Məhkəmə qərarları › İş №2(071)-830/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-830/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-830/2023 26.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 2951 manat pulun və dövlət rüsumu kimi ödədiyi 51 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 2021-ci ilin sentyabr ayında həyat yoldaşı X1, X2 iştirakı ilə, Hacıqabul rayonu 2-ci Udulu kəndində yaşayan Cavabdeh ilə şifahi olaraq aralarında müqavilə bağlayıb, həmin ayın müxtəlif vaxtlarında nisyə nar verib ki, narı aparıb satıb pulunu isə 2022-ci ilin yanvar ayına qədər ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh narın pulunun bir hissəsini verərək qalıq 2951 manatını bu günə qədər müxtəlif bəhanələr gətirərək qaytarmır, hər dəfəsində onu aldadır. Artıq uzun müddətdir ki, cavabdehdən narın pulunu ala bilmir, hər dəfəsində ona müxtəlif yalanlar bəhanələr gətirərək aldadır və narın pulu dolayı yolla verməsindən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, o, İddiaçı 2021-ci ildə 14100 manatlıq nar məhsulu almış və aldığı məhsulunun dəyərinin 13800 manat hissəsini ona ödəmişdir. Onun iddiaçıya cəmi 300 manat borcu qalmışdır. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan iddiaçı X3 tərəfindən təqdim edilmiş bir ədəd diskdə olan “Whatsapp Audio 2023-03-17 at xx.xx.2019” adlı faylda olan səs yazısından görünür ki, Cavabdeh vatsapp proqramı vasitəsi ilə İddiaçı göndərdiyi səsli mesajda olan borcunu ödəyəcəyini, lakin borcu tam şəkildə ödəməyə imkanının olmadığını, borcunu hər ay 1000- 1000, 1500-1500 ödəyəcəyini demişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları ilə müəyyən olunur ki, onlar arasında nar məhsulunun nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə nar məhsullarını satmış, cavabdeh isə aldığı məhsulların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mülki Prosesual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından məhkəmə hesab edir ki, nisyə satılmış nar məhsullarının dəyərinin ödənilməsini sübut etmək vəzifəsini cavabdeh daşıyır. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, o, iddiaçıdan 14100 manat dəyərində nar məhsulu almış və aldığı məhsulun dəyərinin 13800 manat hissəsini ödəmiş, onun cəmi 300 manat borcu qalmışdır. Mülki Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. İddiaçı cavabdehin aldığı nar məhsuluna görə borcunun 2951 manat olduğunu bildirir. Belə olan vəziyyətdə cavabdehin iddiaçıya daha az məbləğdə borcunun olmasını sübut etmək vəzifəsini cavabdeh daşıyır, lakin cavabdeh iddiaçıya qarşı pul öhdəliyini icra etməsinə dair iddiaçıdan hər hansı sübut tələb etməmiş, məhkəməyə də öhdəliyini icra etməsinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıya cəmi 300 manat borcunun olduğunu bildirsə də, iddiaçı tərəfindən təqdim edilmiş bir ədəd diskdə olan cavabdehə məxsus səs yazısından görünür ki, o, iddiaçıya səsli mesaj göndərərək borcunu ödəyəcəyini, lakin borcu tam şəkildə ödəməyə imkanının olmadığını, borcunu hər ay 1000-1000, 1500-1500 ödəyəcəyini demişdir. Həmin sübut onu deməyə əsas verir ki, cavabdehin iddiaçıya 300 manat borcunun olması barədə verdiyi izahat həqiqətə uyğun deyil. İddiaçının izahatı isə daha ağlabatandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında şifahi qaydada bağlanmış nisyə-alqı satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan məhsulları cavabdehə satmış, lakin cavabdeh üzərinə düşən öhdəliyi, yəni aldığı malların dəyərini iddiaçıya tam ödəməmişdir. Onun iddiaçı qarşısında icra edilməmiş 2951 manat pul öhdəliyi vardır. Odur ki, iddiaçı cavabdehdən satdığı malların dəyərinin ödənilməmiş hissəsini, yəni 2951 manat pul vəsaitini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2951 (iki min doqquz yüz əlli bir) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar