Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-293/2023 29.11.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********21 saylı, 31 may 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən şəxsi istehlak məqsədilə Cavabdeh illik 19 (on doqquz) % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 5600 (beş min altı yüz) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 14 sentyabr 2023-cü il tarixə banka 4753.63 (dörd min yeddi yüz əlli üç, altmış üç) AZN məbləğində əsas kredit borcu, 2200.87 (iki min iki yüz, səksən yeddi) AZN məbləğində faiz borcu və ümumilikdə 6954.50 (altı min doqquz yüz əlli dörd əlli) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 4753.63 (dörd min yeddi yüz əlli üç, altmış üç) AZN məbləğində əsas kredit borcunun, 2200.87 (iki min iki yüz, səksən yeddi) AZN məbləğində faiz borcunun, ümumilikdə 6954.50 (altı min doqquz yüz əlli dörd, əlli) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 89.95 (səksən doqquz, doxsan beş) AZN məbləğində dövlət rüsumunun və 0.80 (sıfır, səksən) AZN məbləğində bank xidmət haqqının tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı "xxxx" ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermişdir. Belə ki, o, iddiaçı "xxxx" ASC-yə olan kredit borcunu ödəmək üçün dəfələrlə banka getmiş, lakin ödənişi qəpiklə etmək istədiyi üçün bank tərəfindən ondan əlavə 15 (on beş) AZN məbləğində pul tələb edilmişdir. O da bank əməkdaşlarına başqa valyuta almadığını və ya dəyişmədiyini, sadəcə özünə məxsus olan krediti ödəmək istədiyini bildirmiş, lakin heç bir nəticəsi olmamışdır. Bütün bunları nəzərə alaraq, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və ona hesablanmış artıq faiz məbləğinin silinməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında iddiaçı "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********21 saylı, 31 may 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh şəxsi istehlak məqsədilə illik 19 (on doqquz) % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 5600 (beş min altı yüz) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan BPM**********21 saylı, 31 may 2020-ci il tarixli və FJB**********461 saylı, 31 may 2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, iddiaçı "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********21 saylı, 31 may 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh nağd pul şəklində 5600 (beş min altı yüz) AZN məbləğində kredit verilmişdir. İş materillarında BPM**********21 saylı, 31 may 2020-ci il tarixli kredit müqaviləsinə əlavənin, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh 5600 (beş min altı yüz) AZN məbləğində kredit borcunu illik 19 (on doqquz) % dərəcəsi tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan 23/987 saylı, 14 sentyabr 2023-cü il tarixli maliyyə arayışının surətindan görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 14 sentyabr 2023-cü il tarixə banka 4753.63 (dörd min yeddi yüz əlli üç, altmış üç) AZN məbləğində əsas kredit borcu, 2200.87 (iki min iki yüz, səksən yeddi) AZN məbləğində faiz borcu və ümumilikdə 6954.50 (altı min doqquz yüz əlli dörd, əlli) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 6-2-22/2-4214/2023 saylı, 13 fevral 2023-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı 09 mart 2023-cü il tarixli və ********** saylı 18 sentyabr 2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün ümumilikdə 89.55 (səksən doqquz, əlli beş) AZN məbləğində dövlət rüsumu və 0.80 (sıfır, səksən) AZN məbləğində bank xidmət haqqı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/4348 №-li, 11 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh 09 mart 2023-cü il tarixə iddiaçı "xxxx" ASC-yə əsas kredit borcu üzrə-4755.32 (dörd min yeddi yüz əlli beş, otuz iki) AZN məbləğində və faiz borcu üzrə-1736.75 (min yeddi yüz otuz altı, yetmiş beş) AZN məbləği təşkil edir. Aparılmış tədqiqatın dəyəri (xərc): 100 (yüz) AZN məbləği təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə “ekspert rəyi”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi “kredit ödənişlərinin məbləği” məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hal digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız eskpert tərəfindən tədqiqat aparılmaqla, təsdiq olunması mümkündür. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Bundan başqa, məhkəmə iddiaçı "xxxx" ASC-nin 23/987 saylı, 14 sentyabr 2023-cü il tarixli maliyyə arayışı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışlarında (23/342 saylı, 09 mart 2023-cü il tarixli maliyyə arayışı) qeyd edilmiş “əsas kredit borcu” və “faiz borcu” məbləğləri ilə ekspert rəyində (ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/4348 №-li, 11 avqust 2023-cü il tarixli ekspert rəyi) qeyd edilmiş “əsas kredit borcu” və “faiz borcu” məbləğləri üst-üstə düşür. Bu səbəbdən də, eləcə də “prosessual qənaət” prinsipinə əsasən kredit müqaviləsi üzrə Cavabdeh 14 sentyabr 2023-cü il tarixə kredit borcu öhdəliyinin həcminə dair əlavə və (və ya) təkrar “məhkəmə-mühasibatlıq ekspertizası”nın təyin edilməsinə real əsaslar yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin 23/987 saylı, 14 sentyabr 2023-cü il tarixli maliyyə arayışında əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, iddiaçı "xxxx" ASC-nin 23/987 saylı, 14 sentyabr 2023-cü il tarixli maliyyə arayışı iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı təəf iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilmişdir. Ümumiyyətlə, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar kifayət qədər güclü, aydın, birbirinə uyğun və təkzib olunmaz faktlara əsaslanır, gətirdiyi dəlillər əsaslı hesab edilir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, Cavabdeh izahatında istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Məhkəmə irəli sürülmüş iddia tələbinin “dövlət rüsumun ödənilməsi” hissəsində hesab edir ki, ilk olaraq iddiaçı "xxxx" ASC 6490.36 (altı min dörd yüz doxsan, otuz altı) AZN məbləğində kredit borcunun ödənilməsi tələbini irəli sürdüyü üçün dövlət rüsumu alınan məbləğə uyğun olaraq, 85.30 (səksən beş, otuz) AZN məbləği miqdarında ödənilmişdir. Daha sonra iddiaçı "xxxx" ASC iddia tələbinin həscmini artırmaqla, 6954.50 (altı min doqquz yüz əlli dörd, əlli) AZN məbləğində kredit borcunun ödənilməsi tələbini irəli sürdüyü üçün dövlət rüsumu alınan məbləğə uyğun olaraq, əlavə 4.25 (dörd, iyirmi beş) AZN məbləği miqdarında dövlət rüsumu ödənilməklə ümumilikdə 89.55 (səksən doqquz, əlli beş) AZN məbləği miqdarında ödənilmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ödənilmiş tələblərin məbləğinə, yəni tutulacaq 6954.50 manat pul vəsaitinə mütənasib olaraq, 89.55 manat dövlət rüsumu və 0.80 manat məbləğində bank xidmət haqqı cavabdeh X1 tutularaq, iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 4753.63 (dörd min yeddi yüz əlli üç, altmış üç) AZN məbləğində əsas kredit borcu, 2200.87 (iki min iki yüz, səksən yeddi) AZN məbləğində faiz borcu, ümumilikdə 6954.50 (altı min doqquz yüz əlli dörd əlli) AZN məbləğində kredit borcu, iddia qaldırılması üçün ödənilmiş 89.55 (səksən doqquz, əlli beş) AZN məbləğində dövlət rüsumu və 0.80 (sıfır, səksən) AZN məbləğində bank xidmət haqqı tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bundan başqa, Cavabdeh mülki iş üzrə ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4753.63 (dörd min yeddi yüz əlli üç, altmış üç) AZN məbləğində əsas kredit borcu, 2200.87 (iki min iki yüz, səksən yeddi) AZN məbləğində faiz borcu, ümumilikdə 6954.50 (altı min doqquz yüz əlli dörd əlli) AZN məbləğində kredit borcu, iddia qaldırılması üçün ödənilmiş 89.55 (səksən doqquz, əlli beş) AZN məbləğində dövlət rüsumu və 0.80 (sıfır, səksən) AZN məbləğində bank xidmət haqqı tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdeh mülki iş üzrə ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(072)-293/2023
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-293/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver