı şəhərində yerləşən Baku CİTY Hospitalda müvafiq müalicələr alıb. Müalicələri nəticəsində müəyyən qəbzləri toplamışdır. Cavabdeh ona vurduğu xəsarətlər nəticəsində 1900 manat maddi zərərə məruz qalmışdır. Eyni zamanda hadisə nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində o, evdə yatmışdır. Həmin vaxt anasının qışqırıq səsini eşidib yuxudan oyanıb və evin həyətinə yəni anasının yanına gedib. İsmət onu görəndən sonra həyətin çölünə çıxıb, o səs-küy salmağa başlayıb və 3 nömrəli məktəb istiqamətinə doğru qaçmağa başlayıb. İsmətin yaxınlaşdığını hiss edib əyilib yerdən daş götürmüşdür ki, özünü müdafiə etsin. O, qaçan zaman qaranlıq olduğu üçün qarşısına 3 nömrəli məktəbin yanında bir maşın çıxıb və o həmin avtomobilin üzərinə çıxıb. O, avtomobilin üzərində olan zaman İsmət ona yaxınlaşıb və o, İsmətə bildirib ki, yaxınlaşsa daşı vuracaq. Bundan sonra İsmət ondan və avtomobildən kənar durub, sonradan susadığını bildirməklə maşından su götürəcəyini deyib. Bundan sonra İsmət avtomobilin qapısını açıb və avtomobilə əyləşib. O, hiss edib ki, İsmət avtomobili işə salır. O, avtomobildən düşmək istədiyini bildirib. Bu sözündən sonra İsmət istifadəsində olan “BMV” markalı **-DJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qapısını bağlamaq istədikdə onun ayağını qapının arasında qoyub. Onun qışqırıq səsinə məhəl qoymayaraq avtomobili sürətli şəkildə idarə edərək hərəkətə başlayıb, təxminən 50 metr sonra o, yerə yıxıldığını hiss edib. Bundan sonra İsmət avtomobili idarə edərək çıxıb getmişdir. Bundan sonra anası Safura hadisə baş verdiyi yerə gəlib TTYS-na zəng etmək məqsədi ilə mobil telefonu götürmək üçün evə qayıtmışdır. TTYS-na məlumat verdikdən təxminən 30 dəqiqə sonra həkim birqadası gəlib onu Şirvan şəhər MX-na aparmışlar. Hadisə xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində Şirvan şəhəri, Bayramlı qəsəbəsində yerləşən 3 nömrəli məktəbin yaxınlığında baş vermişdir. Hadisədən dərhal sonra Şirvan şəhər Mərkəzi xəstəxasına müraciət edib. Ona elə bir xəsarəti olmadığını bildirməklə ev şəraitində dinlənməyini bildiriblər. O, səhhətilə əlaqədar Bakı şəhərində yerləşən Baku CİTY Hospitalda müvafiq müalicələr alıb. Müalicələri nəticəsində müəyyən qəbzləri toplamışdır. Məhkəmənin hökmü ilə İsmət təqsirli bilinib məhkum edilmişdir. Onun törətdiyi əməl nəticəsində ona maddi və mənəvi zərər vurulmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, baş vermiş hadisə nəticəsində iddiaçıya tələb olunan məbləğdə maddi zərər dəyməmişdir. İddiaçı hadisə nəticəsində yüngül xəsarət almışdır və onun müalicəsinə 1900 manat xərc çəkilməsi inandırıcı deyil. Bundan başqa, törətdiyi əmələ görə məhkəmənin hökmünə əsasən ona cəza təyin edilmişdir və hazırda cəzasını çəkir. Bu səbəbdən hesab edir ki, ondan həmin hadisəyə görə zərər tələb edilə bilməz. Odur ki, iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 1(032)-68/2023 saylı, xx.xx.2023cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cazasına məhkum edilmişdir. Məhkəmənin hökmünə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Şirvan şəhəri, Bayramlı qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbin yaxınlığında qeyri-rəsmi yaşadığı İddiaçı ilə aralarında yaranmış mübahisə zamanı guya ona xəyanət etməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan idarə etdiyi “BMV” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan İddiaçı qəsdən sağlamlığına zərər vurmaq niyyəti ilə avtomobili işə salaraq idarə edib, sonuncunun ayağının avtomobilin qapısında qalmaqla və avtomobilin üzərindən yıxılmaqla sol dirsək oynağı nahiyyəsinin sıyrığı, sol əlin üst səthinin sıyrığı, sol əlin üst səthinin qançırı, sağ dirsək oynağının arxa səthinin sıyrığı, sol topuq nahiyyəsinin sıyrığı, sağ topuq nahiyyəsinin sıyrığı, sol diz oynağının yan səthinin sıyrığı, sol diz oynağının yan səthinin qançırı, sol budun arxa səthinin sıyrıqları, oma sümüyünün sol tərəfli aşağı çanaq dəliklərindən keçən xətti sınığı və sol qanadında (S1 fəqərəsində) minimal yerdəyişmiş sınıq, Th 11 fəqərəsində kompression sınığı ilə nəticələnən, zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə zərər çəkmiş şəxs İddiaçı sağlamlığına xuliqanlıq niyyəti ilə qəsdən az ağır zərər vurmuşdur. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-382/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şirvan şəhər Məhkəməsinin 1(032)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən zərərçəkmiş şəxsin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin 1(032)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şirvan ŞMX Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli komputer-tomoqrafiya müayinəsinin protokolundan görünür ki, budçanaq oynaqlarının aksial KT müayinəsi zamanı İddiaçı oma sümüyünün soltərəfli aşağı çanaq dəliklərindən keçən xətti sınığı və sol qanadında S1 fəqərə minimal yerdəyişmiş sınıq aşkar edilmişdir. İş materiallarında olan Şirvan ŞMX Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli komputer-tomoqrafiya müayinəsinin protokolundan görünür ki, döş qəfəsinin aksial KT müayinəsi zamanı İddiaçı ağ ciyərlərdə pataloji ocaqlı, infiltrativ dəyişiklik və ya həcmli törəmə yoxdur. Th 11 döş fəqərə cisminin kompression sınığı aşkar edilmişdir. İş materiallarında olan Şirvan ŞMX Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli komputer-tomoqrafiya müayinəsinin protokolundan görünür ki, döş qəfəsinin aksial KT müayinəsi zamanı İddiaçı ağ ciyərlərdə pataloji ocaqlı, infiltrativ dəyişiklik və ya həcmli törəmə yoxdur. Th 11 döş fəqərə cisminin köhnə bitişmiş kompression sınığı aşkar edilir. Spinal stenoz yoxdur. İş materiallarında olan Şirvan ŞMX Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli komputer-tomoqrafiya müayinəsinin protokolundan görünür ki, budçanaq oynaqlarının aksial KT müayinəsi zamanı İddiaçı oma sümüyünün soltərəfli şaxəsində köhnə yerdəyişməyən sınıq aşkar edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin X5 verilmiş xx.xx.2023-cü il tarixli 174 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək stasionar şöbədə oma sümüyünün soltərəfli aşağı çanaq dəliklərindən keçən xətti sınığı və sol qanadında S1 fəqərəsində minimal yerdəyişmiş sınığı, Th 11 fəqərəsində kompression sınığı diaqnozu ilə müalicə və müayinə olunmuşdur. Xəstə klinikanın xəzinəsinə 1565 manat pul ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 149604 nömrəli və xx.xx.2022-ci il tarixli 149603 nömrəli ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-nin X3 keçirilən ortopedik və rentgen müayinələrinə müvafiq olaraq 50 manat və 35 manat olmaqla, cəmi 85 manat ödəniş edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022ci il tarixdə 46,85 manat dəyərində, xx.xx.2022-ci il tarixdə 107,65 manat dəyərində, xx.xx.2022-ci il tarixdə 62,08 manat dəyərində dərman preparatları və tibbi ləvazimatlar alınmışdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının sağlamlığına az ağır dərəcəli bədən xəsarəti yetirilmişdir. Törətdiyi əmələ görə cavabdeh, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Həmin hökm hazırki mülki iş üçün preyudisial əhəmiyyət daşıyır. Belə ki, MPM-in 82.4-cü maddəsinə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bundan başqa, iş materiallarında olan sübutlarla müəyyən olunur ki, hadisə baş verdikdən sonrakı müddət ərzində iddiaçı tibb müəssisəsində stasionar qaydada müalicə almış, aldığı müalicələrə görə tibb müəssisəsinə 1565 manat, sonrakı dövrdə tibbi müayinə və dərman preparatlarına isə ümumilikdə 301,58 manat pul vəsaiti xərcləmişdir. Hazırda iddiaçı, cavabdeh tərəfindən törədilmiş əməl nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin cavabdehdən alınaraq ona verilməsini tələb edir. Məhkəmə, iddia tələbinin maddi zərərin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən elementlərdən birinin olmaması delikt öhdəliyinin yaranmasını istisna edir. Məhkəmə, hazırkı mülki işin müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq qeyd edir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçının sağlamlığına xəsarət yetirilmiş və iddiaçı sağlamlığının bərpa edilməsi üçün müəyyən xərc çəkmiş və bununla da maddi zərərə məruz qalmışdır. Belə olan vəziyyətdə iddiaçıya dəymiş maddi zərər bilavasitə cavabdehin hüquqazidd əməlləri nəticəsində vurulduğundan, bununla da cavabdeh tərəfindən iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törədildiyindən, o, iddiaçıya dəymiş maddi zərərin əvəzini ödəməlidir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçı tələbində cavabdehdən maddi zərərin əvəzi kimi 1900 manat pul tələb etsə də, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı sağlamlığının bərpa edilməsi üçün tibb müəssisinə, tibbi müayinə və dərman preparatlarına ümumilikdə 1866,58 manat pul xərcləmişdir. Odur ki, məhkəmə hesab edir ki, maddi zərərin ödənilməsi hissəsində iddia qismən təmin edilməli, 1866,58 manat pul cavabdeh alınaraq iddiaçıya verilməlidir. Bundan başqa məhkəmə, iddia tələbinin 2000 manat mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsini araşdıraraq aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. X4 4-cü bəndində isə göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Yuxarıda qeyd edildiyi kimi, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən törədilən hüquqazidd əməl nəticəsində iddiaçının sağlamlığına xəsarət yetirilməsi məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Belə olan vəziyyətdə məhkəmə qeyd edir ki, iddiaçı baş vermiş həmin hadisəyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələrinə əsasən, cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə, hazırkı mülki işin müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq qeyd edir ki, mənəvi zərərlə bağlı hissədə də cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının sağlamlığına zərər dəymişdir. Bundan əlavə, cavabdeh həmin əməli törətməkdə təqsirlidir. Çünki, cavabdeh həmin hərəkətləri qəsdən törətmiş, bunu arzu edərək, mülki hüquq pozuntusuna şüurlu şəkildə yol vermişdir. Cavabdeh iddiaçıya qarşı bu hərəkətləri ilə ona mənəvi zərər yetirmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Hazırki halda cavabdehin hərəkətləri nəticəsində iddiaçının sağlamlığının pozulması, sağlamlığının bərpa edilməsi üçün uzun müddət müalicələr alması, cavabdehin hərəkətlərinin bütünlükdə iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması nəzərə alındıqda, cavabdehin törətdiyi əməl nəticəsində iddiaçının mənəvi zərərə məruz qalması mübahisəsizdir. Məhkəmə, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı qeyd edir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə, cavabdeh tərəfindən iddiaçıya qarşı törədilmiş mülki hüquq pozuntusunun ağırlığını, iddiaçının keçirdiyi mənəvi sarsıntıları, cavabdehin təqsirini və əmlak vəziyyətini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində pul tutulması məqsədəmüvafiqdir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərin əvəzi kimi 1866,58 manat pul və mənəvi zərərin əvəzi kimi 500 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq ona ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 1866,58 manat və mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 2366,58 manat (iki min üç yüz altmış altı manat, əlli səkkiz qəpik) pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43,66 manat (qırx üç manat altmış altı qəpik) pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar