Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-96/2023 17.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimov Günel Rauf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 415 ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun uzun müddət tanıdığı və münasibətdə olduğu Hacıqabul rayon sakini Cavabdeh və onun iş yoldaşı X1 ilə birlikdə 2019-cu ilin noyabr ayının 10-da onun evinə gələrək vacib pul lazım olduğu üçün ondan 750 ABŞ dolları borc pul istəmişlər. O, cavabdehi uzun müddət tanıdığı üçün onlara inanıb 1 ay müddətinə qaytarmaq şərti ilə onlara 750 ABŞ dolları pul vermiş, cavabdeh də, ona pulu 1 ay müddətində qaytaracağını söz vermişdir. Onların öz aralarında olan razılaşmalarına görə həmin pulun 415 ABŞ dollarını X1, 335 ABŞ dollarını isə Cavabdeh ödəməli idi. Bundan sonra X1 aldığı 415 ABŞ dolları pulu ona ödəsə də, Cavabdeh 335 ABŞ dollar borcunu ödəməmişdir. 18 may 2020-ci il tarixdə cavabdeh təkrarən ondan 80 ABŞ dolları borc almış və bu barədə ona yazılı iltizam verərək ona 415 ABŞ dolları borcu olduğunu bildirmiş və borcunu qısa müddət ərzində ödəyəcəyinə söz versə də, ona olan borcunu ödəməmişdir. O, dəfələrlə cavabdehdən pulunu istəsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəmək üçün vaxt istəmiş, lakin həmin vaxt ərzində pulu qaytarmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, o, iddiaçıdan pulu faizlə almışdır. Həmin pulu iddiaçıya ödəmişdir. Lakin, pulu alarkən iddiaçı ona qəbz yazdıraraq imzalatdırsa da, pulu ödədikdən sonra iddiaçıya ona heç bir sənəd verməmişdir. Hazırda iddiaçıya 272 manat borcu var. Lakin, buna baxmayaraq o, 300 manat ödəməyə razıdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, o, İddiaçı 650 ABŞ dolları məbləğində pulu bir ay müddətinə qaytarmaq şərti ilə aldığını təsdiq etmişdir. Daha sonra Cavabdeh İddiaçı əlavə olaraq 100 ABŞ dolları borc almış və borcunun 750 ABŞ dolları olduğunu imzası ilə təsdiq etmişdir. Eyni zamanda X2 tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, o, iş yoldaşı Cavabdeh İddiaçı aldığı 650 ABŞ dolları pula zamin durur, ona görə ki, həmin pulun 415 ABŞ dolları hissəsini bir ay müddətinə qaytarmaq şərti ilə özü götürəcəkdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, o, İddiaçı 80 ABŞ dolları məbləğində pulu 03 iyun tarixində qaytarmaq şərti ilə borc kimi almışdır. İş materiallarında olan İddiaçı tərəfindən imzalanmış qəbzdən görünür ki, X2 borcun 415 ABŞ dolları hissəsini ona qaytarmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında ayrıayrı vaxtlarda şifahi qaydada borc müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən iddiaçı cavabdehə əvvəlcə 650 ABŞ dolları, sonra 100 ABŞ dolları, daha sonra isə 80 ABŞ dolları məbləğində pulu borc kimi vermişdir. Birinci dəfə borc kimi verilmiş 650 ABŞ dollarının 415 ABŞ dolları hissəsi iddiaçıya (borcverənə) geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, ümumilikdə 830 ABŞ dolları məbləğində pulun borc kimi cavabdehə verilməsini təsdiq edən sübutlarını, yəni cavabdehin özü tərəfindən tərtib edilmiş və imzalanmış qəbzləri məhkəməyə təqdim etmişdir. Həmçinin, iddiaçının özü tərəfindən tərtib edilmiş qəbzlə müəyyən olunur ki, həmin pulun 415 ABŞ dolları hissəsi ona geri qaytarılmışdır. Cavabdeh isə məhkəmə iclasında iddiaçıdan aldığı pulu qaytardığını, iddiaçıya sadəcə 272 manat borcunun qaldığını bildirsə də, iddiaçıya borc kimi aldığı pul vəsaitini geri qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında şifahi qaydada bağlanmış borc müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı müqavilədən irəli gələn öhdəliyini yerinə yetirərək müqavilə predmeti olan pul məbləğlərini cavabdehə versə də, cavabdeh borc kimi aldığı pul vəsaitini iddiaçıya qaytarmalı olmasına dair müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini lazımınca yerinə yetirməmişdir. Onun iddiaçı qarşısında icra edilməmiş 415 ABŞ dolları məbləğində pul öhdəliyi vardır. Odur ki, iddiaçı həmin məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 415 (dörd yüz on beş) ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(071)-96/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-96/2023
17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver