Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-91/2024 29.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, Səlimov Günel Rauf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1300 manat xidmət haqqı və dövlət rüsumu olaraq ödənilmiş 33 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə hüquqi yardım göstərdiyinə görə cavabdehin xidmət haqqını tam ödəməməsi ilə əlaqədar aralarında mübahisə yaranmışdır. Belə ki, o, hüquqi yardım xidməti üzrə fiziki şəxs kimi 5 saylı Şirvan Ərazi İdarəsində qeydiyyatdan keçmişdir. Vətəndaşların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ilə bağlı hüquqlarının müdafiəsi üzrə hüquqi xidmət göstərir. Cavabdeh 2023-cü ilin əvvəllərində müraciət edərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı hüquqi yardım göstərməsini xahiş etmişdir. Bildirmişdir ki, DSMF-nin əlaqədar orqanları ona onun əlilliyə görə pensiyasının ödənilməsini saxlayıblar, bu səbəblə, güzəştli pensiya hüququndan istifadə etmək istəyir. O isə öz növbəsində cavabdehə təklif etmiş ki, əvvəlcə əlillik hüququnun bərpa edilməsi ilə bağlı lazımi addımları atsın, çünki, bu halda əlilliyə görə daha yüksək məbləğdə pensiya alacaq. Bunun üçün növbəti üç ay ərzində ona əlilliyinin bərpası üçün hansı addımları atmaq lazım gəlməsi barədə cavabdehə şifahi məsləhətlər vermişdir. Lakin, cavabdeh üç aydan sonra bütün cəhdlərinin boşa çıxdığını bildirərək, ona güzəştli şərtlərlə pensiya təyin etməyini xahiş edib. O, cavabdehə rəsmi olaraq hüquqi yardım göstərdiyini bildirib və xidmət haqqı, qarşılıqlı olaraq, hüquq və vəzifələri barədə aralarında belə bir hüquqi yardım göstərməyi üçün xidməti müqavilə bağlamaq lazım gəldiyini bildirib. Cavabdeh buna razı olub və göstərəcəyi hüquqi yardım əvəzində ona 2000 manat xidmət haqqı ödəməyə razılaşıb. Yaşadığı ünvanda xidməti müqavilə bağlayıblar. Lazımi işləri onun adından yerinə yetirmək üçün cavabdeh ona etibarnamə verib. Növbəti tarixlərdə o, cavabdehin güzəştli pensiya hüququnu təsdiq edəcək sənədlərin toplanması və pensiya orqanlarına təqdim edilməsi ilə məşğul ollub. Nəticədə cavabdehə güzəştli şərtlərlə pensiya təyin edilib. Cavabdeh xidmət haqqını ödəmək üçün pensiya kartını ona verib ki, ayda aylıq 606 manat (303 manat aylıq+303 manat ötən aylar üçün ödəniş) pensiya məbləğindən 400 manat özünə götürməli, yerdə qalan məbləği isə cavabdehə göndərməli idi. İlk pensiya ödənişində belə də ediblər- 400 manat özünə götürüb (etibarnamə ilə buna cavabdeh icazə vermişdi) və 208 manat qalan məbləği cavabdehin kartına ödəniş terminalı vasitəsilə mədaxil etmişdir. Bu ödənişdən bir neçə gün sonra cavabdeh ona zəng edərək onda olan bank kartını blokladığını və əvəzində başqa kart aldığını və həmin kartı ona verəcəyini bildirib. Növbəti pensiya ödənişində hansısa səbəbdən cavabdehin pensiyası yenə də onda olan karta köçürülüb. Bu cavabdeh üçün gözlənilməz olub və ona deyib ki, bu ay 300 manat götürsün, gələn ay 400 manat əvəzinə 500 manat verəcəkdir. 300 manat özünə götürüb qalan 308 manat pulu cavabdehin bank kartına mədaxil edib. Üçüncü pensiya ödənişində isə artıq onda olan bank kartı bloklanmış və bankomatda nağdlaşdırma apara bilməmişdir. Cavabdehə zəng edib, lakin cavabdehə zəng çatmamışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh ödəniş etmək istəmir, müqavilə şərtlərini yerinə yetirmək istəmir. Cavabdeh ilə onun arasında bağlanmış müqaviləyə əsasən, ona ödənilməmiş xidmət haqqı məbləği 1300 manat təşkil edir. Cavabdehin onunla müqavilə bağlaması, bundan əvvəl ona hüquqi yardım göstərilməsi üçün etibarnamə təqdim etməsi, pensiya təyinatından sonra iki dəfə 400 və 300 manat ödəniş etməsi onu göstərir ki, cavabdeh həmin müqavilə ilə öhdəlikləri könüllü qəbul etmiş və qismən də yerinə yetirmişdir. Bu mənada onun həmin müqavilə üzrə öhdəliklərinin olmasını həm də rəftarı ilə sübut etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ilə aralarında hüquqi xidmət göstərilməsi barədə müqavilə bağlanmışdır. Razılaşmaya əsasən iddiaçı ona yaşa görə güzəştli şərtlərlə pensiya təyin etdirəcək, o isə pensiya təyin edildikdən sonra hissə-hissə olmaqla iddiaçıya 2000 manat pul ödəməli idi. Həmçinin, iddiaçı ona bildirmişdir ki, hər ay 500-600 manat pensiya alacaqdır. Pensiya təyin edildikdən sonra pensiya kartını iddiaçı əldə etmiş, birinci və ikinci aylar 606 manat pensiya pulu ödənilmişdir və iddiaçı həmin puldan birinci ay 400 manat və ikinci ay 300 manat pulu özünə götürmüş, qalan məbləği ona qaytarmışdır. Sonra müəyyən etmişdir ki, ona yaşa görə 606 manat yox, 303 manat pensiya təyin olunmuşdur. Bu səbəbdən o, sonradan iddiaçıya ödəniş etməyi dayandırmışdır. İddiaçı göstərdiyi xidmətə görə ümumilikdə 700 manat pul almışdır. Hesab edir ki, həmin məbləğ onun göstərdiyi xidmətə uyğundur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında” şəhadətnamədən və elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş vergi məlumatlarından müəyyən olunur ki, İddiaçı “hüquqi aktların, vəsiyyətnamələrin, etibarnamalərin və sairlərin hazırlanması” fəaliyyət növü ilə məşğul olan vergi ödəyicisi kimi 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. (VÖEN – **********) Hüquq sahəsində fərdi fəaliyyət göstərən fiziki şəxs İddiaçı (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış “Hüquqi Xidmətlərin göstərilməsi haqqında” xx.xx.2023-cü il tarixli Xidməti Müqavilədən görünür ki, bu müqavilə çərçivəsində icraçı sifarişçi tərəfindən təqdim olunmuş sənədlərin öyrənilib araşdırılması və sifarişçiyə problemin həll edilməsi üçün mümkün variantlar haqqında məlumat və təlimat verilməsini, lazımi sənədlərin tərtib edilməsində, Şirvan İnzibati Məhkəməsində, Şirvan Apellyasiya Məhkəməsinə və ya Azərbaycan Respublikası Ali Məhkəməsinə veriləcək (iddia, apellyasiya şikayəti və kassasiya şikayəti) ərizələrinin, inzibati orqana qarşı qaldırdığı məhkəmə iddiası işlərində Sifarişçi adından sənədlərin hazırlanması və işə baxılarkən sifarişçinin təqdim etdiyi etibarnamə əsasında inzibati işlə bağlı vəkillə sifarişçinin hüquqlarının müdafiəsi üçün müqavilə bağlanılması da daxil olmaqla, Sifarişçinin pensiya hüququnun məhkəmə müdafiəsinin təşkilini həyata keçirməyi və sifarişçiyə bu məsələdə digər hüquqi yardımları göstərməyi öz öhdəsinə götürür. Hüquqi xidmətin müqavilə üzrə dəyəri 2000 manat məbləğində müəyyən edilir. Sifarişçi ilkin olaraq ödəniş etmir. İcraçı və sifarişçi razılaşırlar ki, xidmət haqqının qalan hissəsi sifarişçinin xeyrinə olan məhkəmə qərarı qüvvəyə mindikdən dərhal sonra və ya icraçının təklif edəcəyi qanuni üsullardan istifadə edilərək ödəniləcək. Sifarişçi yalnız ona pensiya təyinatı aparılacağı təqdirdə icraçıya bu bənddə qeyd edilən xidmət haqqını ödəyəcək. Sifarişçi razılaşır ki, icraçı tərəfindən göstəriləcək hüquqi yardımın həcmi və forması icraçı tərəfindən situativ olaraq müəyyən ediləcək və gələcəkdə bu xidmət haqqının ödənilməsi zamanı mübahisə predmeti olmayacaq. Müqavilənin 7-ci bəndində sifarişçi bəyan edir ki, icraçıya hüquqi yardım göstərmək üçün müraciət etməmişdən əvvəl özünün əmək pensiya hüququnun təmin edilməsi üçün bütün cəhdləri uğursuzluqla nəticələnmişdir, bu hüququnu necə həyata keçirmək lazım olduğunu bilmir, bunun üçün mövcud qanunvericilik aktları barədə məlumatı yoxdur və qeyd edilən hüququn təmin edilməsi üçün hüquqi yardıma ehtiyacı vardır. Xəstəliyi səbəbindən fiziki olaraq da bu işləri yerinə yetirmək iqtidarında deyildir. xx.xx.2023-cü il tarxili, AR-İİİ 047883 nömrəli etibarnamədən görünür ki, Cavabdeh DSMF-nun bütün rayon və şəhər şöbələrində onu təmsil etməyi, kart sifariş etmək, kartı götürmək, sənədləri təqdim etmək, təmsil etmək, ona çatası plastik pensiya kartını və pensiya məbləğini almağı, onun adından vəkillə müqavilə bağlamağı və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh yaşa görə 303 manat pensiya alır. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında hüquqi xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçı cavabdehə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı müvafiq sənədləri hazırlayıb onun adından (verilmiş etibarnamə əsasında) Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinə müraciət etmək, lazım gəldikdə həmin orqana qarşı inzibati məhkəmədə iddia ərizəsinin hazırlanması və məhkəmədə hüquqlarının müdafiəsi ilə bağlı tədbirləri həyata keçirməyi öhdəsinə götürmüş, cavabdeh isə göstəriləcək xidmətin qarşılığında iddiaçıya 2000 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra, iddiaçı cavabdehin ona verdiyi etibarnamə əsasında sonuncu üçün güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı lazımi sənədləri hazırlayıb DSFM-na təqdim etmiş və nəticədə cavabdehə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Cavabdehə pensiya təyin edildikdən sonrakı müddətdə, tərəflər arasında olan razılaşmaya uyğun olaraq cavabdehin pensiya kartı iddiaçıda saxlanılmış və iddiaçı həmin kartdan birinci ay 400 manat, ikinci ay 300 manat olmaqla, cəmi 700 manat pul məxaric etmişdir. Başqa sözlə desək, iddiaçı xidmət müqaviləsi üzrə göstərdiyi xidmətə görə razılaşmışdırılmış 2000 manat muzdun 700 manat hissəsini əldə etmişdir. Hazırda iddiaçı müqavilə üzrə ödənilməmiş qalan 1300 manat muzdun ödənilməsini cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı formada tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh (vəkalət verən) iddiaçıya (vəkalət alan) güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı müvafiq sənədləri hazırlayıb onun adından Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinə müraciət etməyi, zərurət olduqda həmin orqana qarşı inzibati məhkəmədə iddia ərizəsinin hazırlanması və məhkəmədə hüquqlarının müdafiəsi ilə bağlı tədbirləri həyata keçirməyi tapşırmış, müqavilə şərtlərinə əsasən tapşırıq icra edildikdən sonra cavabdeh iddiaçıya 2000 manat muzd ödəməli və həmin muzdun 700 manat hissəsi iddiaçıya ödənilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə şərtləşdirilmiş muzdun məbləği tapşırığın xarakterinə, tapşırılan işin və yerinə yetirilən işin mürəkkəbliyinə uyğun deyil. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, cavabdeh hüquqi yardım göstərmək üçün iddiaçıya müraciət etməmişdən əvvəl özünün əmək pensiya hüququnun təmin edilməsi üçün bütün cəhdləri uğursuzluqla nəticələnmişdir, bu hüququnu necə həyata keçirmək lazım olduğunu bilməmiş, xəstəliyi səbəbindən fiziki olaraq da bu işləri yerinə yetirmək iqtidarında olmamış, bu səbəbdən pensiya hüququnun təmin edilməsi üçün hüquqi yardıma ehtiyacı yaranmışdır. Bununla əlaqədar o, iddiaçı ilə yazılı tapşırıq müqaviləsi bağlamış və iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı müvafiq sənədləri hazırlayıb onun adından Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinə müraciət etməyi, zərurət olduqda həmin orqana qarşı inzibati məhkəmədə iddia ərizəsinin hazırlanması və məhkəmədə hüquqlarının müdafiəsi ilə bağlı tədbirləri həyata keçirməyi tapşırmışdır. Lakin, iddiaçı cavabdehin ona verdiyi etibarnamə əsasında onun adından müəyyən sənədləri hazırlayaraq DSMF-nun müvafiq şöbəsinə təqdim etmiş, məhkəmə müdafiəsi hüququndan istifadə etməyə ehtiyac yaranmadan cavabdehə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasına nail olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunur ki, hüquqi yardım xidməti yalnız məhkəmə icraatlarında iştirakla bağlı olmadığından, belə xidmət göstərən şəxslərin fəaliyyəti heç də həmişə müraciət edənin hüquqlarının və mənafelərinin müdafiəsi və ya təmsil edilməsindən ibarət olmamaqla, bəzi hallarda ərizələrin, şikayətlərin layihələrinin, məhkəməyə müraciət etmək üçün lazım olan sənədlər paketinin, hüquqi xarakterli digər sənədlərin hazırlanaraq təqdim edilməsi kimi maddi nəticələri özündə ehtiva edən işlərin icrası ilə məhdudlaşa bilər. Hüquqi yardımla bağlı müqavilələr üzrə göstərilən xidmətə görə haqqın məbləği və ödənilməsi şərtləri ilə əlaqədar, ilk növbədə, qeyd edilməlidir ki, Mülki Məcəllənin mülki dövriyyənin azadlığının təmin edilməsi məqsədinə xidmət edən prinsiplərindən olan müqavilə azadlığı prinsipi Məcəllənin 6-cı maddəsində öz əksini tapmaqla, mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan, öz mülahizə və istəklərinə görə, mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Eləcə də Mülki Məcəllənin müqavilə azadlığı adlanan 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Beləliklə, Mülki Məcəllənin 6.2 və 390.5-ci maddələrinə görə, fiziki və hüquqi şəxslər öz mənafelərini gerçəkləşdirmək üçün sərbəst iradə ifadələri olan müqavilə əsasında hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Müvafiq müqavilə şərtinin məzmununun Mülki Məcəllə ilə göstərildiyi hallar istisna olmaqla, müqavilənin şərtləri tərəflərin istəyi ilə müəyyən olunur. Göründüyü kimi, müqavilə azadlığı prinsipindən irəli gələn imkan və səlahiyyətlər hüquqi yardım göstərilməsi ilə bağlı müqavilələr üçün də keçərli olmaqla, qanunvericiliklə tərəflərə müqavilənin məzmununun, o cümlədən haqqın ödənilməsi şərtlərinin və məbləğinin müəyyənləşdirilməsində sərbəstlik verilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda həmçinin onu da vurğulamışdır ki, hüquqi yardım xidmətinin göstərilməsinə dair müqavilələr üzrə işin uğurlu nəticəsinə görə haqqın (mükafatın) ödənilməsi ilə bağlı müddəaların müqavilədə müəyyən edilməsi yolverilən olsa da, bu, həmin müddəaların hər zaman etibarlı hesab edilə biləcəyi kimi qəbul edilməməlidir. Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı). Buna görə də, Azərbaycan Respublikasının qanunvericiliyi ilə hüquqdan sui-istifadə üzərində həyata keçirilən razılaşmaların və hərəkətlərin etibarsız olduğu müəyyən edilmişdir (Mülki Məcəllənin 560.2-ci maddəsi). İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq və açıq-aşkar ona uyğun gəlməyən tərzdə həyata keçirirsə, o, bu hüququndan suiistifadə etmiş olur (Mirolubovs və başqaları Latviyaya qarşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli Qərar, § 62). Göstərilənlər baxımından Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, işin uğurlu nəticəsinə görə iddia predmetinin dəyərinin önəmli bir hissəsinin tərəfin ağır vəziyyətdə olmasından sui-istifadə edilməsi nəticəsində mükafat olaraq razılaşdırılması hallarından çəkinilməlidir. Hüquqi yardım xidmətinin göstərilməsinə dair müqavilələr üzrə işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsinin nəzərdə tutulmasının sui-istifadəyə səbəb olacağı halların konkret olaraq dairəsini müəyyən etmək mümkün deyil. Bu, tapşırığın xarakterindən, tapşırılan işin mürəkkəbliyindən, ödənişin miqdarından və işin digər faktiki hallarından asılı olaraq qiymətləndirilməli olan meyardır. Bu səbəbdən hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə iddiaçı vəkil olmasa da, o, hüquqi xidmətlərin göstərilməsi sahəsində fərdi fəaliyyət göstərən fiziki şəxs olmaqla cavabdehlə məhz hüquqi xidmətin göstərilməsi ilə bağlı müqavilə bağladığından, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarındakı hüquqi mövqe hazırki mülki işə də tətbiq edilməlidir. Çünki, həmin qərarda qeyd edildiyi kimi hüquqi yardım xidməti yalnız məhkəmə icraatlarında bilavasitə vəkil kimi iştirakla bağlı olmadığından, belə xidmət göstərən şəxslərin fəaliyyəti heç də həmişə müraciət edənin hüquqlarının və mənafelərinin müdafiəsi və ya təmsil edilməsindən ibarət olmamaqla, bəzi hallarda ərizələrin, müraciətlərin, hüquqi xarakterli digər sənədlərin hazırlanaraq təqdim edilməsi ilə məhdudlaşa bilər. Hazırki mülki iş üzrə iddiaçının gördüyü işlər də məhz bu xarakterlidir. Digər tərəfdən, işin faktiki hallarından görünür ki, cavabdeh hüquqi yardım göstərmək üçün iddiaçıya müraciət etməmişdən əvvəl özünün əmək pensiya hüququnun təmin edilməsi üçün bütün cəhdləri uğursuzluqla nəticələnmiş və bu barədə iddiaçıya bildirmişdir (iddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında bu halı təsdiq etmişdir). Eyni zamanda müqavilədə də qeyd olunur ki, cavabdeh xəstəliyi səbəbindən fiziki olaraq da bu işləri yerinə yetirmək iqtidarında deyil. Bütün bunlar isə onu göstərir ki, müqavilə bağlanılarkən iddiaçı cavabdehin ağır vəziyyətdə olmasını bilmiş və bundan istifadə edərək müqavilədə muzdun miqdarını 2000 manat müəyyən etmişdir. Bu baxımdan məhkəmə, işin həmin faktiki hallarını nəzərə alaraq və Konstitusiya Məhkəməsinin Plenumunun Qərarındakı hüquqi mövqeyə əsaslanaraq qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə göstərilən muzdun miqdarı tapşırığın xarakterinə, mahiyyətinə, tapşırılan işin mürəkkəbliyinə və işin digər faktiki hallarına uyğun olmamaqla bərabər sosial ədalətə və vicdanlılığa sığmır. Müqavilə əsasında verilmiş tapşırığın mahiyyəti və iddiaçı tərəfindən görülən işlər nəzərə alındıqda, muzdun miqdarının 1000 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və məqsədə müvafiqdir. Görülən işlərin müqabilində iddiaçı tərəfindən 700 manat pul vəsaitinin əldə edilməsi nəzərə alındıqda, qalan 300 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 7,61 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 7,61 manat (yeddi manat, altmış bir qəpik) pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(071)-91/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-91/2024
29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver