Məhkəmə qərarları › İş №2(071)-831/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-831/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-831/2023 26.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 3200 manat pulun və dövlət rüsumu kimi ödədiyi 52 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin oktyabr ayında həyat yoldaşı X1, X2 iştirakı ilə, Hacıqabul rayonu 2-ci Udulu kəndində yaşayan Cavabdeh ilə şifahi olaraq aralarında müqavilə bağlayıb, həyətində olan 3200 manat dəyərində olan narın aparıb satıb pulunu isə 2022-ci ilin yanvar ayına qədər cəm şəkilində ödəyəcəyinə söz vermişdir. Lakin, cavabdeh bu günə qədər müxtəlif bəhanələr gətirərək ona 3200 manat olan pul borcunu qaytarmır, hər dəfəsində onu aldadır. Həmin borcla bağlı o Kürdəmir RPŞ-nə yazılı olaraq şikayyət ərizəsi ilə müraciət etmiş, həmin işlə bağlı polis şöbəsində araşdırılma aparılıb və xx.xx.2022-ci il tarixdə narın pulunun tələbi ilə bağlı şikayyətin mülki xarakterli olduğu üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi qərarda öz əksini tapmışdır. Artıq uzun müddətdir ki, cavabdehdən narın pulunu ala bilmir, hər dəfəsində ona müxtəlif yalanlar bəhanələr gətirərək aldadır və narın pulu dolayı yolla verməsindən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdeh ondan cəmi bir dəfə nar məhsulu almışdır. Belə ki, cavabdeh onun nar bağına gələrək ağaclarda olan narlara baxıb bəyənmiş, daha sonra onlar bir yeşik narın qiymətini 8 manata razılaşmışlar. Bundan sonra nar məhsulları 400 ədəd yeşiklərə yığılmış və cavabdeh tərəfindən aparılmışdır. Cavabdeh aldığı nara görə ona 3200 manat pul ödəməli idi. Lakin, bugünədək borcundan heç bir ödəniş etməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, həqiqətən də iddiaçıdan 400 yeşik nar məhsulu almışdır. Danışıq zamanı narın bir yeşinin qiymətini 8 manatdan razılaşmışlar. Lakin, sonradan aldığı məhsulların bir hissəsinin yararsız olduğunu bilib iddiaçıya bu barədə məlumat vermiş və bir yeşiyin qiymətinin 6 manatdan hesablanmalı olduğunu bildirmişdir. Lakin, iddiaçı bununla razılaşmamışdır. O, iddiaçıdan aldığı məhsulların bir hissəsini xarab olduğu üçün atmış, həmin məhsuldan heç bir fayda əldə etməmişdir. Bu səbəbdən hesab edir ki, onun iddiaçıya 400 yeşik nara görə hər bir yeşiyin qiyməti 6 manatdan hesablandıqda cəmi 2400 manat borcu vardır. Odur ki, iddianın qismən, yəni 2400 manat pulun ondan alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, Cavabdeh yanında fəhlə işləyir. Cavabdeh İddiaçı nar məhsulları alarkən danışıqlarda o da iştirak etmişdir. Nar məhsullarının qiyməti sezondan və keyfiyyətdən asılı olaraq dəyişir. Cavabdeh İddiaçı nar alarkən onun bağında olan narlara baxış keçirilmiş və tərəflər narın bir yeşiyinin qiymətini 8 manatdan razılaşmışlar. Bundan sonra Cavabdeh İddiaçı 400 yeşik nar almışdır. Alınmış nar məhsullarının hansısa bir hissəsinin atılması barədə onun məlumatı yoxdur. Lakin, onu deyə bilər ki, Cavabdeh bir dəfə ona 2800 manat pul vermişdir ki, aparıb İddiaçı versin. Ancaq İddiaçı pulu qəbul etməmişdir ki, Rəşidin ona 3200 manat borcu var və borcunu tam şəkildə ödəsin. O, Rəşidin ona verdiyi pulu geri aparıb özünə qaytarmışdır. Məhkəmə, tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, tərəflər arasında nar məhsulunun nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 400 yeşik nar məhsullarını satmış, cavabdeh isə aldığı məhsulların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mülki Prosesual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından məhkəmə hesab edir ki, mövcud vəziyyətdə nisyə satılmış nar məhsullarının dəyərini iddiaçı, satılmış məhsulların dəyərinin ödənilməsini isə cavabdeh sübut etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş iddiaçının izahatı və şahidin ifadəsi, eləcə də cavabdehin özünün izahatı ilə müəyyən edilir ki, tərəflər arasında nar məhsulunun alqısatqısına dair danışıq aparılarkən, bir yeşik narın qiyməti tərəflər arasında 8 manatdan razılaşdırılmış və cavabdeh həmin qiymətdən hesablanmaqla iddiaçıdan 400 yeşik nar məhsulu almışdır. Cavabdeh sonradan aldığı məhsulların bir hissəsinin xarab olduğunu və atdığını, bu səbəbdən bir yeşiyin qiymətini 6 manatdan hesabladığını və iddiaçıya 2400 manat borcu olduğunu bildirsə də, alınmış məhsulların bir hissəsinin həqiqətən də yararsız olmasına və atılmasına, bununla bağlı həqiqətən də iddiaçıya məlumat verməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 da ifadəsində cavabdehin iddiaçıdan aldığı məhsulların bir hissəsinin yararsız olmasını bildirməmiş, cavabdehin nar məhsullarının bir hissəsini atması barədə məlumatı olmadığını bildirmişdir. Şahid eyni zamanda ifadəsində cavabdeh tərəfindən ona iddiaçıya verilməsi üçün 2800 manat pul verildiyini, lakin iddiaçının həmin pulu qəbul etməyərək cavabdehin ona 3200 manat borcu olduğunu dediyini bildirmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıya həqiqətən 2400 manat borcu var idisə, hansı səbəbdən iddiaçıya 2800 manat pul vəsaitini göndərməsi başa düşülən deyil. Bundan başqa, iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X4 müraciəti əsasında Kürdəmir rayon Polis şöbəsində aparılan HK-1-2572 nömrəli material üzrə araşdırma zamanı Cavabdeh izahatında iddiaçı X3 400 yeşik nar məhsulu aldığını, bir yeşiyin qiymətinin 6 manatdan hesabladıqlarını, bu səbəbdən onun iddiaçıya 2400 manat borcu olduğunu bildirmiş, lakin aldığı nar məhsullarının bir hissəsinin yararsız olması və bu səbəbdən yararsız olan məhsulları atması barədə heç nə deməmişdir. Bütün qeyd edilənlər onu deməyə əsas verir ki, tərəflər arasında bir yeşik narın qiyməti həqiqətən də 8 manatdan razılaşdırılmış və cavabdehdən iddiaçıdan 400 yeşik nar aldığına görə onun iddiaçı qarşısında 3200 manat pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında şifahi qaydada bağlanmış nisyə-alqı satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan məhsulları cavabdehə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi, yəni aldığı məhsulların dəyərini iddiaçıya ödəməmişdir. Onun iddiaçı qarşısında icra edilməmiş 3200 manat pul öhdəliyi vardır. Odur ki, iddiaçı cavabdehdən satdığı malların dəyərini, yəni 3200 manat pul vəsaitini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 52 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 3200 (üç min iki yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 52 (əlli iki) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar