Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-857/2025 08.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 777 manat pul, iddia ərizəsinin yazılması üçün ödənilmiş 60 manat pulun və ödənilmiş 32 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Şirvan şəhərində yerləşən “Lukoil” YDM-də yanacaq dolduran vəzifəsində işləmişdir. Yanacaq doldurma məntəqələrində ödənilən pul vəsaitləri işçilərdə olur və gün sonunda aidiyyəti üzrə hesablaşma olur. Elbrusla gün sonunda hesablaşma zamanı məlum olmuşdur ki, 777 manat əksiyi çıxır. Həmin vaxt Elbrus səmimi etiraf edərək əl yazması ilə bildirmişdir ki, bu onun səhlənkarlığı ucbatından baş vermişdir və ərizədə göstərilən vaxtlarda vəsaiti geri ödəyəcəkdir. Hal-hazırda cavabdeh verdiyi sözə əməl etmir. Odur ki, cavabdehin borclu olduğu pulun tutulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iş üzrə cavabdeh borcunu qaytarmır. Verilən suala cavab olaraq bildirmişdir ki, iddia ərizəsinin yazılması üçün 60 manat pulun ödənildiyini təsdiq edən hər hansı bir sübut yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, borcunu etiraf edir. İddiaçıya borclu olduğu 777 manat məbləğində borcu qaytaracaqdır. İddia tələbinin təmin olunmasına etirazı yoxdur. Cavabdeh xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı ona qarşı olan iddiasını qəbul edir. İddiaçıya olan 777 manat məbləğində borcunu qaytaracaqdır. İddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə yazılmış ərizədən məlum olur ki, “Lukoil” YDM-də işlədiyi dövrdə 777 manat kəsri olmuşdur. Etiraf etmişdir ki, bu kəsir onun səhlənkarlığından yaranmışdır. Həmin 777 manat borcun 164 manatını xx.xx.2025-ci il tarixdə, 613 manatını isə xx.xx.2025-ci il tarixdə geri qaytaracağını öz öhdəliyinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir: “...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.” İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki dövlət rüsumunun əvəzi olan 32 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsinin yazılması üçün ödənilmiş 60 manat pulun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Çünki iddiaçı bunu təsdiq hər hansı sübutunun olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 777 (yeddi yüz yetmiş yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32 (otuz iki) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 777 (yeddi yüz yetmiş yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32 (otuz iki) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-857/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-857/2025
08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver