Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-87/2023 25.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 700 manat pulu və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, ev 13, mənzil 47-də yaşayır və evində kiçik alverlə məşğul olur. Cavabdeh onun qonşusudur və ondan həmişə nisiyə mallar alaraq həmin malların pulundan müxtəlif vaxtlarda hissə-hissə ödəmişdir. Lakin, son bir neçə vaxtdır ki, cavabdeh ondan aldığı malların pulunu qaydasında ödəməmişdir. O, pulunu tələb etdikdə isə cavabdeh onu təhqir edərək pulunu ödəməyəcəyini bildirmişdir. Cavabdeh ona olan borcunu bu günə kimi ödəməmiş, onu cürbə-cür hədələrlə hədələmiş, təhqir etmiş və aldatmışdır. Onun həmin pula çox ehtiyacı var. Cavabdeh ona olan borcunu könüllü ödəmir, cavabdehdən pulunu başqa yolla ala bilmir, bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, o, iddiaçı və cavabdehlə eyni binada yaşayır, Günay evində kiçik alverlə məşğul olur, onlar Günaydan geyim və məişət ləvazimatları almışlar. Cavabdeh də, Günayla mütəmadi olaraq alver etmişdir. Onların arasında dəfələrlə aralarında pul üstündə mübahisə olduğunu görmüşdür. Sonuncu dəfə 2022-ci ilin sentyabr ayında dəqiq günün xatirlamadığı tarixdə binanın qarşısında olarkən Günay onun yanında Mərziyəyə 706 manat borcunun olduğunu bildirmiş və ondan borcunu qaytarmasını istəmişdir. Cavabdeh isə ona olan borcunu verməyəcəyini, heç kimdən qorxmadığını və get kimə istəyirsən şikayət et demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, o, Günayla və Mərziyə ilə qonşuluqda yaşayır. Aralarında mehriban qonşuluq münasibətləri olmuşdur. Günay sədərək bazarından geyim və gündəlik istifadə edilən əşyaları alıb evində həmin əşyaların satışı ilə məşğul olmuşdur. Onun özü də Günaydan dəfələrlə mal almışdır. Mərziyyəni Günayın mənzilində bir neçə dəfə görmüşdür. Günay məhsul gətirdiyi zaman Mərziyyə ondan alver etmişdir. Sonuncu dəfə yay vaxtı Günay onun yanında Mərziyyədən pulunu istəmiş, Mərziyyə isə ona olan borcunu verməyəcəyini demişdir. İş materiallarına əlavə edilmiş nisyə dəftərinin təsdiq edilmiş surətindən görünür ki, cavabdeh müxtəlif vaxtlarda iddiaçıdan nisyə mallar almış, aldığı malların dəyərindən mütəmadi olaraq ödəniş etmişdir. Lakin, buna baxmayaraq cavabdehin yekunda iddiaçıya 706,30 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh “Whatsapp” proqramı ilə aparılan yazışmaların surətlərindən müəyyən edilir ki, cavabdeh yazışmalar zamanı iddiaçıya borclu olduğunu etiraf edir və sonuncu dəfə 09 sentyabr 2022-ci il tarixdə iddiaçı cavabdehə ona 706,30 manat borcunun qalmasını əks etdirən nisyə dəftərinin şəklini atmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh səs yazıları olan CD diskdən görünür ki, diskdə olan 10.50.50 və 10.50.52 nömrəli fayllarda cavabdeh iddiaçıya borcunun olmasını etiraf etmiş və iddiaçıdan ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, tərəflər arasında şifahi qaydada bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda geyim və məişət əşyaları almış, aldığı əşyaların dəyərini bir müddət hissəhissə ödəsə də, yekunda aldığı əşyalara görə onun iddiaçıya 706,30 manat borcu qalmışdır. Hazırda cavabdeh iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırır. İddiaçı cavabdehin ona borclu olmasını təsdiq edən cavabdehin səs yazısı əks etdirilmiş CD diskini, vatsapp yazışmalarını və nisyə dəftərinin surətini sübut kimi məhkəməyə təqdim etmişdir, eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər də cavabdehin iddiaçıya borcunun olduğunu, onların yanında iddiaçının cavabdehdən borcunu tələb etdiyini bildirmişlər. Cavabdeh isə aldığı əşyaların dəyərini iddiaçıya tam ödəməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında şifahi qaydada bağlanmış nisyə-alqı satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Həmin müqavilələr üzrə iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları cavabdehə vermiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni aldığı əşyaların dəyərini iddiaçının ondan vaxtaşırı tələb etməsinə baxmayaraq vaxtında ödəməmişdir. Onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Odur ki, iddiaçı cavabdehdən satdığı malların dəyərinin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Bununla belə qeyd edilməlidir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən cavabdehin iddiaçıya 706,30 manat borcunun olmasının müəyyən edilməsinə baxmayaraq iddiaçı cavabdehdən cəmi 700 manat pul tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu baxımdan məhkəmə hesab edir ki, qanunvericilliyə uyğun olaraq iddia tələbindən kənara çıxmadan, iddia təmin edilməli, 700 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(071)-87/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-87/2023
25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver