Məhkəmə qərarları › İş №2(072)-115/2024

Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №2(072)-115/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(072)-115/2024 10.01.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDMİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı "xxxx" MMC Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən iddianın verilməsi qaydalarına düzgün əməl etmədən yenidən “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində mövcud olan məlumata əsasən cavabdeh X2 24 sentyabr 2023-cü ildə ölmüşdür. Lakin iddiaçı "xxxx" MMC eyni zamanda “cavabdeh X2 ilə bağlı bağlanmış kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə X2 öldükdən sonra Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan başqa, ilk əvvəl ölmüş “borclu”-X1 hüquq varisi müəyyən edilməli, vərəsələri müəyyən edildiyi təqdirdə onların kredit öhdəliyini icra edib-etməməsi, eləcə də miras əmlakın həcmi daha sonra “zamin”-Cavabdeh məsuliyyətinin həddi (tam və ya müştərək qaydada məsuliyyət daşıması...) müəyyən edilməlidir. Halbuki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu səbəbdən də, hesab edirəm ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 24.1-ci mаddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.1-ci mаddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci mаddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 46-cı mаddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Həmin Qərarda qeyd edilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, iddiaçı "xxxx" MMC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə “borclu” X2 öldükdən sonra Cəbrayıl Rayon Məhkəməsinə müraciət etdiyi üçün iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, o cümlədən iddiaçı tərəfə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələblərinə riayət etməklə, mübahisə edilən hüquq münasibətində “borclu” X1 hüquq varisinin müəyyən edilməsi üçün mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3-153.6, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə məhkəmə icraatına qəbulundan imtina edilsin və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfə qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələblərinə riayət etməklə, mübahisə edilən hüquq münasibətində “borclu” X1 hüquqi varisinin müəyyən edilməsi üçün mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Cəbrayıl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar