Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-893/2025 22.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavadehdən 325,30 manat məbləğində əsas borcunun, 61,05 manat faiz və 17,43 manat hesablanmış cərimə borcunun, cəmi 403,78 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 28% ödəmək şərtilə 300 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsini imzalamaqla xx.xx.2021-ci il tarixli kütləvi ofertanı qəbul etmişdir. Kartın istifadəsi zamanı xx.xx.2024-cü il tarixində cavabdeh özünə aid olmayan 0,46 manat məbləğinin istifadə etməsi texniki overdraftın yaranması ilə nəticələnmişdir. xx.xx.2021-ci il tarixli ümumi ofertaya əsasən kart hesabında olan pul vəsaiti kartdan istifadə etməklə aparılan əməliyyatlar üçün kifayət etmədikdə, həmin əməliyyatların icrası üçün tələb olunan vəsaitin çatışmayan hissəsinin bank tərəfindən ödənilməsi texniki overdraft adlanır. Həmin ofertanın 2.2.8-ci bəndinə əsasən hesab üzrə texniki overdraft yarandığı halda müştəri bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda müştəri bank qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft üzrə borc məbləği bank tərəfindən müştəriyə məxsus olan bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqqları tutulmaq şərtilə akseptsiz qaydada silinə bilər. Texniki overdraft baş verdiyi hallarda müştərinin sərəncamı olmadan akseptsiz qaydada silmək üçün onun hesablarında pul olmadıqda və ya kifayət qədər olmadıqda yaranmış borc (texniki overdraft) müştəriyə illik 30% hesablanmaqla 30 (otuz) təqvim günü müddətində qaytarılmalıdır. xx.xx.2021-ci il tarixli ümumi ofertanın 6.4.1-ci maddəsinə əsasən müştəri tərəfindən kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək. Texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi və vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə ərizə göndərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin və iddiaçının iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ümumi ofertaya əsasən müəyyən edilir ki, bank - "xxxx" KB ASC müştəriyə - Cavabdeh kredit limiti ayırmağı, bank hesabı açmağı və kart təqdim etməyi təklif etmişdir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh 2363sSLYb/23 nömrəli kredit müqaviləsi üzrə 325,30 manat məbləğində əsas borcunun, 61,05 manat faiz və 17,43 manat hesablanmış cərimə borcunun, cəmi 403,78 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən (pretenziya) görünür ki, 2363sSLYb/23 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixinə "xxxx" KB ASC-yə olan borcu 325,3 manat əsas, 36,14 manat faiz, 6,32 manat cərimə, cəmi 367,76 manat təşkil etmişdir. Bundan başqa, bildirişdə qeyd olunur ki, banka olan bütün borc məbləğinin tam olaraq 3 iş günü müddətində ödənilməsi halında tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsi təklif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Bundan başqa, məhkəmə xx.xx.2025-ci il tarixli bildirişdə müqavilənin ləğv edilməsinə dair cavabdehə edilmiş təklifi araşdıraraq aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424,3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutuluş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq bir tərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilmədiyinə görə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2025-ci il tarixdə müqavilənin ləğv edilməsi təklifi barədə cavabdehə bildiriş göndərməklə, bu barədə iradə ifadəsini ona bildirdiyindən, artıq bununla tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilir. Odur ki, cavabdehin müqavilə üzrə öhdəliklər icra edilmədiyinə görə xx.xx.2025-ci il tarixli bildirişdə müəyyən edilmiş əsas borc, faiz borcu, komisyon borcu və cərimə borcu cavabdehdən tutulmalıdır. MM-in 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda başvermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1.2-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya (1092.1.1); əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. İş materialları ilə sübut olunur ki, cavabdeh overdraft nəticəsində artıq ödənilmiş vəsaiti sərf edib geri qaytarmamaqla müqavilə üzrə öhdəliyini icra etməmişdir. Ona görə iddia tələbi overdraft borcunun tutulması hissəsində təmin edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 325,3 manat əsas, 36,14 manat faiz, 6,32 manat cərimə, cəmi 367,76 (üç yüz altmış yeddi manat yetmiş altı qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi otuz (otuz) manat pul alınaraq "xxxx" KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 325,3 manat əsas borc, 36,14 manat faiz borcu, 6,32 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 367,76 (üç yüz altmış yeddi manat yetmiş altı qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq "xxxx" KB ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-893/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-893/2025
22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver