Məhkəmə qərarları › İş №2(071)-889/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-889/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-889/2022 15.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh nisyə satdığı nar məhsulunun dəyəri olan 7.000 manat borcun və ödənilmiş 90 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, ailəsinin dolanışığını təmin etmək məqsədi ilə həyətyanı torpaq sahəsində əkdiyi nar ağaclarından əldə etdiyi məhsulu satmaqla qazanc əldə edir. 2019-cu ilin oktyabr ayında Hacıqabul rayonu 2-ci Udulu kənd sakini Cavabdeh ona yaxınlaşıb nar məhsullarını almaq istədiyini bildirmişdir. Cavabdeh ona uzaq qohumluq əlaqələrinin olduğunu bildirərək, nar məhsullarının ona nisyə satmasını və qısa müddətdə pulunu verəcəyini bildirmişdir. O, cavabdehə inanaraq nar məhsulunun hər yeşiyini 8 manatdan cavabdehə satmışdır. Cavabdeh ümumilikdə ondan 7.070 manat dəyərində nisyə nar məhsulu almış və aralarında olan razılaşmaya əsasən həmin vaxt o, cavabdehin ona borclu olduğu 7.070 manatdan 70 manatını çıxmış və cavabdehin ona 7.000 manat borcu olduğunu bildirmişdir. Cavabdeh nar məhsulunu satdıqdan sonra ona 7.000 manat borcunu qaytarmağı öhdəsinə götürsə də, həmin vaxtdan bu günə kimi ona olan 7.000 manat borcunu qaytarmamışdır. Artıq iki ildən çoxdur ki, cavabdeh pulu ödəmir. O, cavabdehdən dəfələrlə pulu tələb etsə də, cavabdeh ona olan borcunu ödəməkdən yayınır. Bu səbəbdən məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, o, İddiaçı 1 qutusu 7-8 manata olmaqla 4.020 manat dəyərində nisyə nar almışdır. O, aldığı narın pulun 10 gün sonra ödəməyi öhdəsinə götürmüş və İddiaçı 10 gün sonra onlara gələrək, aldığı narın pulundan 20 manat keçərək, ondan 4.000 manat pul almışdır. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. İddia tələbində göstərilənlər həqiqəti əks etdirmir. O, İddiaçı nar alarkən milli pulla dəyərini ödəmək istəmiş, lakin Bəxtiyar ona dollar lazım olduğunu bildirdiyinə görə, narı aldığı gün dəyərini ödəməmiş və sonradan dollarla narın pulunu ödəməyi öhdəsinə götürmüşdür. Onun narın pulunu iddiaçıya qaytarmasına dair yazılı sübutu olmasa da, borcunu tam ödəmişdir. Odur ki, iddianın rədd dilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 2-ci Udulu kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 09 nömrəli Hacıqabul rayon 2-ci Udulu kənd İƏD-si üzrə nümayəndəliyinin 2021-2025-ci illərə aid olan 01 saylı təsərrüfatbaşına kitabın 45-46 saylı səhifəsindən çıxarışdan müəyyən edilir ki, İddiaçı həqiqətən də, Hacıqabul rayon Qubalı kəndində bacısı X2 ilə birgə yaşayır və istifadələrində olan 0,34 ha həyətyanı torpaq sahəsində narçılıq təsərrüfatı ilə məşğul olurlar. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı məhsulun dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 7.070 manat dəyərində nar satdığını iddia etsə də, cavabdeh bunu etiraf etmir və 4.020 manat dəyərində nisyə nar aldığını, iddiaçının 20 manat keçdiyini və 4.000 manat ödəniləcəyini qeyd edir. Tərəflər arasında yazılı sənəd tərtib edilmədiyinə görə məhkəmə 4.000 manat dəyərində nar məhsulunun satılmasını qəbul edir və cavabdeh iddiaçıya nisyə aldığı nar məhsuluna görə 4.000 manat ödəməli idi. Cavabdeh 4.000 manat vəsaiti narı aldıqdan 10 gün sonra iddiaçıya ödədiyi iddia etsə də, bu halı təsdiq edən yazılı sübutu və ya digər mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə sübutlara qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh nisyə aldığı nar məhsulunun dəyəri olan 4.000 manat borc və ödənilmiş 90 manat dövlət rüsumu olmaqla, cəmi 4.090 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan, yəni 3.000 manat tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əssən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh nisyə aldığı nar məhsulunun dəyəri olan 4.000 manat borc və ödənilmiş 90 manat dövlət rüsumu olmaqla, cəmi 4.090 (dörd min doxsan) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar