Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-917/2022 30.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus olan bir baş inəyin ölməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 900 manat pulun və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, Hacıqabul rayonu Rəncbər kəndində yaşayır. Ona məxsus həyətyanı sahədə heyvan-qara saxlamaqla kiçik təsərrüfatla məşğul olur. xx.xx.2022-ci ildə inəyinin südü çürüməyə başlamışdır.O, heyvana baxması üçün kəndin baytar həkimi Cavabdeh çağırmışdır. Cavabdeh inəyə sistem qoşsa da heyvan yaxşılaşmamış, halı daha da pisləşmişdir. Bu səbəbdən o, yenidən Cavabdeh çağırmış, Cavabdeh bu dəfə heyvanın bədənini qıyıqla tikmişdir. Bundan sonra heyvan şişməyə başladığından o, Cavabdeh bu barədə məlumat vermişdir. Cavabdeh da ona qayçı ilə heyvanın tikişini sökməsini tapşırmışdır. O, heyvanın tikişini sökə bilməmiş, xx.xx.2022-ci il tarixdə inək ölmüşdür. Bundan sonra o, Cavabdeh heyvanı səhv müalicə etməsi nəticəsində öldürdüyünü və bu səbəbdən ona 900 manat maddi ziyan dəydiyini bildirərək, ondan inəyinin əvəzinə başqa inək alaraq ona verməsini tələb etmişdir. Cavabdeh onun bu fikirləri ilə razılaşmadığından o, xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. İş üzrə araşdırma aparıldıqdan sonra ona müraciəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Onun inəyinin 12 yaşı olmuşdur. İnəyin cəsədini atmışlar, ölüm səbəbini müəyyən etdirməmişlər. Lakin hesab edir ki, onun inəyi cavabdehin səhvi nəticəsində ona maddi ziyan dəymişdir. Odur ki, iddiasının təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı iddia ərizəsində göstərdikləri reallığı əks etdirmir və heyvanın ölümündə onun heç bir günahı yoxdur. Belə ki, İddiaçı onun yanına gələrək, ondan inəyinə baxmasını xahiş etmişdir. O, inəyi müayinə edərək inəyin 1 aylıq boğaz olduğunu bildirmiş və inəyə sistem qoymuşdur. İnəklər 12-15 yaşına kimi yaşayır. İddiaçının inəyi qoca və arıq olmuşdur. O, iddiaçının inəyinə sistem qoşub müalicə etsə də, bir neçə gün sonra inək ölmüşdür. O, iddiaçının inəyinin ölümündə heç bir təqsiri yoxdur. İnəyin ölüm səbəbi araşdırılmamış və ekspertiza keçirilmişdir. O, iddianı əsassız hesab edir və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Hacıqabul rayonu DİN-nin Hacıqabul rayon Polis şöbəsi tərəfindən Hacıqabul rayon Rəncbər kənd sakini X1 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 159-13886 Ə-3222 nömrəli məktubundan müəyyən edilir ki, onun xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə ünvanladığı müraciət araşdırılmış və araşdırma nəticəsində Cavabdeh əməlində cinayət tərkibi və inzibati hüquqpozma aşkar edilmədiyindən məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassızdır. Belə ki, İddiaçı iddia tələbində bir baş inəyinin Cavabdeh səhv müalicəsi nəticəsində öldüyünü göstərsə də, iş materiallarına inəyin ölüm səbəbinin müəyyən edilməsi barədə ekspert rəyi əlavə etməmiş və inəyin cavabdehin səhv müalicəsi nəticəsində ölməsini sübut edə biləcək yazılı və əsaslandırılmış mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, İddiaçı Cavabdeh qarşı ona dəymiş maddi ziyana görə 900 manat pul tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı öz iddia tələbinin əsasını sübuta yetirə bilmədiyinə görə iddia rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “ona dəymiş maddi ziyana görə 900 manat pul” tələbinə dair iddiası rədd edilsin Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-917/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-917/2022
30.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver