Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-83/2022 25.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 15.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 15.11.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, 15.11.2019-cu il tarixli 055A********** saylı kredit razılaşması üzrə yaranmış 4.203,10 manat əsas borc, 23,46 manat faiz borc və 946,14 manat cərimə borcu olmaqla, cəmi 5.172,70 manat borcun, ödənilmiş 71,72 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə, rəsmi qaydada məlumat verilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdehlər gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı QSC-nin nümayəndəsi X1 elektoron ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsinə dair ərizəsini, iş materiallara əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 05.03.2014-cü il tarixli 37L000001543 saylı kredit xətti müqaviləsinə əsasən İddiaçı QSC borcalan Cavabdeh1 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Kredit xətti müqaviləsi üzrə bağlanmış 15.11.2019-cu il tarixli 055A********** saylı kredit razılaşması əsasında İddiaçı QSC borcalan Cavabdeh1 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4.389,10 manat kredit vermişdir. Cavabdeh1 kredit razılaşması üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı QSC arasında 15.11.2019-cu il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Zaminlər bank qarşısında borcalanla birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcu vaxtında lazımi qaydada ödəməmiş və öhdəliyin icrasını gecikdirmişdir. 15.11.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh1 15.11.2019-cu il tarixli kredit razılaşması üzrə banka 23.09.2021-ci il tarixə 4.203,10 manat əsas borc, müqavilənin müddətinə hesablanmış 23,46 manat faiz borcu, gecikdirilmiş 220 gün üçün hesablanmış 946,14 manat cərimə olmaqla, cəmi 5.172,70 manat borcu yaranmışdır. Borclu öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zaminlər həmin borcun ödənilməsi üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış 946,14 manat dəbbə pulu azaldılaraq 80 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 15.11.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, 15.11.2019-cu il tarixli 055A********** saylı kredit razılaşması üzrə yaranmış 4.203,10 manat əsas borc, 23,46 manat faiz borc və 80 manat cərimə və ödənilmiş 71,72 manat dövlət rüsumu olmaqla, cəmi 4.378,28 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir. İddia tələbi qalan, yəni – 866,14 manat dəbbə pulunun tutulması hissəsində rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 15.11.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 15.11.2019-cu il tarixli 055A********** saylı kredit razılaşması üzrə yaranmış 4.203,10 manat əsas borc, 23,46 manat faiz borc və 80 manat cərimə və ödənilmiş 71,72 manat dövlət rüsumu olmaqla, cəmi 4.378,28 (dörd min üç yüz yetmiş səkkiz manat iyirmi səkkiz qəpik) manat pul cavabdehlər (borcalan) Cavabdeh1, (zaminlər) Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-83/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-83/2022
25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver