Məhkəmə qərarları › İş №2(071)-877/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-877/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-877/2023 28.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 5996,4 manat əsas, 611,09 manat faiz borcu olmaqla cəmi 6607,49 manat pul vəsaitinin və 86,48 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 500804-446422/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 33 ay müddətinə, illik 20,5% dərəcəsi ilə 7500 manat kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdeh - Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, 500804-446422/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən xx.xx.2022-ci il tarixli, 500804-446422/1 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. xx.xx.2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 5996,4 manat əsas, 611,09 manat faiz borcu olmaqla cəmi 6607,49 manat məbləğində kredit borcu yaranmışdır. İddiaçının nümayəndəsi X1 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştrakı olmadan keçirilməsini və iddianı müdafiə edərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, o ehtiyacı olduğu üçün bankdan kredit götürmüşdür. Bir müddət ödənişləri vaxtında yerinə yetirsə də, sonradan maddi imkanı olmadığından ödənişləri vaxtında ödəməmişdir. Odur ki, iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasında iştirak etmədiyindən, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh1 (borcalan) arasında xx.xx.2022-ci il tarixli, 500804-446422/1 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank borcalana 7500 manat məbləğində kredit verməyi, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə aldığı kredit məbləğini, habelə kreditdən istifadəyə görə 33 ay müddətinə illik 20.5% dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.1.5-ci bəndində isə nəzərdə tutulmuşdur ki, faizlərin ödənişi borcalan tərəfindən ödəniş tarixindən 2 dəfə ardıcıl olaraq gecikdirildikdə, Bank bu müqavilə üzrə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İş materiallarından həmçinin görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh2 (zamin) arasında xx.xx.2022-ci il tarixli, 500804-446422/1nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin İddiaçı ASC (Bank) ilə Cavabdeh1 (borcalan) arasında xx.xx.2022-ci il tarixli, 500804-446422/1 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli, 500804-446422/1 saylı kredit müqaviləsinə əsasən 5996,4 manat əsas, 611,09 manat faiz borcu olmaqla cəmi 6607,49 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, müqavilə üzrə müəyyənləşdirilmiş faizlərin ödənilməsini iki dəfədən artıq ardıcıl olaraq gecikdirmişdir. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdeh Elvin Hüseynovdan tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, borclu Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, zamin Cavabdeh2 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, xx.xx.2022-ci il tarixli, 500804-446422/1 saylı kredit müqaviləsi üzrə yaranmış 5996,4 manat əsas və 611,09 manat faiz borcu olmaqla, cəmi 6607,49 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və bank xərci də cavabdehlərə aid edilməli və buna görə iddiaçı tərəfindən ödənilmiş 86,48 manat dövlət rüsumu və bank xərci cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 500804-446422/1 saylı kredit müqaviləsi üzrə yaranmış 5996,4 manat əsas borc və 611,09 manat faiz borcu olmaqla, cəmi 6607,49 manat (altı min altı yüz yeddi manat qırx doqquz qəpik) pul və ödənilmiş dövlət rüsumu və bank xərcinin əvəzi kimi 86,48 manat (səksən altı manat qırx səkkiz qəpik) pul müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar