Məhkəmə qərarları › İş №2(071)-810/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-810/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-810/2024 25.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən evdən satılmış daşınar əmlakın dəyəri 5000 manat, evdən götürərək özü ilə aparmış ona məxsus əmlakın dəyəri 3185 manat, mülkiyyətində olan fərdi yaşayış evinin təmiri üçün dövlət tərəfindən 2024-cü il tarixdə yardım məqsədi ilə ayrılmış 6000 manat olmaqla, cəmi 14185 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi və enerjinin isdifadəsinə görə yaranmış ümumillikdə 2800 manat borcun cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ilə rəsmi nikaha girməklə ailə həyatı qurmuş və xx.xx.2014-cü il tarixində rəsmi nikahları pozulmuşdur. Cavabdehlə birgə nikah dövründə Hacıqabul rayonu, Nəvahi kəndində 0.015 ha. torpaq sahəsi üzərində 1957-ci ildə tikilmiş bir mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 140.6 kv.metr olan fərdi yaşayış evini alqı-satqı yolu ilə almışdır. Rəsmi nikahları pozulmamışdan qabaq 2013-cü il tarixində cavabdeh birgə nikah dövründə əldə olunmuş Hacıqabul rayonu, Nəvahi kəndində yerləşən 0.015 ha. torpaq sahəsi üzərində tikilmiş bir mərtəbəli, 3 otaq ümümi sahəsi 140.6 kv. metr olan fərdi yaşayış evini xx.xx.2013-cü il tarixli, 179 qeydiyyat nömrəli Bağışlama müqaviləsi ilə qeyd-şərtsiz iddiaçıya bağışlamışdır. Bağışlama müqaviləsinə əsasən ev onun adına mülkiyyət hüququ əsası ilə qeydiyyata alınmışdır. Cavabdeh 2013-cü il tarixində ona məxsus qiyməti təxminən 15.000 manatdan artıq dəyərində olan qızıl-zinət əşyalarını ondan xəbərsiz satmışdır. Bu səbəbdən cavabdehlə aralarında yaranmış dava-dalaş nəticəsində zəhər içərək intihar etməyə cəhd etmişdir. Zəhər içdiyi üçün xəstəxanaya aparılmışdır. Bu hadisədən sonra Hacıqabul rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Lakin o, cavabdehə qarşı şikayət etmədiyindən iş üzrə icraata xitam verilmişdir. Cavabdeh satmış olduğu iddiaçıya məxsus qızıl-zinət əşyalarının əvəzinə birgə nikah dövründə əldə olunmuş evi xx.xx.2013-cü il tarixli, 179 qeydiyyat nömrəli bağışlama müqaviləsi ilə qeyd-şərtsiz ona bağışlamışdır. Cavabdehin həmin dövrdə iddiaçı ilə olan münasibəti daha da pisləşdiyi üçün 2018-ci ildə evdən çıxaraq Ələt qəsəbəsində kirayədə yaşamaq məcburiyyətində olmuşdur. Bu vəziyyətdən istifadə edən cavabdeh 2018-2023-cü illər tarixində evdən 3185 manat mənimsəmişdir. Bununla bağlı Hacıqabul rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh Polis Şöbəsində vermiş olduğu izahatında ona məxsus təxminən 5000 (beş min) manat dəyərində olan əmlakı satdığını etiraf etmişdir. Bundan basqa, cavabdeh Hacıqabul rayonu, Nəvahi kəndində yerləşən mülkiyyət hüquqi ilə iddiaçıya məxsus olan fərdi yaşayış evinin təmiri üçün dövlət tərəfindən 2024-cü il tarixində yardım məqsədi ilə verilmiş 6000 (altı min) manat məbləğində pulu ondan xəbərsiz olaraq əldə etmişdir. Bu barədə yaxın vaxtlarda məlumatlı olmuşdur. Bundan başqa, cavabdeh iddiaçıya məxsus olan evdə yaşamadığı dövrdə həmin ünvanda yaşamış elektirik sayğacına müdaxilə etməsi səbəbindən cərimə olunmuş və enerjidən istifadəyə görə borcu yaranmışdır. Bu səbəbdən ona məxus evdə enerjinin istifadəsinə görə ümumilikdə 2800 (iki min səkkiz yüz) manat borc əmələ gəlmişdir. Hal-hazırda səlahiyyətli şəxslərin bildirdiyinə görə həmin borcun ödənilməməsinə görə evin enerji təczihatına qadağa qoyulacaqdır. Hacıqabul rayon Enerji İdarəsinin xəbərdarlığına əsasən borc yaxın günlərdə ödənilmədiyi halda enerji təczihatı dayandırılacaq və 2800 (iki min səkkiz yüz) manat enerji borcu cavabdehin evdə yasadığı dövrdə yarandığından həmin borc onun tərəfindən ödənilməlidir. Qeyd edilir ki, cavabdeh iddiaçıya məxsus olan bir çox əşyaları da evdən götürərək aparmışdır. Belə ki: 1 ədəd hamam vannası-Rusiya istehsalı. 300 manat: 1 ədəd dəmir stol - Azərbaycan istehsalı-qiyməti 100 manat: 2 ədəd stul -Türkiyə istehsalı, qiyməti 125 manat: 4 ədəd hamam kalonkası- Rusiya istehsalı. 500 manat: Su borusu-Rusiya istehsalı. 50 metr. Qiyməti 200 manat: Kabel- 50 metr. Rusiya istehsalı. Qiyməti 150 manat: Qaz torbası-Rusiya istehsalı. 300 metr. Qiyməti 500 manat: 1 ədəd lom - Rusiya istehsalı. qiyməti 20 manat: 2 ədəd bel -Türkiyə istehsalı. qiyməti 30 manat: Cəmi: 3185 manat. Qeyd edilənlər nəzərə alınmaqla iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etmişdir ki, qeyd olunan əmlakları 2018-2024-cü il tarixilərində cavabdeh aparmışdır. İtən əşyalarla bağlı polis şöbəsinə müraciət etmişdir. 2018-ci ildən 2024-cü ilədək həmin evə getməmişdir. Həmin evin alınmasında hər iki tərəfin ailəsi maddi cəhətdən köməklik göstərmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Soltağa oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etmişdir ki, cavabdeh elektrik enerjisindən istifadə edib, borcunu ödəməmişdir. Borc iddiaçının üzərində qalmışdır. FHN-i tərəfindən 6000 manat məbləğində yardım edilmişdir. 2024-cü il tarixində cavabdeh həmin pulu xərcləmişdir. Ev iddiaçının mülkiyyətində olmuşdur. 6000 manat pulu cavabdeh özü üçün xərcləmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddianı qismən qəbul etmir. Şəxsin cehiz əmlakı öz evindədir. İddiaçının evindəki köhnə əşyaları öz pulu ilə dəyişib yenisi ilə əvəz etmişdir. 2013-cü ildən etibarən iddiaçıdan ayrılmışdır. Özü çox vaxt xaricdə olmuşdur. FHN-i tərəfindən 6000 manat məbləğində onlara yardım verilmişdir. Həmin pulu evin təmirinə deyil öz xərclərinə sərf etmişdir. Elektrik enerjisindən istifadəyə görə yaranmış borcun hansı hissəsinin onun istifadəsi nəticəsində yarandığını dəqiq bilmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə izahat verərək qeyd etmişdir ki, iddia bir neçə hissədən ibarətdir. Oğurluq ilə bağlı cavabdehlə bağlı cnayət işi yoxdur. Əmlakla bağlı isə konkret siyahı yoxdur. Elektrik enerjisindən istifadə ilə bağlı iddiaçının tələb etmə səlahiyyəti yoxdur. FHN tərəfindən 6000 manat məbləğində yardım məsələsində həmin vaxtlarda Cavabdeh ev sahibi olmuşdur. 2013-cü ilə aid bağışlama müqaviləsi mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli dublikat qəbzdən müəyyən edilir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Cavabdeh 6000 manat məbləğində pul köçürülmüşdür. Ödənişin növü kimi “pensiya və müavinət ödənişi” qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan müəyyən edilir ki, İddiaçı DİN-nin 102 xidməti məlumatı əsasında toplanmış materialda heç bir cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC X2 Filalı tərəfindən məhkəməyə göndərilmiş məktubdan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Hacıqabul rayonu, Nəvahi qəsəbə sakini Cavabdeh adına FHN-i tərəfindən 6000 (altı min) manat pul vəsaiti Sabirabad RPF-nin hesabına köçürülmüşdür. Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Hacıqabul Rayonu İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilir ki, 2009-cu il tarixdə leysan yağışları nəticəsində baş vermiş təbii fəlakət zamanı Cavabdeh keçmiş həyat yoldaşı İddiaçı ilə birlikdə Nəvahı qəsəbəsində yaşamışdırlar. Qeyd edilən həmin yaşayış evi 2014-cü il tarixində Cavabdeh məxsus olmuşdur. Cavabdeh məxsus fərdi yaşayış evinin 2009-cu il tarixdə leysan yağışları nəticəsində baş vermiş təbii fəlakət nəticəsində zərər çəkdiyi üçün konpensasiya ayrılması və 6000 manat pul vəsaitinin kim tərəfindən təhvil alınması barədə icra hakimiyyətində heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan "xxxx" ASC X3 Təchizatı və Satış İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilir ki, İddiaçı iddia etdiyi yaşayış ünvanı **********00314 saylı kodla X1 Cavabdeh adına qeydiyyatdadır. İddiaçı iddia qaldırdığı vaxt ərzində **********00314 saylı kod üzrə abonentin 2784 manat borcu vardır. Həmin 2784 manat debitor borcun 635,87 manat hissəsi akt üzrə, qalan 2149 manat hissəsi isə istifadə olunmuş elektrik enerjisinin dəyəridir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçı cavabdehdən tələb etdiyi əmlaklar və onların dəyəri, həmçinin elektrik enerjisindən qanunsuz istifadəyə görə yaranmış borcu tələb edir. Məhkəmə mülki iş üzrə materialları və məhkəməyə təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə illkin olaraq qeyd edir ki, tərəflər arasında ər-arvad münasibətləri olmuş, sonradan onlar arasında bağlanmış nikaha xitam verilmişdir. Belə ki, iddia ərizəsində cavabdeh tərəfindən iddiaçıya məxsus dəyəri 5000 manat olan əşyaların evdən götürülməsi, habelə dəyəri 3185 manat olan əşyaların satılması qeyd edilməsə də, həmin əşyaların cavabdeh tərəfindən götürülərək satılmasını və ümumiyyətlə həmin əşyaların mövcudluğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf isə 2009-cu il tarixdə leysan yağışları nəticəsində baş vermiş təbii fəlakət nəticəsində zərər çəkdiyi üçün konpensasiya şəklində ayrılmış 6000 manat pulu götərərək evin təmiri üçün deyil, şəxsi ehtiyaclarına xərclədiyini etiraf etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğin götürülərək təyinatı üzrə xərclənməməsi cavabdeh tərəfindən etiraf edildiyi üçün qeyd edilən hal işin mübahisəsiz halıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, leysan yağışları nəticəsində baş vermiş təbii fəlakət nəticəsində iddiaçı ilə cavabdehin birgə mülkiyyəti hesab edirən yaşayış evinə zərər dəydiyi üçün və həmin məbləğin dövlət tərəfindən evin təmirinə ayrıldığı üçün həmin məbləğ ər və arvadın ümumi mülkiyyəti hesab edilməli və məbləğin yarı hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Eelektrik enerjisindən istifadəyə görə yaranmış borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə elektrik enerjisindən istifadə nəticəsində yaranmış borc məbləği nə iddiaçı nədə cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə hesab edir ki, elektrik enerjisindən istifadəyə görə yaranmış borc məbləğinin iddiaçı tərəfindən tələb edilməsi üçün onun subyektib hüququ mövcud deyil. Həmin borc məbləğinin tələbi barədə iddia ərizəsi elektrik enerjisinin satışını həyata keçirən qurum tərəfindən qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, dövlət tərəfindən konpensasiya şəklində ayrılmış 6000 manat pul vəsaitinin, yarısı yəni 3000 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 7 (yeddi) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar