Məhkəmə qərarları › İş №2(071)-885/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-885/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-885/2022 14.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı "xxxx" MMM QBKT-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və X3 iştirakı ilə, İddiaçı "xxxx" MMM QBKT-nin cavabdehlər Cavabdeh1, X7 və X5 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMM QBKT cavabdehlər Cavabdeh1, X7 və X5 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X10 və X2 xx.xx.2019-cu il tarixli **********0661 nömrəli kredit müqaviləsi üzrə yaranmış 13.641,92 manat əsas borc və 127,55 manat faiz borcu olmaqla, cəmi 13.769,47 manat borcun və ödənilmiş 132 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMM QBKT-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMM QBKT-nin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, "FİNCA Azerbaijan” МММ QBKT ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0661 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında" Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 16.426,29 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 14,14 manat, 4 il müddətində isə hər ay 349.35 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2019-cu il tarixli **********0***-******* saylı zaminlik müqaviləsi ilə X10 və **********0***-******* saylı zaminlik müqaviləsi ilə X9 zamin qismində xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə 13.641,92 manat əsas və 127,55 manat faiz olmaqla, cəmi 13.769,47 manat təşkil edir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 13.641,92 manat əsas borc və 127,55 manat faiz borcu olmaqla, cəmi 13.769,47 manat borcu və ödənilmiş 132 manat dövlət rüsumunu hissə-hissə iddiaçı "xxxx" MMM QBKT-yə ödəməyə etiraz etmir. Cavabdeh X9 məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 13.641,92 manat əsas borc və 127,55 manat faiz borcu olmaqla, cəmi 13.769,47 manat borcu və ödənilmiş 132 manat dövlət rüsumunu Cavabdeh1 ilə birlikdə hissəhissə iddiaçı "xxxx" MMM QBKT-yə ödəməyə etiraz etmir. Cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh X6 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və gəlmiş cavabdehlərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" MMM QBKT xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh1 istehlak məqsədləri üçün illik 25% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 16.426,29 manat kredit vermişdir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər X10 və X9 borcalan Cavabdeh1 ilə birlikdə borcun ödənilməsi üçün "xxxx" MMM QBKT-nin qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə "xxxx" MMM QBKT-yə 13.641,92 manat əsas borc və 127,55 manat faiz borcu olmaqla, cəmi 13.769,47 manat borcu yaranmışdır. Borclu öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zaminlər həmin borcun ödənilməsi üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehlər (borcalan) Cavabdeh1, (zamin) X4 və (zamin) X2 xx.xx.2019-cu il il tarixli kredit müqaviləsi üzrə yaranmış 13.641,92 manat əsas borc, 127,55 manat faiz borcu və ödənilmiş 132 manat dövlət rüsumu olmaqla, cəmi 13.901,47 manat pul müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMM QBKT-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər (borcalan) Cavabdeh1, (zamin) X4 və (zamin) X2 xx.xx.2019-cu il il tarixli kredit müqaviləsi üzrə yaranmış 13.641,92 manat əsas borc, 127,55 manat faiz borcu və ödənilmiş 132 manat dövlət rüsumu olmaqla, cəmi 13.901,47 (on üç min doqquz yüz bir manat qırx yeddi qəpik) manat pul müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMM QBKT-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar