Məhkəmə qərarları › İş №2(071)-93/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-93/2022

01.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-93/2022 01.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 22.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 10.518,27 manat maddı zərərin tutularaq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 04.02.2022-ci il tarixli 2(071)-93/2022 nömrəli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş üzrə icraat ekspertizanın rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.04.2022-ci il tarixli 9/1492 nömrəli ekspert rəyi 22.04.2022-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə daxil olmuşdur. Hacıqabul rayon Məhkəməsinin 04.05.2022-ci il tarixli 2(071)-93/2022 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, iş üzrə məhkəmə iclası 01.06.2022-ci il tarixə saat 10:30-a təyin edilmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin artırılması barədə 05.05.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh vurulmuş maddı zərərin əvəzi kimi 10.589,75 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsinə əsasən Cavabdeh anbardar vəzifəsinə təyin olunmuşdur. Cavabdeh işlədiyi dövrdə "xxxx" MMC-nə zərər vurmuşdur. Bu fakt Tac MMC anbardarı X8 izahatı və Audut hesabatı ilə təsdiq olunur. Belə ki, X12 izahatında göstərmişdir ki, o təxminən 1 il yarım olar ki, balonları satmağa başlamış, gündə orta hesabla 10-115 balon çıxartmış və bu əməliyyatı o **-SV-*** qeydiyyat nömrəli avtomobil vasitəsi ilə sürücüsü Mikayılov Laçınla bir yerdə götürmüş və bu əməliyyat brədə Cavabdeh başqa heç kəsin xəbəri olmamışdır. O, həmçinin izahatında Cavabdeh də, **-SV-*** qeydiyyat nömrəli avtomobilin sürücüsü Mikayılov Laçınla işlədiyini və digər maşınlardan xəbəri olmadığını göstərmişdir. Əldə olunan məbləğ üç yerə bölündüyündən onun bu əməliyyata başlayan gündən bu günə kimi orta hesabla qazancı 3.350 manat olmuşdur. X1 izahatında göstərmişdir ki, o, 2014-cü ildən "xxxx"-də anbardar vəzifəsində çalışır. Onun vəzifəsi istehsal olunan 20 litrlik su balonlarını qəbul etmək, qoruyub saxlamaq və zavodun aldığı sifarişlər əsasında qaimə tərtib edərək sifarişçilərə göndərilməsindən ibarət olmuşdur. 18 yanvar 2021-ci il ildə zavodun işçiləri tərəfindən anbarda tərtib olunmuş sənədlər, yəni onun və Sadiqin tərtib etdikləri qaimələr əsasında yoxlama aparılmış və yoxlama nəticəsində 2020-ci ilin yanvar ayından 18 yanvar 2021-ci il tarixədək onların tərtib etdikləri qaimələr əsasında anbardan əsassız olaraq 21.000 manat dəyərində su balonununun silinməsi məlum olmuşdur. O, izahatında artıq silinməni su balonlarını zavodun adına yazaraq, **-JV-*** saylı maşına yükləyərək satışa göndərmələri ilə izah edir. **-JV-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Laçın adlı sürücü olmuş və suyun icazəsiz satılmasını o, Sadiq və qeyd etdiyi **-JV-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Laçın bilmişdir. O, bu qayda ilə Sadıqlə daimi olaraq işləmişdir. Ona görə də 18 yanvar 2021-ci il tarixdə onların hesabında, yəni anbarda qanunsuz qaimə yazılmaqla su balonlarının kənar şəxslərə satılması nəticəsində 21.000 manatdan artıq çatışmamazlıq aşkar edilmişdir. Onlar satış üçü maşınla vurduqları mallara görə Laçına da pul vermişlər. O, izahatında Laçın nə qədər pul vermələrinin və nə qədər su satmalarının yadına qalmadığını lakin Laçının onlardan razı qaldığını, gördüyü işlərə görə peşman olduğunu və həmin yoldaşlarla birlikdə zavoda vurulan ziyanı ödəməyə hazır olduğunu göstərmişdir. Cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərin cinayət mühakiməsi yolu ilə cavabdehdən və digər şəxsdən tutulmasının təmin edilməsi üçün "xxxx" MMC Binəqədi rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciaf edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dəymiş 21.037 manat 55 qəpik maddi zərərin X4, Cavabdeh və X2 tutularaq cəmiyyətə ödənilməsi, həmçinin X7, Cavabdeh və X3 cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Çox təəssüf ki, Binəqədi rayon Prokurorluğunda iddiaçının tələbini obyektiv araşdırılmamış, qanunsuz və əsassız olaraq 01.06.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bu gün isə iddiaçı cavabdeh tərəfindən ona dəymiş zərərin mülki qaydada məhkəmə vasitəsilə təmin edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. "xxxx" MMC tərəfindən 01.06.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarın ləğv edilməsi ilə bağlı artıq 18.08.2021-ci il tarixdə Bakı şəhər Prokurorluğuna və Binəqədi rayon Prokurorluğuna şikayət ərizə ilə müraciət edilmişdir. Belə ki, hesab edirik ki, hal-hazır iş üzrə cavabdehin və digər şəxsin iddiaçıya vurduğu 21.037 manat 55 qəpik maddi zərər X16 və ekspertizanın rəyinə uyğun olaraq Cavabdeh vurulmuş maddı zərərin əvəzi olaraq 10.589,75 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, "xxxx" MMCdə 2016-cı ildən anbardar vəzifəsində çalışmışdır. O, anbarda X12 ilə birlikdə iki nəfər işləmişlər. Belə ki, bir həftə o, bir həftə Gündüz işdə olmuşdur. Onların vəzifəsi istehsal olunan su balonlarını qəbul etmək, qoruyub saxlamaq və zavodun aldığı sifarişlər əsasında qaimə tərtib edərək sifarişçilərə göndərilməsindən ibarət olmuşdur. Bundan əlavə "xxxx" MMC-nin öz ərazisində içmək məqsədi ilə istifadə olunan sularını da onların verdiyini və həmin su balonların ağ rəngdə olduğunu göstərmişdir. O, iş prosesində su balonlarının partladığını və yararsız çıxdığını, yararsız vəziyyətdə olan məhsulun əksiyini düzəltmək üçün həmin sulara qaimə yazdığını, həmin qaimədə göstərilən malları zavoda rasxod etdiyini, həmin mallar barədə akt tərtib etmədiklərini, partlayan su balonlarını atdıqlarını və bu barədə heç kimə məlumat vermədiyini göstərmişdir. Bunadan başqa o, iddia ərizəsində göstərilən məbləğin reallığı əks etdirmədiyini, işlədiyi müddət ərzində onun 50-100 manat arasında əksiyinin ola biləcəyini göstərərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin həqiqi hallarından göründüyü kimi, Cavabdeh "xxxx" MMC-də 2016-cı ildən anbardar vəzifəsində çalışmışdır. O, anbarda X12 ilə birlikdə iki nəfər işləmişlər. 18.01.2021-ci il ildə zavodun işçiləri tərəfindən anbarda tərtib olunmuş sənədlər, onların tərtib etdikləri qaimələr əsasında yoxlama aparılmış və yoxlama nəticəsində 2020-ci ilin yanvar ayından 18.01.2021-ci ilədək onların tərtib etdikləri qaimələr əsasında anbardan əsassız olaraq 21.000 manat dəyərində su balonunun silinməsi məlum olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərin cinayət mühakiməsi yolu ilə cavabdehdən və digər şəxsdən tutulmasının təmin edilməsi üçün "xxxx" MMC Binəqədi rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciaf edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dəymiş 21.037,55 manat maddi zərərin X4, Cavabdeh və X2 tutularaq iddiaçıya ödənilməsi, həmçinin X7, Cavabdeh və X3 cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Binəqədi rayon Prokurorluğunda 01.06.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Binəqədi rayon prokuroru Nazim İmanov 24.08.2021-ci il tarixli qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti əsassında torlanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair Bakı şəhəri Binəqədi rayon prokurorunun köməkçisi Asəf Şahniyarlının 01.07.2021-ci il tarixli qərarı ləğv edilmiş və material əlavə araşdırma aparılması üçün yenidən Binəqədi rayon Polis İdarəsinə göndərilmişdir. 30.06.2021-ci il tarixli müstəqil auditor hesabatında göstərilir ki, X12 və Cavabdeh birlikdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 21.037,55 manat əskiklik olmuşdur. Belə ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X5 04.01.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən edilir ki, "xxxx" MMC-nin direktoru Arzu Yusifovanın şikayət ərizəsi müraciət edərək, cəmiyyətin anbarında 20 litrlik su balonlarının uçotunun aparılması qaydalarını yoxlamaq məqsədi ilə 18.01.2021-ci il tarixdə 20 litrlik su balonun inventarizasiyasını aparmaq üçün 16.01.2021-ci il tarixli U/16-01-21/13/1385-1 saylı əmr imzalanmışdır. Həmin əmrə əsasən inventarizasiya komissiyası yaradılmışdır. İnventarizasiya komissiyası tərəfindən aparılan yoxlama və araşdırmalar nəticəsində məlum olmuşdur ki, anbarın anbardarları olan X12 və X9 01.01.2020-18.01.2021-ci il tarixə kimi nəzərdə tutulmayan məqsədlər əsasında məxaric orderləri tərtib edərək, 21.037,55 manat dəyərində su balonlarını MMC-nin nəqliyyat vasitəsi ilə kənara çıxarmışlar. 02.11.2021-ci il tarixdə toplanmış material üzrə İstintaq şöbəsinin baş müstəntiqi Kamran Əliyev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. 18.12.2021-ci il tarixdə Binəqədi rayon prokurorunun müavini ədliyyə müşaviri Ramin Nağdəliyev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləvğ edilərək araşdırılmanın davam etdirilməsi məqsədi ilə həmin material 25.12.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X5 icraatına verilmişdir. Araşdırma zamanı "xxxx" MMC-nin hüquqşünası Nümayəndə izahat verərək, şikayət ərizəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Aparılmış araşdırma zamanı X10 izahat verərək bildirmişdir ki, o, 2015-ci ilin əvvəllərində "xxxx" MMC-də əvvəl sürücü, sonra sürücü ekspeditor vəzifəsində işləmişdir. 20 yanvar 2021-ci il tarixdə onu, MMC-də ekspeditor işləyən Sadiq və Gündüzü, "xxxx" MMC-in mühafizə şöbəsinin rəisi Hüseyn müəllim mühafizəçilərə tapşırmışdır ki, Laçını, Sadiqi və Gündüzü işə buraxmasınlar. Onu qapıdan içəri buraxmayan mühafizəçini konkret olaraq tanımır. Mühafizəçi ona demişdir ki, Hüseyn müəllimin tapşırığı var ki, onu içəri buraxılmasın. Təxminən qapıda 2 saat gözlədikdən sonra onu Hüseyn müəllim içəri çağırmışdır. Onlar birlikdə Hüseyn müəllimin yanına getmişlər. Nə məsələ olmasını soruşmuşlar, həmin vaxt onlara bildirilmişdir ki, hər üçü öz ərizələri ilə könüllü olaraq işdən çıxsınlar. Onlar nə üçün işdən çıxarılmalarının səbəbıni soruşduqda, deyilmişdir ki, oğurluq olub və Gündüz etiraf etmişdir. O, da belə bir şeyin olmadığını demiş və bunun şər, böhtan olmasını bildirmişdir. Hüseyn müəllim demişdir ki, «öz ərizənlə yaz, çıx», o da demişdir ki, «Çıxmıram, çıxarırsızsa çıxarın, əmək haqqımı ödəyin», cavabında isə ona deyilmişdir ki, «çıxmırsansa sənlə başqa cür söhbət edəcəyik». Aparılmış araşdırma zamanı Cavabdeh və X12 izahat verərək, X6 izahatında qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasındakı münasibətlər mülki xarakterli olmaqla, "xxxx" MMC-nin direktoru Arzu Yusifovanın tələbi ilə bağlı mübahisələri mülki məhkəmə icraatı qaydasında məhkəmə tərəfindən həll edilə bilər. Beləliklə, "xxxx" MMC-nin direktoru Arzu Yusifovanın şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş 14.04.2022-ci il tarixli 9/1492 nömrəli ekspert rəyindən müəyyən edilir ki, təqdim edilmiş mülki iş materilarında olan ilkin mühasibat sənədləri (o cümlədən əmək müqavilələri, qaimələr, inventarizasiya aktları, əmrlər, izahatlar və s.) eyni zamanda Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən 23.12.2016-cı il tarixli AT/094 nömrəli icazə ilə fəaliyyət göstərən "xxxx" MMC tərəfindən tərtib edilmiş 02 fevral 2021-ci il tarixli audit rəyinin nəticələri nəzərə alınmaqla ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə X11 tərəfindən "xxxx" MMC-yə 2020-ci ilin yanvar ayından 2021-ci ilin yanvar ayınadək olan dövr üzrə vurulmuş ziyanın məbləği 10.589,75 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" MMC iddia tələbinin əsasını sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı "xxxx" MMC Cavabdeh 10.589,75 manat maddı zərərin tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, buna dair mötəbər yazılı sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddia tələbinin əsasını tərəfin mülahizələri deyil, mötəbər yazılı sübutlar təşkil etməlidir. Çünki, "xxxx" MMC anbardar işləyən Cavabdeh ona etibar edilmiş anbarda su ilə dolu olan 20 litrlik balonları "xxxx" MMC-nin mühafizə olunan ərazisindən çıxartmaqla, MMC-yə 10.589,75 manat maddı zərər vurulmasını iddia edir. Məhkəmə qeyd edir ki, 10.589,75 manat dəyərində su bolanları 1 ədədinin qiyməti 3 manat olmaqla (10.589,75:3 =3530) 3530 ədəd su balonu edir. 3530 ədəd 20 litrlik su balonunu müəssisənin ərazisindən heç kimə görünmədən, nəqliyyat vasitəsi olmadan anbardan kənara çıxartmaq qeyri-mümkündür. 01.01.2020-ci ildən 18.01.2021-ci il tarixədək olan müddət ərzində cavabdeh hər gün üçün ən azı 10 ədəd su balonunu (bazar və bayram günləri də daxil olmaqla) müəssisədən kənara çıxatmalı idi. Bu isə mənimsəmə cinayətinin tərkibini yaratmış olardı. "xxxx" MMC-nin müraciəti əsasında istintaq orqanında "xxxx" MMC-nin direktoru Arzu Yusifovanın şikayət ərizəsi əsasında dəfələrlə araşdırma aparılmışdır. Sonuncu dəfə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X5 04.01.2022-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin direktoru Arzu Yusifovanın şikayət ərizəsi əsasında toplanmış material üzrə "xxxx" MMC anbardar işləyən Cavabdeh əməlində hər hansı bir cinayətin tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Belə olan halda Cavabdeh "xxxx" MMC-də işlədiyi dövrdə 01.01.2020-ci ildən 18.01.2021-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-yə maddi ziyat vurması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “Cavabdeh tərəfindən iddiaçı "xxxx" MMC-yə 01.01.2020-ci il tarixdən 18.01.2021-ci il tarixədək olan müddət ərzində su balonunun silinməsi nəticəsində vurulmuş 10.589,75 manat maddi zərərin əvəzinin Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “Cavabdeh tərəfindən iddiaçı "xxxx" MMC-yə 01.01.2020-ci il tarixdən 18.01.2021-ci il tarixədək olan müddət ərzində su balonunun silinməsi nəticəsində vurulmuş 10.589,75 manat maddi zərərin əvəzinin Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 44,05+27,50=71,55 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar