Məhkəmə qərarları › İş №2(072)-14/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-14/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-14/2024 15.03.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır və kənd təsərrüfatı, yəni xırda buynuzlu heyvandarlıqla məşğul olur. Onun ferması vardır. Cavabdeh onun həmkəndlisidir və aralarında yaxın münasibət olmuşdur. Aralarında olan qarşılıqlı şifahi razılığa əsasən 2021-ci ilin may ayından etibarən 2022-ci ilin aprel ayınadək Elnur ayrı-ayrı vaxtlarda 27 (iyirmi yeddi) baş xırdabuynuzlu heyvanı saxlaması üçün onun sürüsünə qoşmuş, o da yaylağa aparmaq istəmədiyi 12 (on iki) baş dişi və qoca qoyunu kökəltmək məqsədilə saxlaması üçün Elnura vermişdir. Həmin heyvanlardan biri xəstə olduğu üçün ölmüşdür. Bundan başqa, o, Biləsuvar rayonu, 6-cı və 7-ci qəsəbələr arasındakı ərazidə yerləşən ona məxsus 3.5 ha yonca sahəsinə baxmağı və vaxtı-vaxtında yoncanı biçib bağlamaları (kip) həyətinə yığmağı Elnura tapşırmışdır. Lakin o, Elnurun saxlamaq üçün ona verdiyi 27 (iyirmi yeddi) baş xırdabuynuzlu heyvanı (qoyun, keçi və quzu) ona geri qaytarsa da, lakin kökəltmək üçün Elnura verdiyi 11 (on bir) baş dişi və qoca qoyunu və ya onların dəyərini ona geri qaytarmamışdır. Bundan başqa, 3.5 ha yonca sahəsindən biçilmiş 600 (altı yüz) ədəd yonca bağlamasını və ya onların bazar dəyərini də ona geri qaytarmamışdır. Hətta, 3.5 ha yonca sahəsində Elnur 3 (üç) dəfə biçim etmiş və qəsdən 4-cü biçimi etməyərək heyvanlarını otarmışdır. Eyni zamanda bildirir ki, Elnur ona zəng vuraraq, 5 (beş) baş qoyunu satdığını və əldə etdiyi gəliri isə xərclərinin əvəzinə çıxdığını demiş, o da Elnura bu barədə sonra razılaşarıq demişdir. Lakin sonradan aralarında mövcud mübahisə yarandığı üçün bu barədə razılıq əldə edilməmişdir. Halbuki, o, Elnura həmin qoyunların satması barədə heç bir göstəriş verməmişdir, sadəcə olaraq heyvana baxmağı tapşırmışdır. Bundan başqa, bildirir ki, o, 90 (doxsan) ədəd yonca bağlamasını “Elsevər” adlı şəxsə pul borcunun əvəzinə vermiş, 123 (yüz iyirmi üç) ədəd yonca bağlamasını özünün xəbəri və razılığı ilə qohumu aparmış, 286 (iki yüz səksən altı) ədəd yonca bağlamasını isə qohumu “Aytəkin” adlı xanıma satmış və pulunu da özü almışdır. Elnur ona zəng vuraraq, 140 (yüz qırx) ədəd yonca bağlamasını hər birinin qiyməti 3 (üç) AZN məbləği olmaqla, 420 (dörd yüz iyirmi) AZN məbləğinə satdığını və əldə etdiyi gəliri isə xərclərinin əvəzinə çıxdığını demiş, o da Elnura bu barədə sonra razılaşarıq demişdir. Lakin sonradan aralarında mövcud mübahisə yarandığı üçün bu barədə razılıq əldə edilməmişdir. Halbuki, o, Elnura həmin yonca bağlamalarının satması barədə heç bir göstəriş verməmişdir, sadəcə olaraq yonca sahəsini əkib-biçməyi və yonca bağlamalarını yığmağı tapşırmışdır. Onu da qeyd edir ki, aralarındakı qarşılıqlı şifahi razılaşma zamanı 11 (on bir) baş dişi qoyuna baxmaq və 3.5 ha yonca sahəsinin əkilib-biçilməsi üçün görüləcək işlərin qarşılığında haqqın hansı formada ödənilməsi və (və ya) xərclərin hansı formada və kimin tərəfindən qarşılanması, ümumiyyətlə xərclərin bölgüsü barədə konkret razılıq olmamışdır. O, həmin xırdabuynuzlu heyvanların və ya onların bazar dəyərinin, eləcə də yonca bağlamalarının və ya onların bazar dəyərinin geri qaytarılması barədə dəfələrlə Cavabdeh müraciət etmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə onu aldatmış və ümumiyyətlə, müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Hətta o, bu barədə Cəbrayıl Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cəbrayıl Rayon Polis X2 təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən mübahisə mülki hüquqi xarakterli olduğu üçün “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 04 mart 2023-cü il tarixli qərar qəbul edilmişdir. Bu səbəbdən də, o, Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəməəmtəəşünaslıq ekspertizası”nın keçirilməsinə dair 9/4346 №-li, 07 avqust 2023-cü il tarixli ekspert rəyində qeyd edilmiş dəymiş maddi zərərin məbləği ilə razıdır. Bütün bunları nəzərə alaraq, Cavabdeh 11 (on bir) baş dişi qoyunun bazar dəyəri olan 2750 (iki min yeddi yüz əlli) AZN məbləğində, 600 (altı yüz) ədəd yonca bağlamasının bazar dəyəri olan 2400 (iki min dörd yüz) AZN məbləğində, ümumilikdə 5150 (beş min yüz əlli) AZN məbləğində pulun tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşayır. İddiaçı onun həmkəndlisidir və aralarında yaxın münasibət olmuşdur. Aralarında olan qarşılıqlı şifahi razılığa əsasən o, Raufa məxsus 12 (on iki) baş dişi və qoca qoyunu kökəltmək məqsədilə saxlamalı, eləcə də ona məxsus 3.5 ha yonca sahəsinə qulluq edərək, vaxtı-vaxtında yoncanı biçib bağlamaların (kip) yığılmasını təşkil etməli, İddiaçı isə ona məxsus 27 (iyirmi yeddi) baş xırdabuynuzlu heyvanı (qoyun, keçi və quzu) sonradan özünə qaytarmaq şərtilə öz fermasına aparıb saxlamalı idi. Belə ki, Raufun ona baxması üçün verdiyi 12 (on iki) baş qoyun qoca və xəstə olduğu üçün Rauf onları yaylağa aparmamış, kökəltmək məqsədilə baxması üçün ona tapşırmışdır. Lakin Raufun ona verdiyi həmin heyvanlardan biri xəstə olduğu üçün ölmüşdür. Eyni zamanda bildirir ki, o, da bir müddət 11 (on bir) baş dişi qoyuna baxdıqdan sonra onları 1650 (min altı yüz əlli) AZN məbləğinə satmış və Raufa zəng vuraraq, əldə etdiyi gəliri xərclərinin əvəzinə çıxdığını demişdir. Halbuki, Rauf ona həmin qoyunların satması barədə heç bir göstəriş verməmişdir, sadəcə olaraq heyvana baxmağı tapşırmışdır. Bundan başqa, bildirir ki, o, Biləsuvar rayonu, 6-cı və 7-ci qəsəbələr arasındakı ərazidə yerləşən Raufa məxsus 3.5 ha yonca sahəsinin suvarılmasına və vaxtıvaxtında yoncanı biçib, həyətinə yığmağa nəzarət etmişdir. O, həmin yonca sahəsindən 1ci biçim dövr üzrə 293 (iki yüz doxsan üç) ədəd yonca bağlaması, 2-ci və 3-cü biçim dövr üzrə 346 (üç yüz qırx altı) ədəd yonca bağlaması və ümumilikdə 3 (üç) biçim dövr üzrə 639 (altı yüz otuz doqquz) ədəd yonca bağlaması əldə etmişdir. Onun özündən asılı olmayan səbəblərə görə suvarılmada müəyyən problemlər olduğu üçün 4-cü biçim baş tutmamışdır. Rauf 90 (doxsan) ədəd yonca bağlamasını “Elsevər” adlı şəxsə pul borcunun əvəzinə vermiş, 123 (yüz iyirmi üç) yonca bağlamasını Raufun xəbəri və razılığı ilə qohumu aparmış, 286 (iki yüz səksən altı) ədəd yonca bağlamasını Rauf “Aytəkin” adlı qohumuna satmış və pulunu da özü almışdır. Lakin o, 140 (yüz qırx) ədəd yonca bağlamasını hər birinin qiyməti 3 (üç) AZN məbləği olmaqla, 420 (dörd yüz iyirmi) AZN məbləğinə satmış və Raufa zəng vuraraq, əldə etdiyi gəliri xərclərinin əvəzinə çıxdığını demişdir. Halbuki, Rauf ona həmin yonca bağlamalarının satması barədə heç bir göstəriş verməmişdir, sadəcə olaraq yonca sahəsini əkib-biçməyi və yonca bağlamalarını yığmağı tapşırmışdır. Az miqdarda yonca bağı isə yerdə qalaraq istifadəyə yararsız vəziyyətə düşmüşdür. Onu da qeyd edir ki, aralarındakı qarşılıqlı şifahi razılaşma zamanı 11 (on bir) baş dişi qoyuna baxmaq və 3.5 ha yonca sahəsinin əkilib-biçilməsi üçün görüləcək işlərin qarşılığında haqqın hansı formada ödənilməsi və (və ya) xərclərin hansı formada və kimin tərəfindən qarşılanması, ümumiyyətlə xərclərin bölgüsü barədə konkret razılıq olmamışdır. Bununla yanaşı, hesab edir ki, o, xırdabuynuzlu heyvanların saxlanmasına və yonca sahəsinin əkilib-biçilməsinə müəyyən xərclər çəkdiyi üçün xırdabuynuzlu heyvanların və yonca bağlamalarının satışından əldə edilmiş gəlir həmin xərclərin əvəzinə qarşılanmalıdır. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 04 mart 2023-cü il tarixli qərardan görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığı üçün Cəbrayıl Rayon Polis X2 təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsinə dair 9/4346 №-li, 07 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, 1 (bir) baş (təxminən diri çəkisi 36 kq olan) erkək qoyunun orta bazar qiyməti-300 (üç yüz) AZN məbləği, 1 (bir) baş (təxminən diri çəkisi 36 kq olan) dişi qoyunun orta bazar qiyməti- 250 (iki yüz əlli) AZN məbləği və 1 (bir) bağlama (hər dövr üzrə) yoncanın orta bazar qiyməti-4 (dörd) AZN məbləği təşkil edir. Aparılmış tədqiqatın dəyəri (xərc): 50 (əlli) AZN məbləği təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, İddiaçı və Cavabdeh işlə bağlı tanıyır və onların heç biri ilə qohumluq əlaqəsi yoxdur. Özü traktorçudur. 2022-ci ilin noyabr ayında Elnurun fermasından 286 (iki yüz səksən altı) ədəd yonca bağlamasını yığıb, “Nofəl” adlı şəxsin evinə aparmışdır. Yonca bağlamasının sifarişini və onun pulunu da “Aytəkin” adlı xanım vermişdir. Belə ki, Aytəkin xanım ona 15 (on beş) AZN məbləğində yol xərci pulu vermişdir. Digər məsələlərdən onun xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, İddiaçı və Cavabdeh işlə bağlı tanıyır və onların heç biri ilə qohumluq əlaqəsi yoxdur. Özü traktorçudur. 2023-cü ilin yay aylarında Elnur ona mobil telefon vasitəsilə zəng vurub, Raufun yonca sahəsindən yonca bağlamalarını yığıb, Raufun evinə aparmasını demişdir. O da 3 (üç) dəfə yonca bağlamasını yığıb, Raufun evinə aparmışdır. Digər məsələlərdən onun xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, İddiaçı və Cavabdeh işlə bağlı tanıyır və onların heç biri ilə qohumluq əlaqəsi yoxdur. Özü fəhlə işləyir. 2022-ci ilin yay aylarında Elnurdan hər bir yonca bağlamasının qiyməti 3 (üç) AZN məbləği olmaqla, ümumilikdə 420 (dörd yüz iyirmi) AZN məbləğinə 140 (yüz qırx) ədəd yonca bağlaması almışdır. Digər məsələlərdən onun xəbəri yoxdur. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmiş.. 1. Tərəflər arasında şifahi qaydada “tapşırıq” müqaviləsinin bağlanması; 2. “Tapşırıq” müqaviləsinə əsasən İddiaçı tərəfindən 12 (on iki) baş xırdabuynuzlu heyvanın (dişi və qoca qoyun) kökəltmək məqsədilə saxlamasının və 3.5 ha yonca sahəsinin vaxtı-vaxtında əkilib-biçilməsinin, yonca bağlamasının yığılmasının Cavabdeh tapşırılması, Cavabdeh İddiaçı məxsus 12 (on iki) baş xırdabuynuzlu heyvanı (dişi və qoca qoyun) saxlamasını, 3.5 ha yonca sahəsinin vaxtı-vaxtında əkib-biçməsini, yonca bağlamasının yığmasını və İddiaçı bu tapşırığın icrasına görə Cavabdeh məxsus 27 (iyirmi yeddi) baş xırdabuynuzlu heyvanı (qoyun, keçi və quzu) saxlamağı öz üzərinə öhdəlik götürməsi; 3. Tərəflərin qarşılıqlı şifahi razılaşması zamanı 11 (on bir) baş dişi qoyuna baxmaq və 3.5 ha yonca sahəsinin əkilib-biçilməsi üçün görüləcək işlərin qarşılığında muzdun ödənilib-ödənilməməsi və (və ya) hansı formada ödənilməsi, eləcə də çəkilmiş xərclərin hansı formada və kimin tərəfindən ödənilməsi, ümumiyyətlə çəkilmiş xərclərin ödənilmə forması və qaydası (bölgü) barədə konkret razılığın olmaması; 4. 12 (on iki) baş dişi qoyundan birinin ölməsi və 11 (on bir) baş dişi və qoca qoyunun qalması; 5. Cavabdeh tərəfindən 11 (on bir) baş dişi qoyunun satılması və heyvanın satışından gəlirin əldə etməsi; 6. Cavabdeh tərəfindən 3.5 ha yonca sahəsindən 1-ci biçim dövr üzrə 293 (iki yüz doxsan üç) ədəd yonca bağlamasının, 2-ci və 3-cü biçim dövr üzrə 346 (üç yüz qırx altı) ədəd yonca bağlamasının və ümumilikdə 3 (üç) biçim dövr üzrə 639 (altı yüz otuz doqquz) ədəd yonca bağlamasının yığılması (əldə edilməsi); 7. İddiaçı 90 (doxsan) ədəd yonca bağlamasını “Elsevər” adlı şəxsə pul borcunun əvəzinə verməsi, 123 (yüz iyirmi üç) yonca bağlamasını onun xəbəri və razılığı ilə qohumunun aparması, 286 (iki yüz səksən altı) ədəd yonca bağlamasını “Aytəkin” adlı qohumuna satması və yoncanın satışından gəlir əldə etməsi; 8. Cavabdeh tərəfindən 140 (yüz qırx) ədəd yonca bağlamasını 420 (dörd yüz iyirmi) AZN məbləğinə satılması və yoncanın satışından gəlirin əldə etməsi mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Bu hallar məhkəmə iclasında tərəflərin izahatı və şahidlərin ifadəsi ilə də öz təsdiqini tapmışdır. Bundan başqa, məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. Cavabdeh tərəfindən 11 (on bir) baş dişi qoyunun satışından əldə edilmiş 1650 (min altı yüz əlli) AZN məbləğində pulun müəyyən xərclərin əvəzinə ödənilibödənilməməsi; 2. Cavabdeh tərəfindən 140 (yüz qırx) ədəd yonca bağlamasının satışından əldə edilmiş 420 (dörd yüz iyirmi) AZN məbləğində pulun müəyyən xərclərin əvəzinə ödənilib-ödənilməməsi kimi hallar mülki işin “mübahisəli faktiki halı” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “bağlanmış müqavilədən irəli gələn tələblər”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələrdən və başqa əqdlərdən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “tapşırıq” müqaviləsi təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər...mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 778.3-cü maddəsinə əsasən əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.https://e-qanun.az/framework/46944 Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 779.2-ci maddəsinə əsasən vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmə “ekspert rəyi”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi “əşyanın (əmlak) orta bazar qiyməti” məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hallar digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız ekspert tərəfindən tədqiqat aparılmaqla, təsdiq olunması mümkündür. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Eyni zamanda, iddiaçı “tapşırıq müqaviləsinə əsasən vəkalət alanın tapşırığı qəsdən vicdanla icra etməməsi nəticəsində vəkalət verənə maddi zərərin dəyməsi” faktına istinad etdiyi məhz həmin halları əsaslandıra bilmiş, bununla bağlı mötəbər sübutlar əldə edilmiş və həmin hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı qismən öz təsdiqini tapdığı üçün iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, xüsusilə Cavabdeh tərəfindən “tapşırıq” müqaviləsindən irəli gələn öhdəliyini icra etməməsi və bunun nəticəsində İddiaçı 600 (altı yüz) ədəd yonca bağlamasının satışından əldə edilmiş gəlir həcmində-(600 ədəd yonca bağlaması x 4 manat = 2400 manat) 2400 (iki min dörd yüz) AZN məbləğində maddi zərərin dəyməsini” tam əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Buna baxmayaraq, İddiaçı Cavabdeh tərəfindən “tapşırıq” müqaviləsindən irəli gələn öhdəliyini icra etməməsi və bunun nəticəsində İddiaçı 11 (on bir) baş dişi qoyunun satışından əldə edilmiş gəlir həcmində-(11 baş qoyun x 250 manat = 2750 manat) 2750 (iki min yeddi yüz əlli) AZN məbləğində və 101 (yüz bir) ədəd yonca bağlamasının satışından əldə edilmiş gəlir həcmində-(101 ədəd yonca bağlaması x 4 manat = 404 manat) 404 (dörd yüz dörd) AZN məbləğində maddi zərərin dəyməsini” tam əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilmişdir. Eyni zamanda, iddia tələbinin əsası kimi istinad edilən və işin bəzi mübahisəsiz faktiki halları 04 mart 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə də öz təsdiqini tapmışdır. Ümumiyyətlə, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır, gətirdiyi dəlillər əsaslı hesab edilir. Qeyd: iddia edilən yonca bağlamasının sayı: 600 ədəd; İddiaçı özünün xəbəri və razılığı əsasından borc əvəzinə verilmiş, qohumu tərəfindən aparılmış və başqa şəxs satdığı yonca bağlamasının sayı: 499 ədəd (90+123+286=499) ; Cavabdeh tərəfindən satılmış yonca bağlamasının sayı: 101 ədəd. (600 ədəd yonca bağlaması – 499 ədəd yonca bağlaması = 101 ədəd yonca bağlaması) Məhkəmə hesab edir ki, 04 mart 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd haqqında” qərarı işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul edilməli və mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi xarakter daşıyır. Bununla yanaşı, məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbinə qarşı etirazının (iddiaçı tərəfindən mübahisələndirilməyən və qəbul edilmiş hallar istisna olmaqla...) əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, xüsusilə Cavabdeh 11 (on bir) baş dişi qoyunun satışından əldə edilmiş 1650 (min altı yüz əlli) AZN məbləğində pulun və 140 (yüz qırx) ədəd yonca bağlamasının satışından əldə edilmiş 420 (dörd yüz iyirmi) AZN məbləğində pulun müəyyən xərclərin əvəzinə ödəməsini əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, Cavabdeh izahatında istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Bundan başqa, etirazın iddiaçı tərəfindən mübahisələndirilməyən və qəbul edilmiş halları məhkəmə iclasında məhz cavabdeh tərəfindən dəvət edilmiş şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadəsi də işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul edilməli və mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 1. İddiaçı ilə Cavabdeh arasında şifahi formada bağlanmış “tapşırıq” müqaviləsinin şərtləri pozulduğu, yəni “vəkalət alan” Cavabdeh tərəfindən müqavilə öhdəlikləri vicdanla icra edilmədiyi və bunun nəticəsində “vəkalət verən” İddiaçı maddi zərər dəydiyi; 2. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını tam əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə tam mötəbər sübut təqdim etmədiyi, eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla qismən öz təsdiqini tapdığı, bununla yanaşı, cavabdeh tərəf etirazının (iddiaçı tərəfindən mübahisələndirilməyən və qəbul edilmiş hallar istisna olmaqla...) əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 3154 (üç min yüz əlli dörd) AZN məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa, Cavabdeh mülki iş üzrə ilkin “məhkəməəmtəəşünaslıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3154 (üç min yüz əlli dörd) AZN məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilsin. Cavabdeh mülki iş üzrə ilkin “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsiin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar