Məhkəmə qərarları › İş №2(072)-22/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-22/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-22/2024 11.06.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış FN-00608-05/21A saylı, 25 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 30 (otuz) ay müddətinə 4000 (dörd min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 30 may 2023-cü il tarixə banka 3384.80 (üç min üç yüz səksən dörd, səksən) AZN məbləğində əsas kredit borcu, 912.61 (doqquz yüz on iki, altmış bir) AZN məbləğində faiz borcu, 1406.83 (min dörd yüz altı, səksən üç) AZN məbləğində dəbbə borcu və ümumilikdə 5704.24 (beş min yeddi yüz dörd, iyirmi dörd) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış FN-00608-05/21A saylı, 25 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 3384.80 (üç min üç yüz səksən dörd, səksən) AZN məbləğində əsas kredit borcunun, 912.61 (doqquz yüz on iki, altmış bir) AZN məbləğində faiz borcunun, 1406.83 (min dörd yüz altı, səksən üç) AZN məbləğində dəbbə borcunun ümumilikdə 5704.24 (beş min yeddi yüz dörd, iyirmi dörd) AZN məbləğində kredit borcunun, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 77.04 (yetmiş yeddi, sıfır dörd) AZN məbləğində dövlət rüsumunun və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqının tutularaq, iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı Bank "xxxx" ASC qabaqcadan lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Cavabdeh iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış FN-00608-05/21A saylı, 25 oktyabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 30 (otuz) ay müddətinə 4000 (dörd min) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan FN-00608-05/21A saylı, 25 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh 4000 (dörd min) AZN məbləğində kredit borcunu illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 30 (otuz) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan RİED-2023/2079 saylı 30 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 30 may 2023-cü il tarixə banka 3384.80 (üç min üç yüz səksən dörd, səksən) AZN məbləğində əsas kredit borcu, 912.61 (doqquz yüz on iki, altmış bir) AZN məbləğində faiz borcu, 1406.83 (min dörd yüz altı, səksən üç) AZN məbləğində dəbbə borcu və ümumilikdə 5704.24 (beş min yeddi yüz dörd, iyirmi dörd) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan HASF-2023/00738 saylı 29 mart 2023-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinin ləğv edilməsi və 29 mart 2023-cü il tarixə iddiaçı Bank "xxxx" ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 05 iyun 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı Bank "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün 77.04 (yetmiş yeddi, sıfır dörd) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/1500 №-li, 14 mart 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh 29 mart 2023-cü il tarixə (xəbərdarlıq edildiyi tarix) iddiaçı Bank "xxxx" ASC-yə əsas kredit borcu üzrə-3364.83 (üç min üç yüz altmış dörd, səksən üç) AZN məbləğində və faiz borcu üzrə-759.42 (yeddi yüz əlli doqquz, qırx iki) AZN məbləği təşkil edir. Aparılmış tədqiqatın dəyəri (xərc): 100 (yüz) AZN məbləği təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə “ekspert rəyi”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi “kredit ödənişlərinin məbləği” məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hal digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız eskpert tərəfindən tədqiqat aparılmaqla, təsdiq olunması mümkündür. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə irəli sürülmüş iddia tələbinin “kredit müqaviləsinin ləğv edilməsi” hissəsində hesab edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir, eləcə də iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir. Məhkəmə onu da qeyd edir ki, mülki işin məhkəmə icraatı zamanı kredit müqaviləsinin müddəti 25 aprel 2024-cü il tarixdə bitmişdir. Buna baxmayaraq, Cavabdeh kredit müqaviləsinin ləğv edilməsi və iddiaçı Bank "xxxx" ASC-yə olan kredit borcu barədə bank tərəfindən 29 mart 2023-cü il tarixdə rəsmi xəbərdarlıq edildiyi üçün iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış FN- 00608-05/21A saylı, 25 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi kreditorun borcalana iradə ifadəsini bildirdiyi tarixdən, yəni 29 mart 2023-cü il tarixdən etibarən ləğv edilmiş hesab edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki,...hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir... Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Mülki Məcəllənin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Məhkəmə irəli sürülmüş iddia tələbinin “1406.83 (min dörd yüz altı, səksən üç) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən kredit müqaviləsinə əsasən iddiaçı Bank "xxxx" ASC-yə olan kredit borcunun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı Bank "xxxx" ASC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “1406.83 (min dörd yüz altı, səksən üç) AZN məbləğində cərimə borcu 100 (yüz) AZN məbləğinə” qədər azaldılmalı və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış FN-00608-05/21A saylı, 25 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi 29 mart 2023-cü il tarixdən etibarən ləğv edilmiş hesab edilməli, Cavabdeh 3364.83 (üç min üç yüz altmış dörd, səksən üç) AZN məbləğində əsas kredit borcu, 759.42 (yeddi yüz əlli doqquz, qırx iki) AZN məbləğində faiz borcu, 100 (yüz) AZN məbləğində dəbbə borcu, ümumilikdə 4224.25 (dörd min iki yüz iyirmi dörd, iyirmi beş) AZN məbləğində kredit borcu, 57.04 (əlli yeddi, sıfır dörd) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqı tutularaq, iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bundan başqa, Cavabdeh mülki iş üzrə ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış FN-00608-05/21A saylı, 25 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi 29 mart 2023-cü il tarixdən etibarən ləğv edilmiş hesab edilsin. Cavabdeh 3364.83 (üç min üç yüz altmış dörd, səksən üç) AZN məbləğində əsas kredit borcu, 759.42 (yeddi yüz əlli doqquz, qırx iki) AZN məbləğində faiz borcu, 100 (yüz) AZN məbləğində dəbbə borcu, ümumilikdə 4224.25 (dörd min iki yüz iyirmi dörd, iyirmi beş) AZN məbləğində kredit borcu, 57.04 (əlli yeddi, sıfır dörd) AZN məbləğində dövlət rüsumu və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqı tutularaq, iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdeh mülki iş üzrə ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar